Cəmiyyət
7767
17 Apr 2016 | 11:27

"Biz sonralar Nəcməddin Sadıqovla başqa yerlərdə də rastlaşdıq"


Moderator.az bir neçə gündür ki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ölkənin ən peşəkar çekistlərindən olmuş yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabının təqdimatına başlayır. Bəri başdan oxucuları əmin etmək istəyirik ki, kitab çox maraqlıdır və müəllif o vaxt Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdiyi halda taleyin gərdişinin onu adı gələndə sovetlər ölkəsinin hər bir guşəsində dodaqları cadar-cadar edən dövlət təhlükəsizlik orqanlarına aparıb çıxarmasının tarixçəsini oxucularla bölüşür, müstəqilliyimizin ilk illərini və ondan sonrakı keşməkeşli dönəmi öz arşınıyla ölçərək maraqlı bir tablo yaradır...

Moderator.az kollektivi və yüz minlərlə oxucumuz adından müəllifə bizə göstərdiyi lütfkarlığa və etimada görə təşəkkürlərimizi bildirərək kitabın təqdimatını davam etdiririk. Xatırladaq ki, cəbhədəki son gərginlikdən dolayı təqdimatı bir neçə gün ertələməli olduq. Bundan sonra davamlı olaraq kitabın bölmələrini təqdim edəcəyik...   

Əvvəlini bu linkdən oxumaq olar--- moderator.az/news/132199.html



Qaçqınların sayı artır, daha çox Xanlar rayonuna gəlirdilər. Vaxtilə 1948 - ci ildə Vedidən, Göyçədən zorla köçürülən soydaşlarımızın  çoxu  Xanlarda məskunlaşmışdı. İndiki qaçqınlar da o yerlərdən gələnlər idi və yerlilərinə, qohum - əqrəbalarına pənah gətirmişdilər. Hələ ki, gərginlikdən baş götürüb gələnlər, birdəfəlik köçmək qərarında deyildilər, fikirləşirdilər ki, vəziyyət düzələcək, geri qayıdacaqlar. Amma vəziyyət hər iki respublikada  yüksələn xətt üzrə  gərginləşməkdə davam edirdi. Xanlarda ilk günlərdən tam milli  mövqeyim hamıya-məmurlara da, əhaliyə də  bəlli idi. Hadisələr zamanı etiraz edənləri milisin tutmasına, hədələməsinə imkan vermirdim. Gənclərin hörmət etdikləri, eşitdikləri liderləriylə tez-tez görüşürdüm. Gəncədən sonra Xanlarda mitinq etmək istədiklərini məhz mənlə məsləhətləşdilər. Vacibliyini deyib, yerini Rayon icraiyyə komitəsinin qarşısında keçirməyi də söylədim. Fevralın sonuncu günü 500 - ə qədər insan  icrayyə komitəsinin qarşısına toplandı. Sədr, erməni millətindən olan Ruben Daşyana mitinqçilərə görünməməyi deyib, mitinqə qoşuldum. Heç kəs çıxış etmir, birinci katibin gəlməsini, vəziyyət barəsində məlumat verməsini tələb edirdi. Birinci katib gələnə qədər mitinqçilərin qarşısında 10 dəqiqə çıxış etdim. Son sözlərim belə oldu: ”Bu yolda ölüm varsa öləcəyik, birinci də mən olacam”. Xeyli alqışdan sonra birinci katib Q.İsgəndərovun gəldiyini və çıxış etmək istədiyini dedilər. Katib binanın eyvanından xalqlar dostluğundan, kəndlərindəki Yequş adlı erməni arvadın toylarda necə oynamağından danışıb dağılışmağa çağırdı. Mitinq təşkilatçıları mənə baxanda başımı tərpədib razılığımı bildirdim. Mitinq dağıldı. Katib təkəbbürlə necə çıxış etdiyini soruşanda, raykom işçilərindən biri ”tarixi çıxış oldu” deyib miskin bir görkəm aldı. Erməni Daşyan isə düzünü dedi: ”Ara, İlham müəllim olmasa onlar gedən deyildi”. Səhərisi gün rayon prokurorluğunun  müstəntiqi, əslən ağcabədili Şəmşir Əliyevlə (sonralar bu yaxşı insanın taleyi faciəli oldu, Samux rayonuna prokuror təyin olunan Şəmşir müəllimi güllə ilə vurdular), sovxoz direktoru  əslən ağdamlı Şəmil Mustafayev (Feyruz Mustafayevin qardaşı) mənimlə görüşdülər. Şəmil müəllim: ”Sənin dünənki çıxışını mənə gəlib dedilər, Şəmşirlə danışdım ki, mütləq səni görməlyəm. Sənin kimi yerlimizlə fəxr edirik". Şam etdik, xeyli dərdləşdik. Bunu ona görə yazıram ki, DTK işçisi çətin vəziyyətlərdə xalqın yanında olanda, milli mövqeyini açıq bildirəndə təkcə özünə yox, təmsil etdiyi təşkilata da hörmət gətirirdi. DTK- işçilərinin kosmopolit, quru, xalqdan uzaq olması barədə cəmiyyətdə formalaşmış fikirlər, stereotiplər o dövrdə tək mənim yox, bir çox əməkdaşlarımızın konkret əməllərində dağılırdı.

