İran mollaları priton kassiri funksiyasını yerinə yetirirlər
Cəmiyyət
13059
21 Jul 2016 | 20:34

İran mollaları priton kassiri funksiyasını yerinə yetirirlər

“Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” (“Rumlular” surəsi, 21)


Son günlər KİV-də yayılmış bir xəbər diqqətimi çəkdi. Xəbər bundan ibarətdir ki, İranda açılmış yeni sayt siğə xidməti göstərir. Yəni, əks cinsə ehtiyacı olan insanlar bu sayta müraciət etməklə və lazımi vəsaiti (təqribən 60 dollardan 500 dollara qədər) ödəməklə bir saatdan 99 saata qədər qadın “kirayələyə” (onların təbirincə desək siğə edə)  bilərlər. Həmin saat başa çatdıqdan sonra isə, həmin qadını başqa bir kişıyə... və s. siğə edirlər.  

 İran qapalı və ciddi rejimli bir dövlət olduğundan, bu cür saytların xidməti özfaliyyət olması mümkün deyildir. Deməli, bu saytın qadın kirayələmə xidmətinə dövlət (İran həm də şəriət qanunları ilə idarə olunur) qanunları icazə verir. Qeyd edim ki, bundan əvvəl də İran qanunarı bir neçə saatlıq qadın siğə etməyə icazə verir və bu ölkədə bu cür hallar demək olar ki, dəbdədir. Bütün bunlar şəriət adıyla insanlara sırındığından məsələyə münasibət bildirmək qərarına gəldim.
 
 Ã–ncə qeyd edim ki, bu, İslam dini və onun müqəddəs qanunlar kitabı olan “Quran”la heç bir əlaqaəsi olmayan, iyrənc bir haldır. Çünki, bu barədə Rəbbim buyurur ki, qadın bir kişidən ayrıldıqdan sonra üç ay gözləyib, bu müddətdə üç dəfə heyz görməsə başqa bir kişiylə əlaqədə ola bilməz:

“Boşanan qadınlar üç dəfə (heyz görüb təmizlənincəyə qədər başqa ərə getməyib) gözləməlidirlər. Əgər (o qadınlar) Allaha və qiyamət gününə inanıblarsa, Allahın onların bətnlərində yaratdığını (uşağı) gizlətmək onlara halal olmaz. (Bu gözləmə müddəti içərisində) ərləri barışmaq istərlərsə, onları geri almağa (hər kəsdən) daha çox haqlıdırlar.” (“İnək” surəsi 228)
“Övrətləri boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra) boşayın. Gözləmə müddətini sayın. Rəbbiniz olan Allahdan qorxun. Onları ”“ açıq-aşkar bir pis iş (zina) etməyənə qədər yaşadıqları evlərdən çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hədləridir (hökmləridir). Allahın müəyyən etdiyi hədləri aşan kimsə özünə zülm etmiş olar. Nə bilirsən, ola bilsin ki, Allah bundan sonra bir iş icad etsin (ərin ürəyinə yenidən zövcəsinin məhəbbətini salsın və onlar barışsınlar) ”. 

“(Yaşa dolmaqla) heyzdən kəsilmiş qadınlarınız (onların gözləmə müddəti) barədə şübhə etsəniz, (bilin ki) onların və həmçinin (yaşları müsaid olmadığı üçün) hələ heyz görməmiş olanların  gözləmə müddəti üç aydır (bu müddət başa çatdıqdan sonra başqası ilə evlənə bilərlər). Hamilə qadınların gözləmə müddəti isə onlar bari-həmlini yerə qoyduqda başa çatır. Kim Allahdan qorxsa, Allah onun işini (dünya və axirətdə) asan edər.” 
“Bu, Allahın sizə nazil etdiyi buyuruğudur. Kim Allahdan qorxsa, Allah onun (günahlarının) üstünü örtər və (axirətdə) mükafatını artırar.” (“Boşanma” surəsi 1-5)

