Son zamanlar radio və televiziya efirlərindəki boşluqlar - intellektual-maarifçi verlişlərin azlıq təşkil etməsi diqqət çəkən məqamlardandır. Gündəmdən düşməyən şou proqramlar artıq çoxlarını təngə gətirib.
Tanınmış professor, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı
Moderator.az saytına açıqlamasında bunun kifayət qədər ciddi problem olduğunu vurğulayıb:
“Mən bu barədə televiziyanın rəhbər işçiləri ilə dəfələrlə söhbət aparmışam. Əslində bu çox yaralı bir mövzudur. Başqa ölkələrin efirinə nəzər yetirsəniz görərsiniz ki, əslində onlar şou ağırlıqlı hesab olunsa da orada intellektual, maarifləndirici verilişlər də az deyil. Bizim televiziya nümayəndələri isə belə deyir: Biz reytinq üçün çalışırıq. Əhalinin tələbi yüngül, bayağı verilişlərədir. Hansı kanala baxış çoxdursa onun reklam bazarı da güclüdür. Reklam qazanmaq üçün isə biz tələb olunan şərtləri ödəməyə məcburuq”. Zənnimcə bunun reklama heç bir aidiyyatı yoxdur, çünki hər hansı bir ağıllı iş adamı mənasız şou verilişlərinə baxmır. Bu baxımdan televiziya rəhbərləri səhv edirlər. Mən özüm heç vaxt reklamımı mənasız verilişlərə vermərəm”.
Hamlet İsaxanlı daha sonra televiziyada olan başqa bir problemə-aparıcı məsələsinə də toxunub. Professor o qənaətdədir ki, aparıcılar intellektual şəxsə deyil, öz çəkisində olan şou meylli insanlara əhəmiyyət verirlər:
“Televiziyalar Şövkət Ələkbərovanı, Müslüm Maqomayevi, onların muğam konsertlərini vermək, maarifləndirici proqramlar təşkil etmək əvəzinə, ucuz şoularda qəribə qız və oğlanları çıxarıb boş-boş çərənlədirlər. Başqa bir səbəb: verilişi aparan aparıcılar özləri daha çox şou meylli olduqlarından intellektual insanlara, ziyalılara çox da əhəmiyyət vermirlər. Özlərinə bənzərləri verilişə dəvət edirlər ki, hay-küy, söz-söhbət olsun. Təbii ki, burada əsas məsuliyyət isə televiziya rəhbərinindir”.
Hamlet İsaxanlı saytımız vasitəsilə problemləri səsləndirməklə yanaşı onlardan çıxış yollarını da dilə gətirdi. Onun fikrincə, lazım gəlsə şou da ola bilər. Amma həmin şou da gərək sanballı olsun:
“Bütün televiziyalarda mütləq bir balans yaratmaq lazımdır. Orada ciddi mövzular, intellektual verilişlər olmalıdır. Şou olsa da olar, amma tutarlı olsun. Düzgün şou ilə maarifləndirici verilişləri birləşdirmək olar. Onu diqqətinizə çatdırım ki, intellektual verilişin özü də çox cəlbedici ola bilir. O baxır mövzuya, qonağa”¦”
Professor həmçinin televiziyadakı nöqsanların cəmiyyətlə heç bir əlaqəsi olmadığını da qeyd edir:
“Əhali həmin əhalidir. Ona nə göstərsələr, dinlətsələr qəbul edəcək. Məsələn, hansısa ölkəyə gedəndə orada sizə nə yemək verilsə onu da yeyəcəksiniz. Xalq da belədir. Daha sonra özü onların arasından ən gözəllərini seçib zövqünü formalaşdırır. Bir təsəvvür edin, durmadan efirə mənasız ara mahnısı, bayağı musiqi gedəndə əhali də artıq məcbur onu əzbərləmiş olur. Beləcə TV-lər insanların zövqünü korlayır”.
Kəmalə Yusifli