Milli iqtisadiyyatı ucuz idxal mallarından necə qoruya bilərik?
Cəmiyyət
3063
03 Mar 2016 | 14:28

Milli iqtisadiyyatı ucuz idxal mallarından necə qoruya bilərik?

“Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsi parlamentdə müzakirə mərhələsindədir, artıq birinci oxunuşdan keçib. Sadə şəkildə qanunun mahiyyəti, vacibliyi və təhlükələri barədə məlumat vermək istəyirəm ki, sadə vətəndaşlarımız üçün də anlaşılan olsun. Əvvəla, biz bu qanunu çoxdan hazırlamalı və qəbul etməliydik, Prezidentin bu barədə tapşırığı da vardı. 4 iyul 2013-cü ilidə imzalanmış “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezident Fərmanında Nazirlər Kabinetinə 5 ay müddət verilmişdi ki, analoji qanun layihəsini hazırlasın. Lakin o vaxt məlum olmayan səbəblərdən (bəlkə də arxayınçılıqdan) bu qanun layihəsi hazırlanmamışdı.
Qanun layihəsi yerli, milli istehsalçıların qorunması məqsədilə hazırlanıb, qanunda təsbit olunan məsələlər dünyanın bütün - inkişaf etmş, etməkdə olan və etməmiş ”“ ölkələri üçün vacibdir. Qanunun ən mühüm əhəmiyyəti odur ki, biz Dünya Ticarət Təşkilatına (DTT) üzv olmağı nə qədər ləngitsək belə, fərəhlidir ki, artıq bu təşkilatın müəyyənləşdirdiyi oyun qaydalarını öyrənməyə çalışırıq. Qanun 3 istiqamətdə - dempinq, subsidiyalaşmış idxal və artmış idxaldan ölkəımizin iqtisadiyyatını necə qorumağın qaydalarını müəyyənləşdirir.
Dempinq nədir? Sadə şəkildə desək, dempinq ixracatçının konkret məhsul növü üzrə hansısa bir ölkənin bazarını ələ keçirmək məqsədi ilə öz ölkəsində baha satdığı məhsulu digər ölkədə ucuz satmasıdır. Məsələn, Rusiyada mismar istehsalı ilə məşğul olan şirkət onun 1 kq-nı daxili bazarda 1 dollara satdığı halda həmin məhsulu Azərbaycan gömrüyündə bizim idxalçıya 50 qəpiyə təhvil verir. Məqsəd nədir? Məqsəd Azərbaycanda mismar bazarını ələ keçirmək, yerli istehsalçı zərərə salmaqla bazardan çıxarmaq, eyni zamanda digər mismar idxalçıarını da sıradan çıxarmaqdır. Ölkəmizdə həm rəsmi, həm də qeyri-rəsmi səviyyədə “DDT-yə üzv olsaq, milli iqtisadiyyatımız çökəcək, Azərbaycan bazarı ucuz mallarla dolacaq” mifinin əksinə olaraq bu təşkilat bu cür dempinq cəhdlərinin qarşısının alınması üçün üzv ölkələrə müvafiq qanunvericlik aktları qəbul edib, öz bazarlarını qorumaq imkanı verir.
Əgər hansısa milli istehsalçı görsə ki, idxal olunan məhsulun qiyməti qəsdən aşağı salınıb, burada dempinq cəhdi var, o zaman bu layihədə nəzərdə tutulmuş qaydada müvafiq dövlət orqanına müraciət edir, dövlət orqanı da araşdırmaya başlayır. Hələlik, müvafiq dövlət orqanının adı məlum deyil, ancaq çox güman ki, bu orqan İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti olacaq. Bu, mənim ehtimalımdır.
Araşdırma aparan dövlət orqanı hesab etsə ki, müraciət əsaslıdır, o zaman prosesə start veriləcək, ixracatşıya suallar göndəriləcək, lazım gələrsə eyni və ya oxçar malın digər ölkəyə ixravcı ilə bağlı müraciət aparılıb onun normal (yəni, həqiqi, aşağı salınmamış) qiyməti müəyyən oluncaq. Əgər məlum olsa ki, burada dempinq marjası var, o zaman elə həmin dempinq marjası həcmində antidempinq rüsumu tətbiq olunacaq. Dempinq marjası malın normal qiymət ilə ixrac qiyməti arasındakı faizlə ifadə olunmuş fərqdir. Əgər məlum olsa ki, dempinq marjası 2%-dən azdır, o zaman heç bir antidempinq rüsumu tətbiq olunmur, araşdırmaya xitam verilir.