Üç aylıq gözləmə müddəti ona görədir ki, qadın dünyaya uşaq gətirərsə, körpənin atası barədə cəmiyyətdə şübhə yaranmasın. İran mollaları “Quran”ın bu hökmünü pozurlar. Görəsən bir qadını gündə bir və yaxud ber neçə kişiyə siğə edən mollalar gələcəkdə doğulacaq uşağın atasını müəyyən edə biləcəklərmi? Bu gün dünyada fitnə-fəsad törədən adamlar elə bu cür qarma-qarışıq şəkildə dünyaya gələnlər (zinadan törəyənlər) deyilmi?! Bunu gördükləri halda özünə “din xadimi” deyənlər bu cür iyrəncliyə necə rəvac verirlər?! 

Sayt vasitəsi ilə, yaxud, real həyatda bir qadını saat, gün hesabı ilə kişilərin ixtiyarına verən mollanın priton kassirindən nə fərqi oldu? Fərqi varsa göstərin! Pritona girənlər saat hesabı pul odəyib çek alırlar, mollalar da eyni qayda ilə cinsəl təlabatını ödəmək istəyənlərdən pul alıb, “siğə” kağızı (oxu: çeki) verirlər. Saat bitəndə hər iki kağız qüvvədən düşür və zibil qabına atılaraq, hər kəs öz işinin dalınca gedir...  Açıq demək lazımdır ki, belə ölkələrdə mollalar “siğə” adı altında qadın ticarətinə nəzarət edirlər. Ona görə də bu sahədə qanunları sərtləşdirirlər  ki, heç kəs cəsarət edib mollanın icazəsi (çeki) olmadan bir qadına yaxın durmasın. İran qanunlarında belə hal daşqalaq olunmaqla nəticələnir. Mollanı “gördükdə” isə, heç bir məhdudiyyət yoxdur. Necə deyərlər: “Kəndxudanı gör, kəndi çap”.

İslam dini eyni vaxtda birdən dördə qədər qadınla evlənməyə icazə verir; bir şərtlə ki, onların hamısı eyni hüquqlu olsun ”“ birinə az, birinə çox, qayğı göstərilməsin və müddətlə evlənilməsin:

“...sizə halal olan (bəyəndiyiniz) başqa qa-dınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyil-sinizsə, o halda təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin. Bu, ədalətli olmağa (ədalətdən kənara çıxmamağa) daha yaxındır.” (“Qadınlar” surəsi 3-cü ayə)

Bu gün Avropa dövlətlərinin və Avropadan yönləndirilən dövlətlərin qanunları naməhrəm kişi və qadınların qeyri-rəsmi şəkildə (nigahsız) birlikdə yaşamasına icazə verir. Nəfsinə qul olanlar bu qanundan istifadə edib, “vətəndaş nigahı” (İranda “siğə”) adı ilə istənilən sayda əks cinsin nümayəndəsi ilə gün keçirirlər. Cahiliyyət dövrünə xas olan bu qanun əyləncə sevən insanlar üçün cəlbedici olsa da, sonu faciyəyə aparır. Çünki, bu cür nigahdan (zinadan) törəyənlər gələcəkdə fitnə-fəsad törədən olduqları üçün onların cəmiyyətdə çoxalması (bu gün dünyada belələri çoxluq təşkil edir) əmin-amanlığın və nizamın pozulmasına səbəb olur.

Digər tərəfdən isə, bu cür yüngül həyat tərzi bəzi kişilərə sərf etsə də, qadınlara heç cür sərf etmir. Çünki, bu cür hallarda qadınların ancaq gəncliyindən istifadə edilir (birdəfəlik şpris kimi). Yaşa dolanda onlar tənha qalırlar. Azərbaycan kimi ölkələrdə qadınlar bu cür qeyri-rəsmi yaşayışdan dünyaya uşaq gətirə bilmədiklərindən, qocalanda tənha və baxımsız qalırlar. Nəticədə onların ömürlərinin sonu ən yaxşı halda qocalar evində keçir.

Bu cür neqativ halların baş verməməsi üçün Allah-təala bir kişiyə dördə qədər qadınla evlənməyə icazə verir. Çünki İslamda ailə qurmaq təkcə nəfsi öldürmək üçün deyil, dünyaya halal övlad gətirərək, qocalığa təminat almaq üçündür.

Təəssüflər olsun ki, bu gün dünyanın çox dövlətləri Avropadan yönləndirildiyi üçün, şeytanın yoluna (zinakarlığa) qanunla icazə verildiyi halda, Allahın qoyduğu yola (bir neçə nigaha) qadağa qoyulur. Bu da belə ölkələrdə əhali artımının qarşısını almaqla yanaşı, cəmiyyətdə anormal vəziyyət yaradır.
Təsadüfi deyildir ki Quranda 4 qadınla evlənməyə məhz “Qadınlar” surəsində icazə verilir. Çünki bu surə Quranın 4-cü (!) surəsidir.

Müşahidələr göstərir ki, qadınların bütün tələbatı ödənərsə, birdən artıq kişiylə yaşamağa meyilli olmurlar. Kişilərdə isə əksinə, nə qədər tələbatları ödənsə də, yenə də müxtəlifliyə meyilli olurlar. Bu da kişi ruhunun xüsüsiyyəti ilə əlaqədardır. Allah-təala yaratdığı varlığın xüsusiyyətini nəzərə alıb, qanun Kitabında (Quranda) bir kişinin eyni vaxtda dördə qədər qadınla nigahlanmasına icazə verir. Dövlətlərin qanun yazanları insanlar üçün qanun yazarkən, bundan nümunə götürüb, cinslərin xüsusiyyətlərini nəzərə almalıdırlar ki, cəmiyyətin nizamı pozulmasın.

Bəs nigah necə bağlanmalıdır? “Quran” bu mövzuda nə deyir?

Allahın buyurduğuna görə istər nigah bağlananda, istərsə də pozulanda bu ən azı iki nəfər şahidin qarşısında elan olunmalıdır ki, Allah qəbul etsin. Şahidsiz bağlanan nigahlar İslamda qəbul olunmur:
“...içərinizdən iki ədalətli şahid tutun. (Siz də ey şahidlər!) Allah üçün (doğru) şahidlik edin! Bununla Allaha və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir. Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər.” (“Boşanma” surəsi, 2)

“Quran”ın heç bir ayəsində yazılmayıb ki, nigah bağlanarkən, yaxud, pozularkən buna molla hansısa bir sənəd (kəbin, siğə və s.) verməlidir. Müqəddəs kitabda bu işləri edərkən (ən azı) iki şahid tutun deyir. Sual olunur ki, bəs niyə indiyədək bu işləri mollalar həyata keçiriblər?

Nəzərə almaq lazımdır ki, daha əvvəllər ölkəmiz şəriət qanunları ilə idarə olunub və qazilik insitutu mövcud olub. Bu insitut indiki VAAQ və məhkəmə funksiyasını yerinə yetirirdi. Ona görə də həmin dövrlər  evlənənlər qazinin  yanına gəlib evliliklərini rəsmləşdirirdilər ki, gələcəkdə aralarında mülk mübahisəsi yaranarsa, qazinin verdiyi möhürlü sənədlə bu mübahisələri həll etsinlər. Qazi  iki nəfərin şahidliyi ilə onların nigahın rəsmiləşdirib, bu barədə möhürlü sənəd verirdi (şahidlər öldüyü halda sənəd qalırdı).  Göründüyü kimi, burada qazinin verdiyi kəbin kağızı ancaq hüquqi sənəd sayılırdı və gələcəkdə mülkü mübahisələri həll edirdi. Qadınla kişinin biri-birinə halal olması, yəni, nigahın Allah dərgahında qəbul edilməsi üçün isə, iki nəfərin şahidliyi təmin edilirdi. 

İndi həmin funksiyanı VAAQ şöbələri həyata keçirir və burada da nigah və boşanma  prosesi iki nəfərin şahidliyi ilə həyata keçirilir. Bu tamamilə normal, dövlət  və şəriət qanunlarına uyğun bir prosesdir (həm rəsmi sənəd verilir, həm də şahidlərin iştirakı “Quran”ın vacib buyurduğu halallığı təmin edir). 

