Sosial şəbəkələr üçün yeni yaş qaydaları: uşaqlar necə qorunacaq, platformaları hansı məsuliyyət gözləyir?
1562
06 Aug 2026 | 10:18

Sosial şəbəkələr üçün yeni yaş qaydaları: uşaqlar necə qorunacaq, platformaları hansı məsuliyyət gözləyir?

Məlum olduğu kimi Azərbaycanda uşaqların sosial şəbəkələrdən istifadəsini tənzimləyən yeni hüquqi mexanizm yaradılıb. 30 iyun 2026-cı il tarixli 431-VIIQD nömrəli Qanunla İnzibati Xətalar Məcəlləsinə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanuna mühüm dəyişikliklər edilib.


Qanunun rəsmi mətni 5 avqust 2026-cı ildə dərc olunub. Keçid müddəasına əsasən, texniki hazırlıqla bağlı öhdəliklər nəzərə alınmaqla, qanunun əsas müddəaları dərc edildiyi gündən on iki ay sonra, yəni 5 avqust 2027-ci ildə qüvvəyə minəcək.


Sözü gedən qanunun mahiyyəti və əhəmiyyəti barədə suallarımızı hüquqşünas-ekspert Yunis Xəlilov cavablandırır.

-Yunis müəllim, istərdik ki, ilk olaraq yeni qaydaların mahiyyətinə qısa şəkildə aydınlıq gətirməklə başlayaq...
 
- Yeni qaydaların qısa izahı belədir ki, Azərbaycanda müəyyən sosial şəbəkələrdə fərdi hesab açmaq üçün minimum yaş həddi 16 yaş olacaq; 16-18 yaşlı uşaqlar isə yalnız qanuni nümayəndənin razılığı və xüsusi təhlükəsizlik tədbirləri şəraitində sosial şəbəkələrdən istifadə edə biləcəklər.


-Qanun bütün interneti və bütün tətbiqləri qadağan edirmi?

- Xeyr. Qanun 16 yaşdan aşağı uşaqların ümumiyyətlə, internetdən istifadə etməsini, internet saytlarına baxmasını, onlayn dərslərə qoşulmasını və ya elektron təhsil resurslarından faydalanmasını qadağan etmir.


Məhdudiyyət yalnız dövlət tərəfindən ayrıca siyahıya daxil ediləcək “yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformaları”na şamil olunacaq.


Qanunda belə platformalar insanların fərdi hesab yaratdığı, digər istifadəçilərlə virtual əlaqə qurduğu və mətn, foto, video və audio kimi rəqəmsal məzmunu kütləvi şəkildə paylaşdığı informasiya sistemləri kimi müəyyən edilir. Təhsil, səhiyyə və peşəkar-işgüzar münasibətlərin qurulması məqsədi daşıyan sistemlər bu anlayışdan istisna edilir.


Deməli, qanun avtomatik şəkildə hər bir messencerə, elektron məktəb sisteminə, tibbi platformaya və ya peşəkar iş şəbəkəsinə tətbiq olunmayacaq. Konkret olaraq hansı sosial şəbəkələrin məhdudiyyətə düşəcəyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təsdiq edəcəyi siyahı ilə müəyyənləşdiriləcək. Nazirliyə həmin siyahını beş ay ərzində təsdiq etmək tapşırılıb.


-16 yaşdan aşağı uşaqlara hansı məhdudiyyət qoyulur?


- Qanunun ən mühüm müddəasına görə, 16 yaşı tamam olmamış şəxslərin siyahıya daxil edilmiş sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab yaratmasına yol verilmir.
Bu o deməkdir ki, qanun qüvvəyə mindikdən sonra 16 yaşdan aşağı uşağın öz adına ayrıca hesab açması mümkün olmayacaq. Platforma yalnız istifadəçinin “16 yaşım var” deməsi ilə kifayətlənməməli, yaşı texniki üsullarla yoxlamalıdır.


Məhdudiyyət 16 yaşdan aşağı uşağın sosial şəbəkədə yerləşdirilən hər hansı açıq məlumatı ümumiyyətlə görə bilməyəcəyi mənasına gəlmir. Qadağa ilk növbədə həmin uşağın platformada fərdi rəqəmsal hesab yaratmasına aiddir.


-Uşağın yaşı necə yoxlanılacaq?


