Bizi sosial şəbəkələrdən izləyin:
Dekabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 25 illiyinə həsr olunmuş Tələbələrin 65-ci Elmi-Texniki Konfransının yekun iclası keçirilib.
Konfransın keçirilməsində məqsəd tələbələrin elmə marağının artırılması olduğunu deyən ADNSU-nun rektoru, professor Mustafa Babanlı bu kimi tədbirlərlə tələbələrdə konfrans vərdişinin formalaşdığını qeyd edib. Tələbələrin konfransa maksimum məsuliyyətlə yanaşdığını bildirən rektor M.Babanlı qalibləri seçərkən kəmiyyət yox keyfiyyətə üstünlük verildiyini vurğulayıb.
Tələbələrin 65-ci Elmi-Texniki Konfransının uğurla keçdiyini söyləyən Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri, dosent Yunis Qəhrəmanlı konfransın yekunları haqqında hesabat verib. Ümumilikdə nəzərdə tutulmuş 240 mövzudan 195-nin dinləndiyini qeyd edən Y.Qəhrəmanlı onlardan 8 nəfərin 1-ci, 16 nəfərin 2-ci, 22 nəfərin 3-cü və 7 nəfərin həvəsləndirici mükafat qazandığını konfrans iştirakçılarının nəzərinə çatdırıb.
Son bir ildə ADNSU-da bir çox layihələrin həyata keçirildiyini deyən "Xəzər Mühəndisləri İctimai Birliyi "nin icraçı direktoru Həsən Abbasov yaradılan şəraitə görə rektor Mustafa Babanlıya minnətdarlığını bildirib.
Bütün qalib tələbələri təbrik edən "Kaspian Təhlükəsizlik Baltaları" MMC-nin biznes departamentinin koordinatoru Nigar Zeynalova bu cür layihələrin tələbələr üçün çox vacib olduğunu bildirib.
Tələbələrin nəzəri biliklərinin praktikada tətbiq etməsi üçün bu kimi konfransların əhəmiyyətli olduğunu bildirən "Baker Hughes" şirkətinin geofiziki, ADNSU-nun məzunu Aleksandra Xramtseva onların gələcəkdə iş tapması üçün ilkin etap olduğunu vurğulayıb.
Daha sonra 1-ci yeri qazanan tələbələr çıxış edərək öz təəssüratlarını bölüşüblər.
Sonda qalib tələbələrin mükafatlandırma mərasimi keçirilib.