Amma, təssüflər olsun ki, insanlarımız qədimdə mövcud olmuş molla idarəçiliyini unuda bilmədiklərindən, indi də onlardan kağız almaq adətini tərgidə bilmirlər. Bunun bir ziyanı olmasa da heç faydası da yoxdur. Çünki, bu gün mollaların verdiyi kəbin kağızı ilə VAAQ şöbəsinin verdiyi nigah şəhadətnaməsinə baxsanız,  eyni sözlərin yazıldığını görərsiniz. Sadəcə, biri Azərbaycan, digəri Ərəb dilində yazılıb. 

İnsanların avamlığından, “Quran”dan bixəbərliyindən və qədimlərdə mövcud olmuş adətləri tərgidə bilməmək mərəzindən İran mollaları bu gün sui istifadə edirlər. Qadınları saat hesabı siğə adı ilə kirayəyə verərək, küllü miqdarda pul qazanmaları da, bu qaydanı pozanlara ölüm hökmü kəsmələri də insanların avamlığından irəli gəlir.  


“Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir! (Qadınlar) açıq-aşkar pis bir iş görməyincə, özlərinə verdiyiniz şeylərin (mehrin) bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun.” 
“Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə (birinciyə) çoxlu mal vermiş olsanız da, ondan heç bir şey geri almayın! Məgər bu malı böhtan atmaq və aşkar bir günah iş görməklə gerimi alacaqsınız?! 
“Siz onu necə geri ala bilərsiniz ki, (vaxtilə) bir-birinizlə yaxınlıq etmişdiniz və onlar (qadınlarınız) sizdən möhkəm əhd-peyman almışdılar.” 

“Siz nə qədər çox istəsəniz də, heç vaxt arvadlar arasında ədalətlə rəftar etməyi bacarmazsınız. Barı, (birisinə) tamamilə meyl göstərib, digərini asılı vəziyyətdə (nə ərli kimi ərli, nə də boşanmış kimi boşanmış) qoymayın. Əgər özünüzü islah edib (belə hərəkətlərdən) çəkinsəniz (Allah sizi bağışlar). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!”  (“Qadınlar” surəsi, 127-130)


 “Zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham edənlər dünyada və axirətdə lənətə düçar olarlar. Onları (qiyamət günü) çox böyük bir əzab gözləyir.” 

 “Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahdan (Allahın əzabından) heç vəchlə qurtara bilmədilər. Onlara: “(Başqa) girənlərlə birlikdə siz ikiniz də Cəhənnəmə girin!” ”“ deyildi.” 

“Allah iman gətirənlərə isə Fironun zövcəsini (Asiyə bint Məzahimi) misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənim üçün Öz dərgahında ”“ Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!” ”“ demişdi.” 

“(Allah mömin qadınlara) həmçinin namusunu (ismətini) möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi də misal çəkdi. Biz (Cəbrail vasitəsilə) libasının yaxasından ona Öz ruhumuzdan (Öz yaratdığımız ruhdan) üfürdük. Məryəm Rəbbinin sözlərini (şəriətini, dini hökm¬lərini), kitablarını təsdiq etdi və (Allaha) itaət edənlərdən oldu.” (“Qadağan” surəsi, 10-12)

Əgər siz günah qazanmaq istəmirsinizsə və Allahın razı qaldığı (bəyəndiyi) bir həyat yaşamaq istəyirsinizsə, onda İran mollalarının dediklərinə yox, Allahın “Quran”da buyurduqlarına əməl edin.  Belə etsəniz Allah sizi  mollaların əlində kirayə vasitəsi olmaqdan qoruyar və üzünüzə səadət qapısı açar. Yetər ki, siz öz ədəbiniz, əxlaqınız və yaşam tərzinizlə bu sədətə layiq olasınız.

Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı

Yazarın arxivi: 
Link kopyalandı!
Son xəbərlər