- Yeni sistem iki mərhələli yaş yoxlamasını nəzərdə tutur.


Birinci mərhələdə istifadəçi öz yaşını bəyan edəcək. İkinci mərhələdə isə həmin yaşın dəqiqləşdirilməsi üçün bank kartı, elektron poçt ünvanı və mobil telefon nömrəsi üzrə məlumatlar təqdim olunacaq.


Yaşın yoxlanılması elektron poçta və mobil nömrəyə sorğu göndərilməsi, həmçinin bank kartından sonradan geri qaytarılmaq şərtilə müəyyən məbləğin çıxılması vasitəsilə həyata keçirilə bilər. Dövlətin razılığı ilə insan hüquqlarını, istehlakçı hüquqlarını, fərdi məlumatların mühafizəsini və informasiya təhlükəsizliyini pozmayan başqa texniki üsulların da tətbiqinə icazə verilə bilər.


Bu mexanizmin məqsədi sadəcə doğum tarixinin yazıldığı formal qeydiyyat üsulundan real yaş doğrulama sisteminə keçməkdir.


Lakin qanunun praktik tətbiqi zamanı mühüm suallar meydana çıxa bilər: bank kartı olmayan şəxslərin yaşı necə müəyyən ediləcək, ailədə istifadə olunan telefon nömrəsinin kimə məxsusluğu necə yoxlanılacaq və yanlış yaş müəyyənləşdirilməsi halında istifadəçi hansı qaydada etiraz edəcək? Bu məsələlərin daha detallı texniki və prosedur qaydalarla tənzimlənməsinə ehtiyac yaranacaq.


-16-18 yaşlı yeniyetmələr sosial şəbəkədən istifadə edə biləcəklərmi?


- Bəli, lakin adi istifadəçilərlə eyni qaydada deyil.

16-18 yaşlı uşağın hesab açması üçün onun qanuni nümayəndəsinin, adətən valideyninin və ya qəyyumunun razılığı alınmalıdır. Valideyn uşağın hesabında göstərilən məzmunların və reklamların dairəsini, eləcə də sosial şəbəkədən istifadə saatlarını idarə edə bilməlidir.


Platforma valideyn nəzarətinin həyata keçirilməsi üçün xüsusi texniki funksionallıq yaratmağa borcludur. Qanuni nümayəndələr də həmin vasitələrdən istifadə etməklə uşağın hesabına aktiv nəzarət edilməsinə cavabdeh sayılırlar.


Burada diqqət edilməli mühüm məqam odur ki, qanun valideynin məsuliyyətini təsbit etsə də, yeni İnzibati Xətalar Məcəlləsinin 388-4-cü maddəsində valideyn üçün ayrıca inzibati cərimə müəyyən edilmir. Yeni cərimələr əsasən platformanın vəzifəli şəxslərinə və hüquqi şəxs olan provayderlərə yönəlib.

-Platformalar uşaqları necə qorumalıdır?


- 16-18 yaşlı istifadəçilər üçün platformalar xüsusi təhlükəsizlik rejimi yaratmalıdır. Buraya aşağıdakılar daxildir:


gücləndirilmiş məxfilik və təhlükəsiz istifadə rejimi;
geolokasiya məlumatlarının ictimaiyyətə açıqlanmasının məhdudlaşdırılması;
uşağın fiziki və psixi sağlamlığına zərər verə biləcək məzmun və reklamların qarşısının alınması;
asılılıq yarada biləcək dizayn üsullarının məhdudlaşdırılması;
sonsuz sürüşdürmə və videoların avtomatik səsləndirilməsi kimi manipulyativ üsulların qadağan edilməsi;
uşaqlar üçün zərərli hesab edilən informasiyanın onların hesablarında yerləşdirilməsinin qarşısının alınması.


Bu yanaşmanın mühüm xüsusiyyəti ondan ibarətdir ki, qanun yalnız ayrı-ayrı zərərli paylaşımları deyil, sosial şəbəkənin istifadəçini mümkün qədər uzun müddət platformada saxlamağa hesablanmış dizayn və alqoritm mexanizmlərini də hüquqi tənzimləmənin predmetinə çevirir.


Beləliklə, uşaqların müdafiəsi yalnız “pis məzmunu silmək” kimi başa düşülmür. Platformanın necə qurulması, hansı məzmunu tövsiyə etməsi və uşağın diqqətini necə idarə etməsi də qiymətləndiriləcək.


-Zərərli məzmun neçə saata silinməlidir?


- Platforma 16-18 yaşlı uşaqların həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəf və ləyaqətinə təhlükə yaradan məzmunları aşkar etmək üçün fasiləsiz işləyən rəqəmsal həllər tətbiq etməlidir.


Belə məzmun aşkar edildikdən sonra onun yayılmasının qarşısının alınması üçün texniki müdaxilə müddəti 24 saatdan artıq olmamalıdır.


“24 saat” müddəti məzmunun platformaya yerləşdirildiyi andan deyil, platforma tərəfindən aşkar edildiyi andan hesablanır. Buna görə gələcək tətbiqdə məzmunun hansı anda “aşkar edilmiş” sayılması mühüm hüquqi sübut məsələsinə çevrilə bilər.


-İstifadəçinin davranışı izləniləcəkmi?


- Qanuna əsasən, platforma istifadəçinin sosial şəbəkədəki davranışını mütəmadi təhlil etməli, bəyan etdiyi yaşla bağlı əsaslı şübhə yaranarsa yaşını yenidən yoxlamalıdır.


Məsələn, istifadəçinin paylaşdığı məlumatlar, maraq dairəsi və platformadakı davranışı onun qeydiyyat zamanı göstərdiyi yaşla uyğun gəlməzsə, təkrar yoxlama aparıla bilər. Yaş tələbinin pozulduğu müəyyən edilərsə, hesaba giriş dərhal məhdudlaşdırılmalıdır.


Bu norma uşaqların saxta yaş göstərərək hesab açmasının qarşısını almaq məqsədi daşıyır. Bununla yanaşı, “davranışın mütəmadi təhlili” anlayışı şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatların emalı baxımından ehtiyatla tətbiq edilməlidir. Təhlilin hüdudları, hansı məlumatlara əsaslanması və avtomatlaşdırılmış sistemin səhv qərarından şikayət mexanizmi gələcək qaydalarda aydın göstərilməlidir.


-Yaş yoxlaması üçün toplanan məlumatlar qorunacaqmı?


- Qanun bu sahədə kifayət qədər sərt məhdudiyyətlər müəyyən edir.

Platforma yaş yoxlaması üçün əldə etdiyi bank kartı, telefon nömrəsi, elektron poçt və digər fərdi məlumatları:


öz informasiya sistemində saxlaya bilməz;
üçüncü şəxslərə ötürə bilməz;
kommersiya məqsədləri üçün istifadə edə bilməz;
hədəfli reklam üçün istifadə edə bilməz;
yaşın yoxlanılmasından başqa məqsədlə emal edə bilməz.


Yaşın yoxlanılması başa çatdıqdan dərhal sonra toplanmış məlumatlar silinməlidir.


Bu müddəa mühüm hüquqi təminatdır. Çünki yaşın müəyyənləşdirilməsi üçün daha çox şəxsi məlumat toplanması uşaqların müdafiəsi ilə yanaşı, yeni məxfilik riskləri də yarada bilər. Qanun həmin məlumatların kommersiya dövriyyəsinə daxil edilməsini qadağan etməklə bu riski azaltmağa çalışır.

-Uşaqlıq dövründə paylaşılmış məlumatları sildirmək mümkün olacaqmı?


- Bəli. Şəxs yetkinlik yaşına çatmamışdan əvvəl yerləşdirdiyi məlumatların, paylaşdığı məzmunun və fərdi məlumatlarının silinməsini tələb edə bilər. Şəxs hələ yetkinlik yaşına çatmayıbsa, bu tələbi onun qanuni nümayəndəsi də irəli sürə bilər.


Milli Kibertəhlükəsizlik Agentliyi qismində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də müvafiq hallarda belə məlumatların silinməsi üçün müraciət edə biləcək.


Bu norma mahiyyət etibarilə uşaqlıq dövründə edilən paylaşımın insanın bütün sonrakı həyatını izləməməsinə xidmət edən xüsusi rəqəmsal unudulmaq hüququ yaradır.


Lakin silinmə hüququnun hüdudları da nəzərə alınmalıdır. Məsələn, məlumatın başqa istifadəçilər tərəfindən kopyalanması, yenidən paylaşılması və ya başqa platformalara ötürülməsi halında onun internetdən tam çıxarılması texniki baxımdan həmişə mümkün olmaya bilər.