Sumqayıtdan sonra Moskvanın bir qədər sərt tədbirləri, bir neçə nəfərin həbs edilməsi nisbi sakitlik yaratmışdı. Ermənistandan isə ara-sıra qaçqınlar gəlməkdə davam edirdi. Mayın 19 - da Bakıda izdihamlı mitinq oldu. Tələbə-gənclərin bu etirazı millətdə yeni ruh yaratmışdı. Cəmi iki gün sonra respublika rəhbərliyi dəyişildi. Əbdürrəhman Vəzirov Mərkəzi Komitənin  birinci katibi oldu. Bu sadəcə Kamran Bağırovun işdən azad edilməsi deyildi, 20 illik formalaşmış kadr siyasətinin, ictimai münasibətlərin dəyişməsi, yeni mərhələnin başlanğıcı idi.  Kadr dəyişikliyi özünü çox gözlətmədi. Partiya məmurlarıyla yanaşı DTK rəhbərliyi də dəyişildi. Avqust ayında 8 il Azərbaycan DTK-na rəhbərlik edən  general-leytenant Ziya Yusifzadə vəzifəsindən azad edildi. Moskva Azərbaycan DTK-nə İvan İvanoviç Qorelovskini sədr göndərdi. Qorelovski peşəkar çekist olsa da Azərbaycana hədsiz yad adam idi, xüsusilə milli məsələlərin həssas dönəmində bu düzgün təyinat deyildi. Qorelovski mitinqdə çıxış edən Azərbaycan şairinin, ziyalısının xalq arasında hansı nüfuza malik olduğunu hardan biləydi? Onun nəzərində Bəxtiyar Vahabzadə də, Ermənistandan qovulan qaçqın da təxribatçı idi. Zaman, hadisələr elə sürətlə dəyişirdi ki, bu adamın bizi tanımağına vaxt yox idi. Qorelovski şəxsən mənim yadımda heç nə ilə qalmayıb, çünki hansısa təşəbbüs, erməni separatizminə qarşı  kəskin addım, mövqe belə nümayiş etdirə bilmədi. Qorelovski İvan İvanoviçin Azərbaycandakı fəaliyyəti sanki qısa müddətə ezamiyyətə gəlmiş adamın işi təsirini bağışlayırdı. O yadımda onunla qaldı ki, Gəncəyə gələndə şöbənin bufetində nahar etdi və nahar hesabını cibindən 1 rubl 20 qəpik çıxarıb özü ödədi. Bu bizdə xoş təəssürat oyatmadı, əksinə süni təsir bağışladı.
                                                               *****
Sentyabrda məzuniyyətə çıxdım .Yaltada, Moskvada olduq. Ölkədə ərzaq və s. malların qıtlığı başlamışdı. Normal sabun tapmaq problem idi. Geri qayıdan vaxt Moskvadan xeyli sabun alanda satıcı qadın: ”yoxsa müharibə başlayır?”- deyib təəccüblə üzümə baxmışdı. Hələ SSRİ mövcud idi və cəmi 3 ildən sonra dağılacağını nə satıcı qadın, nə də mən ağlımıza belə gətirmirdik. Moskvada olanda SSRİ DTK sədrinin dəyişildiyi xəbəri  verildi. Birinci Baş İdarənin ”“ yəni Xarici Kəşfiyyat İdarəsinin rəisi Vladimir Kryuçkov yeni sədr təyin edilmişdi. Kadrlar da, ölkə də sürətlə dəyişirdi.

