Ağdamda mina təhlükəsinə dair maarifləndirmə sessiyası keçirilib - FOTO
1333
16 Jul 2026 | 17:30

Ağdamda mina təhlükəsinə dair maarifləndirmə sessiyası keçirilib - FOTO

Ağdam rayonunun Baharlı qəsəbəsində "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda mina və partlamamış hərbi sursatların (PHS) yaratdığı təhlükələrə dair maarifləndirmə sessiyası təşkil olunub.

Moderator.az xəbər verir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Ağdam rayon bölməsinin könüllüləri tərəfindən məcburi köçkünlərin yığcam şəkildə müvəqqəti məskunlaşdıqları ərazilərdə "qapı-qapı" formatında həyata keçirilən sessiyaların məqsədi sakinlər arasında mina və partlamamış hərbi sursatlarla bağlı məlumatlılığı artırmaq, təhlükəsiz davranış vərdişlərini təşviq etmək və mümkün risklərin qarşısının alınmasına töhfə vermək olub.

Könüllülər yaşayış evlərini ziyarət edərək mina və partlamamış hərbi sursatlarla bağlı təhlükələr, təhlükəli ərazilərin tanınması, qadağanedici, xəbərdaredici və məlumatlandırıcı nişanların mənası, eləcə də təhlükəli hallarla qarşılaşdıqda əməl edilməli davranış qaydaları barədə sakinlərə ətraflı məlumat veriblər. Eyni zamanda, müraciət edilə biləcək aidiyyəti dövlət qurumları və əlaqə vasitələri barədə məlumat təqdim olunub, maarifləndirici broşürlər paylanılıb və sakinlərin sualları cavablandırılıb.

Sakinlər həyata keçirilən maarifləndirmə sessiyalarının əhəmiyyətini yüksək qiymətləndirərək bu cür tədbirlərin onların təhlükəsizlik barədə biliklərinin artırılmasına mühüm töhfə verdiyini bildiriblər.

Qeyd edək ki, maarifləndirmə sessiyası Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşlığı çərçivəsində həyata keçirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər