Roma Papası Fransiskin Pasxa müraciəti erməni mediasının manşetlərindən düşmür. Papa ermənilərin ürəyindən xəbər verib, “həmişəki kimi”. Budəfəki təbrik müraciətində fərqli məqam budur ki, Roma Papası Dağlıq Qarabağda “əsir” düşənlər üçün dua edib.
Kimsə deyə bilər ki, ola bilsin din xadimi hər iki tərəfin əsirlərini nəzərdə tutub. Amma xeyir! Əgər Papa azərbaycanlı əsir və girovların taleyindən narahat olsaydı, buna bənzər xitabını, yaxud müraciətini ötən illər ərzində eşidərdik. 90-cı illərin müharibəsindən 4 minə qədər azərbaycanlı hərbçi və mülki vətəndaş erməni əsir və girovluğundadır! Papa nə vaxt onları xatırlayıb?..
2016-cı ilin yayında Roma Papası İrəvana səfər etmişdi, o zaman mehribanlıqla görüşdüyü Xocalı canisi Serj Sərksiyandan azərbaycanlılarla bağlı bir kəlmə soruşmuşdumu? O vaxt Dilqəm Əsgərovla Şahbaz Quliyev erməni girovluğunda idi, heç olmasa onların azadlığı dua etməmişdi. Amma indi Şirak vilayətindən, Qarabağa göndərilmiş terrorçular üçün duasını əsirgəmir...
Neçə müddətdir ki, Ermənistan hakimiyyəti, cəmiyyəti, erməni diasporu həmin terrorçuların azadlığa buraxılması üçün minnətçi düşüblər, qapılar döyürlər. Azərbaycan dövləti isə qəti şəkildə bəyan edib ki, bütün erməni əsirlər son nəfərinədək qaytarılıb, bir azdan mühakimə olunacaq şəxslər terror fəaliyyətində günahlandırılanlardır. Bizim dinc sakinlərimizi, hərbçimizi qətlə yetiriblər, Papa isə onların azadlığı üçün dua edir. Əhsən! Budurmu ədalət?! Səsimizi duysaydı, soruşardıq: heç olmasa erməni terrorçularının hədəfə aldığı, qətlə yetirdiyi uşaq, qadın, yaşlı insanlarımız üçün bir dəfə dua etdinmi, Papa?!
Əslində onun “ədalətini” çoxdan görmüşük, İrəvanda qondarma “erməni soyqırımı” abidəsini ziyarət edəndən, məşəl önünə “sarı rəngli iki qızılgül” qoyandan, protokolu pozaraq “erməni soyqırımı” ifadəsini işlətdiyi andan. Üstəlik, bütün ermənilərin katalikosu II Qareginlə birgə Türkiyə ilə sərhəddə yerləşən Xor Virap kilsəsindən Ağrı dağı istiqamətinə (!) ağ göyərçinlər uçurmuşdular. Sülh istəyən din xadimi Türkiyə dövlətinin kəskin etirazına səbəb olan iddianı dilə gətirər, ermənilərin “çörəyinə yağ sürərdi”mi?
Papanın 5 il əvvəlki davranışları qardaş Türkiyədə haqlı etirazlar doğurmuşdu. O, 1915-ci il hadisələrini ilk dəfə olaraq “XX əsrin birinci soyqırımı” adlandırdığı zaman Ankaradan kəskin reaksiya almışdı. Özü də Aprel döyüşlərindən sonra... O vaxt Türkiyə Vatikandakı səfirini dərhal geri çağırmışdı. İnanmaq istərdik ki, Fransisk ermənilərin 24 aprel şousunda ənənəvi səhvini təkrarlamayacaq. Ancaq təcrübə bu əminliyi aşılamır axı.
Keçən ilin iyulunda Ermənistan Tovuz üzərinə hücuma keçəndə də Papa “narahatlığını” ifadə etmişdi. Hər iki tərəfə sülh çağırışı etdi. Ancaq heç olmasa birgə “quş uçurduğu” Qareginə xitab edib insan ölümünə, kütləvi dağıntılara rəvac verənlərin dayandırılmasını istəmədi.
Katoliklərin dini liderinin növbəti duası 44 günlük müharibə günlərində oldu. Katoliklərin lideri o zamanlar da Xankəndidə “kilsənin dağıdılması” barədə ermənilərin hay-küyünə reaksiya vermişdi. Amma Qarabağda darmadağın edilmiş 70-dək məscidə, donuz fermasına çevrilmiş dini ocaqlarımıza görə bircə dəfə səslənmədi...
Azərbaycanı “kilsə dağıtmaqda” ittiham edən ermənilərə cavab elə ilk növbədə Roma Papasından gəlməliydi. Kəlbəcəri boşaldandad Xudavəng alban kilsəsini yağmalayıb cəhənnəm olan ermənilərin müdafiəsinə qalxmaq isə ədalətsizliyin son həddiydi. Papa Azərbaycanda toleriantlığın nümunəsi olarq Bakıdakı erməni kilsəsini, Katolik kilsəsini xatırlada bilərdi, istəsəydi. Ən azı Azərbaycan-Vatikan əlaqələrinin yaxın tarixinə ekskurs edə, Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpa edilməsini yada sala bilərdi. Hansı ki, Vatikan rəsmiləri özləri belə, bu sahədə görülən işləri çox yüksək qiymətləndiriblər və bütün bunlara görə də Mehriban Əliyevaya dəfələrlə təşəkkür ediblər. Axı, “bunu da bilirik ki, Sizin ölkədə dini azadlıqlar tam təmin edilib”, sözləri də Papaya məxsusdur, 2016-cı ildə şəxsən Azərbaycan Prezidentinə söyləyib. Bütün bunlardan sonra erməni sərsəmləmələrini necə ciddiyə almaq olar?
Gəncə, Bərdə bombardman ediləndə də. Elə bu günlər Ermənistanın Şuşaya qadağan olunmuş “İsgəndər” atması müzakirə mövzusudur, bəşəri cinayətdən bəhs olunur. Üstəlik, ermənilərin basdırdığı minalar can almaqdadır, İrəvan heç olmasa mina xəritəsini vermir. Papa isə “əsir”lərin qayğısına qalır. Heç yaraşmadı. Qareginlə uçurulan quşlara “bir quş”. Belə sülh olmur...
Elşad Paşasoy