-Mövcud uşaq hesablarının taleyi necə olacaq?


- Qanun yalnız yeni açılacaq hesablara deyil, artıq mövcud olan hesablara da şamil ediləcək.


Qanun qüvvəyə mindikdən sonra platformalar 16 yaşdan aşağı uşaqlara məxsus mövcud hesablara girişi məhdudlaşdırmalıdır. Hesab sahibi 16 yaşının tamam olduğunu təsdiq edən məlumat təqdim etməzsə, həmin hesab və onunla bağlı fərdi məlumatlar silinməlidir.


Deməli, qanunun qüvvəyə minməsindən əvvəl açılmış hesablar üçün avtomatik və müddətsiz istisna nəzərdə tutulmur.


-Platformalar Azərbaycanda qeydiyyatdan keçməlidirmi?


- Azərbaycan ərazisindəki istifadəçilərə xidmət göstərən platforma provayderi fiziki şəxsdirsə vergi uçotuna, hüquqi şəxsdirsə dövlət qeydiyyatına alınmalıdır.


Xarici şirkət Azərbaycanda filial və ya nümayəndəlik yaratmalıdır. Eyni zamanda dövlət qurumlarının platforma ilə operativ əlaqə saxlaması üçün əlaqə mərkəzi yaradılmalı və həmin mərkəzə Azərbaycan dilində müraciət etmək mümkün olmalıdır.


Xarici platformanın Azərbaycandakı filial və ya nümayəndəliyi birbaşa sahibkarlıq fəaliyyəti ilə məşğul olmayacaq, əsasən şirkəti dövlət orqanları, fiziki və hüquqi şəxslərlə münasibətlərdə təmsil edəcək.

Bu modelin məqsədi xaricdə yerləşən iri texnologiya şirkətlərinin Azərbaycan qanunvericiliyindən və dövlət orqanlarının sorğularından faktiki olaraq kənarda qalmasının qarşısını almaqdır.


-Tələblərə əməl etməyən platformaya nə olacaq?


- Qanun mərhələli təsir mexanizmi müəyyən edir.


Platforma müəyyən edilmiş siyahıya daxil edildikdən sonra altı ay ərzində Azərbaycanda qeydiyyat tələbini yerinə yetirməzsə:


ona yazılı xəbərdarlıq ediləcək;
tələb 30 gün ərzində yerinə yetirilməzsə, 100 min manat maliyyə sanksiyası tətbiq olunacaq;
daha 30 gün ərzində pozuntu aradan qaldırılmazsa, əlavə 300 min manat sanksiya tətbiq ediləcək;

bundan sonra həmin platformada Azərbaycan dövlət qurumlarının və Azərbaycan vergi ödəyicilərinin reklam yerləşdirməsi qadağan ediləcək;
pozuntu davam edərsə, məhkəmə qərarı ilə internet trafikinin əvvəlcə 20 faiz, sonra 50 faiz, sonda isə 90 faiz azaldılması mümkün olacaq.


Beləliklə, qanun platformanın bir anda tam bloklanmasını deyil, xəbərdarlıqdan başlayaraq maliyyə sanksiyalarına, reklam qadağasına və mərhələli trafik məhdudiyyətinə qədər yüksələn sistem nəzərdə tutur.


Trafikin 20 faiz azaldılması üçün məhkəməyə müraciət edilməlidir. Məhkəmə həmin müraciətə beş gün ərzində baxacaq. Qərar dərhal qüvvəyə minəcək və qərardan şikayət verilməsi onun icrasını dayandırmayacaq.


Bu sürətli prosedur dövlətin operativ müdaxiləsini təmin edir. Bununla belə, məhkəməyə müraciətə beş gün ərzində baxılması və şikayətin icranı dayandırmaması platformanın səmərəli müdafiə hüququ və tərəflərin bərabərliyi baxımından hüquqi müzakirə predmeti ola bilər.


-İnzibati cərimələr kimlərə tətbiq ediləcək?


- İnzibati Xətalar Məcəlləsinə əlavə edilən 388-4-cü maddə üzrə cərimələr əsasən platformanın vəzifəli şəxslərinə və hüquqi şəxs olan provayderə tətbiq ediləcək.


