UNEC-də tələbələr BMT modelində müxtəlif ölkələri təmsil ediblər
Cəmiyyət
1698
28 Nov 2015 | 15:51

UNEC-də tələbələr BMT modelində müxtəlif ölkələri təmsil ediblər

Noyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Birləşmiş Millətlər Təşkilatının (BMT) modelinin “ECOSOC” şurasının formatında konfrans keçirilib. Konfransın məqsədi Azərbaycanda diplomatiya və Beynəlxalq Əlaqələr sahəsində təhsil alan tələbələri BMT-nin iş prinsipləri ilə yaxından tanış etmək və gələcəyin diplomatlarının hazırlanmasına töhvə verməkdir. Tələbələr öncədən verilmiş mövzu üzrə araşdırma aparmış və təyin olunduqları ölkələrin iqtisadiyyatını, tarixini və siyasi münasibətlərini öyəniblər.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə dəstəyi və “UNEC Model UN” klubunun təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın 7 ali təhsil ocağından 50-ə yaxın yerli və əcnəbi tələbə iştirak edib. BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri” proqramının qəbul olunmasına həsr edilən konfransda “Təbii resursların dayanıqlı istifadəsi” mövzusunda müzakirə aparılıb.

Rəsmi açılışda Azərbaycan Respublikası təhsil nazirinin müavini Firuddin Qurbanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli, BMT-nin İnkişaf Proqramı Strateji Əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov çıxış edib. Qonaqlar məruzələrində keçirilən tədbirin əhəmiyyətindən, gənclərə verdiyi töhvədən danışıblar. Bildirilib ki, bu cür konfranslar tələbələrin dünyagörüşünü artırmağa, elmi debatlara olan marağı yüksəltməyə müsbət təsir edəcək.

Daha sonra öz işinə başlayan simulyasiya konfransında ölkə “deleqasiyaları” öz çıxışlarını edib. Tələbələr ölkələr üzrə təbii resursların səmərəli istifadəsindəki təkliflərini səsləndiriblər. Neft ixrac edən ölkələri təmsil edən tələbələr təbii resurlardan istifadənin qlobal proqramının hazırlanmasını təklif edib. Qlobal enerji təminatı və təhlükəsizlik siyasətinin formalaşdırılması üçün müəyyən “yol xəritəsi” müəyyənləşdirilib.

Konfransın formatına uyğun olaraq mövzu ətrafında iştirakçılar diskussiya xarakterli debatlar aparıblar. “Təbii resursların dayanıqlı istifadəsi” mövzusunun yekunu olaraq iştirakçılar tərəfindən qətnamə qəbul edilib.

İki gün davam edəcək konfransın bağlanış mərasimində iştirakçılar sertifikatlarla təltif olunacaq. Konfransda ən yaxşı 4 nümayəndə xüsusi “Ən yaxçı təmsilçilik” mükafatı ilə təltif ediləcək.
Link kopyalandı!
Son xəbərlər