1988-ci ilin  payızın  ortalarında yalnız Ermənistandan deyil, Qarabağın özündən, konkret olaraq Stepanakertdən  soydaşlarımızın  qovulmasının yeni dalğası başlandı. 1988-ci ilin 17 noyabrında Bakıda başlamış fasiləsiz mitinqlər dekabrın 4-dək davam etdi. Bu mitinq həqiqətən millətin dirçəlişi idi. Bakıdakı prosesləri Gəncədən izləyirdik. Hələ ki, Gəncədə heç bir kütləvi tədbirlər keçirilmirdi. Düzü bu məni çox əsəbləşdirirdi. Niyə Gəncə də ayağa qalxmır? Elə bu fikirlərlə şəhərin mərkəzi poçtuna gəlib Bakı meydanına teleqram vurdum, həmrəy olduğumu bildirdim. Açığı indi o çılğınlığıma bəraət qazandırmıram. Mənim statusumda olan xüsusi xidmət orqanı işçisi bunu açıq etməməli idi. Amma millətin o günlərdə yaşadıqlarına, baş verən hadisələrə soyuqqanlı qala bilmirdim və artıq əməliyyat müşavirələrində belə Moskvanın ermənipərəst mövqeyini tənqid edirdim. Rəisimiz  mənim mövqeyimə adət etmişdi, dediklərimin  özünün də ürəyindən olmasına baxmayaraq  hər dəfə sözümü kəsirdi. Bir dəfə də məni tək qəbul edib dedi ki,”elə bilirsən mən nəyin düz, nəyin əyri olduğunu bilmirəm. Nə hər dəfə Moskva düz eləmir deyirsən? Yanında da Moskvanın adamları oturub.” O iki rus əməkdaşımızı ”“ Fatkin və Vasilyevi  nəzərdə tuturdu. Teleqramın səhərisi günü rabitə sisteminə kuratorluq edən əməkdaşımız Azər Əliyev kabinetimə gəldi. Teleqramı qarşıma qoyub: ”Mən səni başa düşürəm, amma məsləhət bilmirəm” dedi. Teleqram göndərilməmişdi, amma iş yoldaşım bu barədə heç kimə danışmadı...