İllik hesabatın vaxtında təqdim edilməməsinə, natamam və ya təhrif edilmiş məlumat verilməsinə görə:


vəzifəli şəxslər 6–7 min manat;
hüquqi şəxslər 15–20 min manat cərimə ediləcək.

Dövlət orqanının sorğusunun beş iş günü ərzində cavablandırılmamasına görə:
vəzifəli şəxslər 7–8 min manat;
hüquqi şəxslər 25–30 min manat cərimə ediləcək.


Yaş yoxlamasının aparılmaması, uşaqlar üçün təhlükəsizlik tədbirlərinin tətbiq edilməməsi, zərərli məzmuna 24 saat ərzində müdaxilə olunmaması, yaş yoxlaması məlumatlarının qanunsuz saxlanılması və ya uşaqlıq dövründəki məlumatların silinməməsi kimi pozuntulara görə:


vəzifəli şəxslər 8–9 min manat;
hüquqi şəxslər 35–40 min manat cərimə ediləcək.


Eyni xəta inzibati tənbeh qərarı qüvvəyə mindikdən sonra bir il ərzində təkrar törədilərsə:

vəzifəli şəxslər 9–10 min manat;

hüquqi şəxslər 45–50 min manat cərimə ediləcək.


Bu inzibati cərimələri platformanın Azərbaycanda qeydiyyatdan keçməməsinə görə tətbiq edilən 100 min və 300 min manatlıq maliyyə sanksiyalarından fərqləndirmək lazımdır. Bunlar hüquqi təbiətinə və tətbiq əsaslarına görə ayrı məsuliyyət tədbirləridir.


-Nəzarəti hansı dövlət qurumları həyata keçirəcək?


- Qanunun tətbiqi barədə Prezident Fərmanına əsasən, əsas səlahiyyətli qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.


Ayrı-ayrı məsələlər üzrə:


Milli Kibertəhlükəsizlik Agentliyi;
Dövlət Təhlükəsizliyi Xidməti;
Nazirlər Kabineti;

Elm və Təhsil Nazirliyi;
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də prosesdə iştirak edəcək.


Yaşın müəyyənləşdirilməsi üçün alternativ texniki üsulların tətbiqinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Dövlət Təhlükəsizliyi Xidməti birlikdə razılıq verəcək. Uşaqların maarifləndirilməsi tədbirlərində isə Elm və Təhsil Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də iştirak edəcək.


-Qanunun əsas məqsədi nədir?


- Milli Məclisdə qanun layihəsinin müzakirəsi zamanı onun məqsədinin uşaqları texnologiyadan tamamilə uzaqlaşdırmaq deyil, onları fiziki və psixoloji zərərdən, manipulyativ çağırışlardan və təhlükəli məzmunlardan qorumaq olduğu bildirilib.


Parlament müzakirələrində minimum “rəqəmsal yetkinlik yaşı”nın 16 yaş müəyyən edilməsi, 16–18 yaş qrupu üçün isə valideyn razılığına əsaslanan daha nəzarətli rejimin yaradılması əsaslandırılıb.


Qanunun hüquqi fəlsəfəsi sosial şəbəkədə baş verən bütün risklərə görə yalnız uşağı və ya valideyni məsul tutmaqdan imtina edilməsinə əsaslanır. Yeni yanaşmada platforma artıq sadəcə texniki vasitəçi deyil. O, alqoritmləri, reklam sistemi, məxfilik parametrləri və istifadəçi davranışına təsir edən dizaynı idarə etdiyi üçün uşaqların təhlükəsizliyinə görə birbaşa hüquqi öhdəlik daşıyır.


Qanunun müsbət tərəfləri...


- Yeni tənzimləmənin bir neçə mühüm üstünlüyü vardır.


Birincisi, yaş məhdudiyyəti yalnız kağız üzərində bəyanata deyil, real texniki yoxlamaya bağlanır.

İkincisi, 16-18 yaşlı uşaqlar üçün standart hesab deyil, xüsusi təhlükəsizlik və məxfilik rejimi yaradılır.


Üçüncüsü, uşaqlara hədəflənmiş reklam, asılılıq yaradan dizayn və alqoritmik manipulyasiya ayrıca hüquqi problem kimi tanınır.