Gələk, layihənin ikinci istiqamətinə, subsidiyalaşmış idxala. DTT ixracolunan məhsula dövlət tərəfindən bütün ”“ birbaşa və dolayı subsidiya verilməsinə qarşıdır ki, çünki bu halda da hansısa xarici məhsul ucuz başa gəldiyi üçün yerli məhsulu bazardan çıxaracaq. Subsidiyalara aiddir: dövlətin verdiyi dotasiyalar, borclar, nizamnamə kapitalında iştirak, dövlətin alacağı vergiləri güzəştə gedib almaması, müəyyən məhsulun qiymətində güzəştə getməsi və sair. Sadə bir misal, tutaq ki, Ruisya Azərbaycana tikişsiz borular satır, eyni məhsulu Baku Steel Company-də istehsal edir. Rusiya dövləti öz firmasına güşətli kredit verdiyindən onun məhsulu Azərbaycanda istehsal olunandan xeyli ucuz başa gəlir. Bu halda da araşdırma aparılır, əgər məlum olsa ki, rusiyanın Azərbaycanda satdığı boruların maya dəyərində subsidiyanın payı 1%-dən çoxdur, o zaman subsidiyanın payı qədər idxal (kompensasiya) rüsumu tətbiq edir.
Bir məqamı qeyd edim ki, hər iki halda ”“ həm dempinq, həm də subsidiyalaşmış idxal ”“ bizim səlahiyyətli dövlət orqanı əvvəlcə ixracatçıya təklif edir ki, qiyməti dempinq marjası və subsidiyanın payı qədər qaldır, əgər razılaşmazsa, o halda rüsumlar tətbiq olunur.
Soruşa bilərsiniz ki, necə olur ki, biz də qeyri-neft ixracını stimullaşdırmaq üçün subsidiya verməyi planlaşdırırıq, bununla bağlı Prezidentin fərmanı var, özü də subsidiya ən aşağı halda malın gömrük dəyərinin 3%-i qədər (əmsallar tətbiq olunduqdan sonra bu məbləğ daha da artacaq) olacaq. Cavab verirəm: biz hələki DTT-nin üzvü olnadığımıza görə milli istehsalçıların və ixracatçıların bu şəkildə dəstəklənməsi tədbirlərini həyata keçirə bilərik.
Eyni zamanda, həmin məhsulu ixrac etdiyimiz ölkələrin də (DTT üzvlüyündən asılı olmayaraq) hüquqları var ki, milli istehsallarını qorumaq üçün araşdırma başladıb, bizim məhsullara xüsusi kompensasiya rüsumu tətbiq etsinlər.
Gəldik qanun layihəsində nəzərdə tutulan son istiqamətə - ixracın artıqlığı məsələsinə. Əgər araşdırma aparmaq hüququ olan dövlət orqanı araşdırma nəticəsində o qənaətə gəlsə ki, hansısa məhsulun ölkəmizə idxalı həmin məhsulu istehsal edən yerli istehsalçıya zərər vura bilər, o zaman ya xüsusi rüsum, ya da idxal kvotası tətbiq edir.
İdxal kvotası ”“ hansısa malın idxalının kəmiyyət və ya dəyər ifadəsində mıhdudlaşdırılmasıdır. Məsələn, kvota qoyula bilər ki, ölkəmizə 10 kq pomidor ümumi qaydada, yəni, aşağı idxal gömrük rüsumu, 10 kq-dan artıq pomidor üçün daha yüksək gömrük rüsumu tətbiq olunsun.
Qanun layihəsinin təhlükələri barədə. Azərbaycan iqtisadiyyatı idxal üzərində qurulub, yerli istehsal yox dərcəsindədir. Əslində, hansısa yerli istehsalı idxal məhsulundan qorumaq barədə danışmaq tezdir. Buna görə də indiki halda hazırda layihəsi müzakirə olunan qanunun qəbulundan sonra bəzi monopolistlər bundan faydlana, yerli bazarı ələ keçirə bilər. Xarici monopolistdən qurtulmaq istəyi ilə indi də milli monopolistin caynağına keçə bilərik. Prinsip etibarı ilə onların heç bir keyfiyyət fərqi yoxdur. Hər ikisi haqsız rəqabətdən faydalanmaqla, son nəticədə istehlakçının hüquqlarını pozumaqla varlanırlar.

Qalib Toğrul, iqtisadçı ekspert
Link kopyalandı!
Son xəbərlər