Bakı hadisələrinin dördüncü günü Gəncədə mitinq elan olundu. Noyabrın 22-də saat 17-də şəhər partiya komitəsinin qarşısındakı Lenin meydanında  mitinq yenicə toplaşan zaman heç kimin, o cümlədən meydanda olan əməkdaşlarımızın da gözləmədiyi halda meydana və ətrafına hərbi texnika, əsgərlər daxil oldu və mitinq iştirakçılarını döyüb qovmağa başladılar. Desant briqadasının əsgərləri əli silahsız idilər, yalnız kiçik” əl belləri “ vardı, həm də sayları az - 50 nəfərə kimi olardılar. Zirehli maşınlar meydanda dövrə vurub əhalini qorxutmuşdu, meydan bir neçə dəqiqəliyə boş qaldı. Mən də mitinqçilərlə bərabər məscidə tərəf çəkilmişdim. Hirsimdən nə edəcəyimi bilmirdim, mitinq iştirakçılarıyla  bərabər qışqırıb əsgərlərə hücum etdik. Sayca az olan əsgərlər geri çəkilirdi. Zirehli maşınların ikisini elə meydanın qarşısında benzin dolu butulka ilə yandırdılar. Vəziyyət sürətlə idarəolunmaz hala gəldi. Bayaqdan əsgərləri, hərbçiləri qovurduqsa, indi onları  kütlənin linc etməsinin qarşısını almağa başladıq. Kütlə şəhər partiya komitəsinin binasına sığınmaq istəyən əsgərlərin ardınca binaya daxil oldu. Binanın qarşısındakı bir “Volqa”nı yandırdılar. Qısa müddətdə binanın birinci mərtəbəsindən də tüstü çıxmağa başladı. Kütlə bu işin başında birinci katib Ramiz Bağırlının durduğunu qışqırır, onu axtarıb məhv etmək istəyirdilər. Birtəhər milisin köməkliyi ilə binaya girən kütləni çölə çıxarmağa müvəffəq olduq. Birinci katib yox idi. Qaranlıq düşmüşdü. Əməkdaşlardan biri gəlib rəisin çağırdığını söylədi. Şöbəyə yaxınlaşanda şöbənin qaranlığa büründüyünü, heç yerdə işıqların yanmadığını gördük. Bir anlığa təxribat olduğunu, işıqlarımızın qəsdən kəsildiyini düşündük. İçəri daxil olanda hər şey məlum oldu. İşıqlar yanırdı, amma bütün pəncərələrin “qara maskirovka” pərdələri rəisin göstərişilə endirilmişdi. Kabinetə təzəcə daxil olmuşduq ki, növbətçi bir nəfərin təcili ancaq rəislə görüşmək istədiyini xəbər verdi. Gələn gənc bir oğlan idi. Rəis bizi otaqdan çıxarmadan onu dinlədi və məlum oldu ki, o əməkdaşımız Eldar Rüstəmovun tapşırığıyla gəlib. E.Rüstəmov birinci katib Ramiz Bağırlı ilə şəhər partiya komitəsi binasının çardağında olduqlarını və təcili onların çıxarılması xəbərini göndərmişdi. Eldar birinci katibin həyatını xilas etmişdi, yoxsa onun linç edilməsi an məsələsi olardı. Rəis xəbəri gətirənə təşəkkür edib mənə, Rəfail Mirzəyevə və şöbəmizə bir neçə ay əvvəl Rusiyadan gəlmiş Valeh Abdullayevə Ramiz Bağırlını sağ-salamat gətirməyi tapşırdı. Kabinetdən çıxanda: -İlhamın maşınını tanıyan çoxdu, Valehin maşını ilə gedin. Valehin bir köhnə  ”Moskvi甝i vardı, binaya yaxın yerdə saxladıq, bizə xəbər gətirən gənclə R.Mirzəyev çardağa qalxdılar. Bnanın ikinci çıxışında onları gözləyirdik. Kütlə hələ də meydanda idi, iki milis işçisi də yanımızdan əl çəkmir, bizimlə söhbət edirdi. Milis işçilərindən yaxa qurtarmaq üçün bir bəhanə lazım idi. Binanın qarşısına keçib, tez də geri döndüm. Milis işçilərinə binanın qarşısında rəislərinin gəldiyini, tapşırıq verdiyini söylədim. Getdilər, ətrafda şübhəli bir kəs görünmürdü. Rəfail Mirzəyev çıxıb bizə tərəf baxdı, başımızı tərpətməklə gəlmələrini istədik. Ramiz Bağırlı Eldarın plaşını geyinib  Rəfailin də şərfini bağlamışdı. Sakitcə gəlib maşının arxasında oturdu. Darısqal “Moskvi甝də Rəfail bir tərəfində Eldar da o biri  tərəfində əyləşdi, mən də qabaqda. Maşını birbaşa şöbəyə sürmədik. Arxamızca gələnin olub olmadığını yoxlamaq məqsədilə dövrə vurduqdan sonra şöbənin qapısında saxladıq. Bağırlı mənim otağıma girib şlyapasını asdı, Eldarın da plaşını soyunub rəisin kabinetinə keçdi. Gecə hərbiçilərin köməyilə Bağırlı  aerodromdan hərbi təyyarə ilə Bakıya uçdu. Şlyapa otağımda qaldı. Bir ildən sonra qapıçımız Qoca dayı gəlib: - İlham müəllim,o papağı mənə ver, kənddə bostanda iş görəndə gün başımı deşir, bu yaxşı enli papaqdı, başımı gündən qoruyar. Papaq Qoca dayıya verildi. 1996-cı ilin yanvarında Ramiz Bağırlı televiziyada 20 yanvar hadisələrindən danışanda  əsas səbəbkar kimi Tamerlan Qarayevi günahlandırırdı. Tamerlan bəy həmin vaxt Çində səfir idi. Hiss olunurdu ki, Bağırlıya göstəriş elə verilib ki, bu adam hər kəsi bir tərəfə qoyub T.Qarayevdən yapışmışdı. Onun sözlərindən belə çıxırdı ki, tankları da, hərbçiləri də Tamerlan bəy idarə edib, komanda verirmiş. Bu haqsızlıq idi. O vaxt mən “525-ci qəzet”də onun mövqeyini kəskin tənqid etdim. 1988-ci il 22 noyabr Gəncə hadisələrini xatırlatdım. Heç kəslə məsləhətləşmədən mitinqçilərin üzərinə Sovet Ordusu əsgərlərini Gəncə meydanına məhz onun  dəvət etdiyini, az qala, mini “20 yanvar”yaratdığını yazdım, şlyapasını da xatırlatdım. Mən o yazını yazanda Tamerlan Qarayevlə şəxsi tanışlığım yox idi.Tamerlan bəy Çindən 2000-ci ildə ilk məzuniyyətinə gələndə görüşdük. Tamerlan bəy deyirdi ki, atam (Yelmar Qarayev) Çinə zəng edib sənin məqaləni tamam oxudu və soruşdu ki, bu yazan kimdi. Dedim, tanımıram, bəlkə də tələbəm olub...
                                                    *****

 Xanlara gələn qaçqınların çoxluğunun  bir səbəbi də  rayonun  8 kəndində ermənilərin kompakt yaşamaları idi. Qaçqınlar erməni kəndləriylə öz kəndlərini dəyişmək ümidilə gəlirdilər. Xanların giriş-çıxışına hərbçilər nəzarət etməyə başladı. Moskva yerli orqanlara etibar etmirdi. Xanlara Ukraynadan bir batalyon ezam etmişdilər. Məqsədləri də bu idi ki, rayonun erməni əhalisini müdafiə edəcəklər. Rayonun  giriş-çıxışına özbaşına post qoyub yoxlamalar edir, onsuz da gərgin olan vəziyyəti daha da mürəkkəbləşdirirdilər. Prokuror, milis rəisi və mən batalyonun  komandirlərini icraiyyə komitəsinə dəvət edib sərt danışıqlar apardıq. Komandirə bütün postları götürməyi ciddi şərt kimi irəli sürdük. Batalyonun komandir müavini mayor rütbəsində bir zabit ayağa qalxıb azərbaycanlı olduğunu, Dərbənddə anadan olduğunu dedi. Bu, Nəcməddin Sadıqov idi. Nəcməddin Sadıqov bir müddət rayonun komendantı kimi fəaliyyət göstərdi. Rayonda özünə yaxın bildiyi adam mən idim. Peşə məktəbinin binasında kabineti və yaşayış otağı vardı. Hərdən Xanlar konyakı üçün mənə müraciət edir, birlikdə tez-tez süfrə arxasında əyləşir, yerli məmurlarla onun  tanışlıq əlaqələrini yaradırdım. Arada  bizim kolleqalar-Gəncədə dislokasiya olmuş hərbi hissənin “osobistləri”, yəni SSRİ DTK-nın Müdafiə Nazirliyindəki əks kəşfiyyat tədbirlərini həyata keçirən çekistlər də Sadıqovla görüşürdülər. Nəcməddin Sadıqov indi Azərbaycan Müdafiə Nazirliyinin baş qərargah rəisidi. ”Pis o əsgərdir ki, general olmağı arzulamır”, 1988-ci ildə Azərbaycana mayor rütbəsində ezamiyyətə gələn  N.Sadıqov indi müstəqil Azərbaycanın  general-polkovnikidi. Biz sonralar başqa yerlərdə də rastlaşdıq.
İcevandan, Sisyandan gələn azərbaycanlılar rayonun ermənilər yaşayan Mirzik, Zurnabad, Qarakeşiş kəndlərinin sakinlərilə başa-baş kəndlərini dəyişdilər. Hər şey qanun və sülh yolu ilə həll olundu. Göyçənin Zod kəndinin sakinləri isə Çaykəndlə faktiki anlaşmışdılar. Tezliklə hər iki tərəf köçə başlamalı idi. Bu işə mane oldular. Xanların birinci katibi Qərib İsgəndərov Çaykəndə gedib iclas keçirdi, elan etdi ki, Mərkəzi Komitə kəndin köçməyinə icazə vermir. O yalan danışırdı, çünki qonşu Şəmkir rayonunda elə Çaykənd boyda olan Çardaxlı kəndini yerli hakimiyyət rahatca köçürmüşdü. İsgəndərovun  həm də Qorbaçovun köməkçisi Şahnazarovla telefon danışıqlarının olduğu barədə söhbətlər dolaşırdı. Bu köçün dayandırılması bizə baha başa gəldi.

Link kopyalandı!
Son xəbərlər