Dördüncüsü, yaşın yoxlanılması üçün toplanan məlumatların kommersiya məqsədilə istifadəsi və üçüncü şəxslərə verilməsi qadağan edilir.


Beşincisi, uşaqlıq dövründə yerləşdirilmiş məlumatların sonradan silinməsi üçün ayrıca hüquqi əsas yaradılır.


Altıncısı, xarici sosial şəbəkələrin Azərbaycan ərazisində hüquqi nümayəndəlik və əlaqə mərkəzi yaratması tələb olunur.


-Praktikada hansı çətinliklər yarana bilər?


- Qanunun səmərəli işləməsi yalnız cərimələrin böyüklüyündən deyil, tətbiq mexanizmlərinin aydınlığından asılı olacaq.


Əsas çətinliklərdən biri uşağın yaşının səhvsiz müəyyən edilməsidir. Bank kartı, mobil nömrə və elektron poçt insanın yaşını birbaşa göstərən sənədlər deyil. Bu məlumatların hansı dövlət və ya özəl məlumat bazaları ilə müqayisə ediləcəyi və səhv nəticəyə necə etiraz olunacağı dəqiqləşdirilməlidir.


Digər məsələ platformanın istifadəçi davranışını təhlil etməsinin sərhədləridir. Uşağın qorunması məqsədi həddindən artıq profil yaratmağa və bütün istifadəçilərin geniş müşahidəsinə çevrilməməlidir.


“Zərərli məzmun”, “asılılıq yaradan məzmun”, “əsaslı şübhə” və “manipulyativ dizayn” kimi anlayışların tətbiq meyarları da mümkün qədər konkret olmalıdır. Əks halda müxtəlif platformalara fərqli yanaşılması və hüquqi qeyri-müəyyənlik yarana bilər.

Valideyn nəzarəti uşağın üstün mənafeyi ilə yanaşı, onun yaşına uyğun müstəqillik, şəxsi həyat və fikir azadlığı hüquqları nəzərə alınmaqla həyata keçirilməlidir. 16 yaşlı yeniyetmə ilə 18 yaşa yaxın olan şəxsin rəqəmsal müstəqillik səviyyəsi eyni deyil.


Nəhayət, uşaqların bir platformadan uzaqlaşdırılması onların daha az tanınan, nəzarətsiz və təhlükəli platformalara keçməsinə səbəb olmamalıdır. Buna görə hüquqi qadağa rəqəmsal savadlılıq, ailə daxilində ünsiyyət və məktəblərdə təhlükəsiz internet təhsili ilə tamamlanmalıdır.


Ekspert-hüquqşunas Yunis Xəlilov sonda bildirdi ki, yeni qanun Azərbaycanda sosial şəbəkələrin hüquqi statusuna və uşaqların rəqəmsal mühitdə müdafiəsinə münasibətdə ciddi dəyişiklikdir.


Qanunun əsas mesajı budur: uşağın sosial şəbəkədə təhlükəsizliyi yalnız valideynin şəxsi işi deyil; platforma da uşağın yaşını yoxlamağa, təhlükəsiz rejim yaratmağa, zərərli məzmuna müdaxilə etməyə, şəxsi məlumatları qorumağa və dövlət qarşısında hesabat verməyə borcludur.


16 yaşdan aşağı uşaqlar müəyyən edilmiş platformalarda fərdi hesab aça bilməyəcəklər. 16–18 yaşlı uşaqlar isə valideyn razılığı, xüsusi məxfilik parametrləri və gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə sosial şəbəkələrdən istifadə edə biləcəklər.


Lakin qanunun real nəticəsi onun necə icra olunacağından asılı olacaq. Yaş yoxlaması uşaqların müdafiəsini təmin etməli, eyni zamanda bütün istifadəçilərin şəxsi həyatına həddindən artıq müdaxilə vasitəsinə çevrilməməlidir. Platformalara nəzarət təsirli olmalı, lakin şəffaf prosedurlara, məhkəmə təminatlarına və hüquqi müəyyənlik prinsipinə əsaslanmalıdır.


Düzgün tətbiq olunarsa, bu qanun sosial şəbəkələrdə uşaqların təhlükəsizliyinin artırılmasına, onların şəxsi məlumatlarının qorunmasına və texnologiya şirkətlərinin uşaqlar qarşısında məsuliyyətinin gücləndirilməsinə xidmət edə bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər