“Barmek” qayıtmasa da, təcrübəsi geri qayıdır...
Cəmiyyət
2471
07 Mar 2016 | 23:18

“Barmek” qayıtmasa da, təcrübəsi geri qayıdır...

Artıq bir neçə ildir ki, İqtisadi Tədqiqatlar Mərkəzi olaraq “Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” qanunun layihəsini hazırlamışıq və bu əməkdaşlığın işləməsi üçün zəruri addımların atılması ilə bağlı təşəbbüs qaldırmışıq. Hətta bununla kifayətlənməyib bu tərəfdaşlığı zəruri edən səbəblər, ölkəmizdə özəl sektorla tərəfdaşlıq sahəsindəki mövcud vəziyyət, bu tərəfdaşlığın formaları, üstünlükləri, riskləri və beynəlxalq təcrübəni özündə ehtiva edən tədqiqat hesabatı, əlavə olaraq, iki qaydalar layihəsi hazırlamışıq. 

Sahibkarlarımız üçün şad xəbər var!
Bugünlərdə parlamentə “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi təqdim olunub. Qanun Dövlət-özəl sektor tərəfdaşlığının beynəlxalq təcrübədə nəzərdə tutulmuş bir sxemi (mexanizmi, modeli) üzrə özəl sektorla dövlətin tərəfdaşlığını nəzərdə tutur. Bu modelin adı ingiliscə BOT, yəni Build, Operate, Transfer sözlərinin baş hərfləridir. Azərbaycan dilində isə TİT-dir yəni, Tik, İdarə et və Təhvil ver.

Qeyd edim ki, dünyada dövlətlə özəl sektorun 20-ə yaxın tərəfdaşlıq mexanizminə təsadüf olunur. Parlamentdəki qanun layihəsi qəbul olunsa və Prezident tərəfindən təsdiq olunsa, xarici və yerli şirkətlər dövlətin tikinti və infrastruktur obyektləri ilə əlaqədar elan etdiyi investisiya layihələri üzrə tenderlərdə iştirak edə biləcəklər.
Hələki bu tərəfdaşlıq aşağıdakıların
- körpülərin, tunellərin;
- su anbarlarının, sutəmizləmə qurğularının, habelə suvarma, içməli, məişət su sistemlərinin və kanalizasiya sistemlərinin;
- xəbər və konfrans mərkəzlərinin, habelə təhsil, səhiyyə, mədəniyyət və turizm obyektlərinin;
- kommersiya məqsədli binaların, topdansatış bazarlarının, fabriklərin və oxşar obyektlərin;
- idman mərkəzlərinin, yataqxanaların, istirahət və əyləncə parklarının, təbiət parklarının, qoruqların;
- sənaye parklarının, texnologiya parklarının, aqroparkların, yüksək texnologiyalalara əsaslanan avtomatlaşdırılmış idarəetmə sistemlərinin və informasiya texnologiyaları sahəsində digər sistemlərin;
- hər hansı növ məhsulun tədarük edilə biləcəyi anbar və digər obyektlərin;
- geotermik və tullantı istiliyinə əsaslanan obyektlərin və qızdırıcı sistemlərin, elektrik enerjisi istehsalı, ötürülməsi, paylanması və satışı ilə məşğul olan müəssisələrin;
- şoselərin, nəqliyyatın sıx olduğu magistral yollarının, dəmiryolunun və relsli sistemlərin, avtovağzal komplekslərinin, stansiyaların, funikulyor və qaldırıcı sistemlərin, loqistika mərkəzlərinin, yeraltı və yerüstü avtomobil dayanacaqlarının, metro xətlərinin və stansiyalarının;
- xüsusi iqtisadi zonaların, mülki məqsədlərlə istifadə edilən dəniz və hava limanlarının, yük, sərnişindaşıma və yaxta limanlarından ibarət komplekslərin tikintisinə, idarə edilməsinə və təhvil verilməsinə investisiyaların cəlb olunmasına imkan verəcək.

Burada tikinti dedikdə,söhbət obyektin təkcə inşasından getmir, həm də cari və əsaslı təmirindən, yenidən qurulmasından və bərpasından gedir. Beləliklə, məlum olur ki, qanunun qəbulundan sonra kommunal xidməti göstərən müəssisələrin, dəmiryolu, aeroport və dəniz limanlarının xüsusi maliyyələşmə əsasında idarəetməyə verilməsi mümkün olacaq. Əgər hasilatın pay bölgüsü sazişlərini nəzərə almasaq, yaxın keçmişdə dövlət-özəl sektor tərəfdaşlığının ən bariz nümunəsi Bakının elektrik paylanması və satışı sisteminin Türkiyənin “Barmek” şirkətinə konsessiya müqaviləsi əsasında 25 illiyə idarəetməyə verilməsi olub. Təəssüf ki, müqavilə nəzərdə tutulduğu müddətdə icra olunmayıb, birtərəfli qaydada pozulub.

O zaman Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 9 fevral tarixli, 437 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi haqqında Əsasnamə"yə istinad olunaraq “Barmek”lə belə bir müqavilə bağlanılıb. Həmin əsasnamə Prezident fərmanı ilə təsdiq edildiyindən Nazirlər Kabinerinin qərarlarından daha yüksək qüvvəyə malikdir. Əsasnamənin təsdiq edilməsi ilə bağlı Prezident fərmanında xüsusi olaraq qeyd olunurdu: “Müəyyən edilsin ki, dövlət müəssisələrinin (obyektlərinin) müqavilə əsasında idarəetməyə verilməsi yalnız bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir”.
 
Çox güman ki, qanun layihəsi qəbul edildikdən sonra işlərin "TİT" modeli çərçivəsində investorlar tərəfindən həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlara qoyulan tələblər, bağlanan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiyanın qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsinin qaydaları Nazirlər Kabineti tərəfindən qəbul olunan qaydalarla müəyyən ediləcək və 1996-cı ildə qəbul olunan əsasnamə qüvvədən düşəcək.

Qanun layihəsinə görə, "TİT" modelinə uyğun bağlanan müqavilələrin müddəti 49 ildən artıq ola bilməz.

Bu tərədaşlıq çərçivəsində həyata keçirdiyi fəaliyyətlə bağlı özəl sektor nümayəndəsi olan tərəfdaş dövlət rüsumlarından və yığımlardan azad olunacaq. 

Qanun layihəsi İqtisadi Tədqiqatlar Mərkəzinin apardığı tədqiqatın nəticəsinə uyğun olaraq təklif etdiyi tövsiyələrə uyğundur. Düzdür, biz daha geniş tərəfdaşlıq sxemlərini (modellərini) nəzərdə tutan qanun layihəsi hazırlayıb dövlət qurumlarına təqdim etmişdik. Ancaq buna da şükür! Bircə qorxum, yaxın keçmişdə olan acı “”Barmek” təcrübəsi ilə bağlıdır. Düşünürəm ki, xarici investorların ölkəmizə inamını qaytarmaq çətin olacaq. Hər halda yerli investorlar üçün bu tərəfdaşlıq mexanzimi yeni imkanlar vəd edir. Ancaq hər şey prosesin necə şəffaf həyata keçirilməsindən asılı olacaq.

Qalib Toğrul, iqtisadçı ekspert
Link kopyalandı!
Son xəbərlər