Birinci yazı ilə BURADAN tanış ola bilərsiniz!
“Xahiş edirəm məni ağlatmayın!”
Səfər boyu gözləri onsuz da dolu olan Səməndər dayı hər dəfəsində bu ifadələri işlətməklə “məsuliyyətdən”, Kəlbəcərlə bağlı təəssüratlarını bölüşməkdən yayınmağa çalışdı. “29 ildən sonra Kəlbəcərə məni siz gətirdiniz. Vətəni gördüm” dedi və başqa da bir şey söyləmədi.
Jurnalist həmkarımız Elşad Eyvazlının atası Səməndər Eyvazov da bizimlə birgə 29 ildən sonra ilk dəfə Kəlbəcərə, doğma el-obasına ayaq basmışdı. Əslən Kəlbəcərin Sarıdaş kəndindəndir. Uzun illər Kəlbəcərdə müəllim işləyib, 17 il məktəb direktoru olub. Hazırda 80 yaşı var. Amma imkan verilsə, yenidən Kəlbəcərdə təhsil fəaliyyətinə başlamaq iqtidarındadır. “Mən fəxr edirəm ki, nəfəsim hansı kəlbəcərliyə dəyibsə, o, ali təhsil alıb... Xahiş edirəm məni ağlatmayın..!” - dedi və yenə susdu.
Yenidən yola düzəldik. Yol boyu bizi dağlar, vaxtilə dağların döşündə tikilmiş, lakin indi xarabaya dönmüş evlər, daha doğrusu uçuq-sökük divarlar və bir də dupduru suyu olan Tərtər çayı müşayiət edirdi. Qarşımızda daha bir yolayrıcı vardı – sola İstisu, düzünə Kəlbəcər. İlk gedəcəyimiz yer Kəlbəcər şəhəri olduğundan istiqaməti dəyişmədik. Düz gəlib çıxdıq şəhərə, adı və yeri olub, özü olmayan şəhərə. Sadəcə, insanı dəhşət bürüyür, həqiqətən, bura şəhərdir?! Sanki, böyük bir xarabazarın içərisindəyik, evlər talan, həyətlər viran... Bu "ev"lər kol-kosun içərisində itib-batıb. “Şəhərdə” baş soxacaq bir tikili tapmaq çox müşküldür. Qismən salamat qalan tək-tük evlərdə isə hələlik qəhrəman hərbçilərimiz yerləşib.
Mərkəzi yolla irəliləyərkən qarşıda dövlət başçısı İlham Əliyevin avqustun 16-da burada ucaltdığı şanlı Azərbaycan bayrağı göründü. Yaxınlaşdıq və o müqəddəs bayrağın asıldığı dirəyə, kəndirlərə toxunmaq şərəfinə nail olduq. Açığı, necə bir hiss keçirdiyimiz bəlli deyildi, bütün hislərimiz bir-birinə qarışmışdı, amma qürur və iftixarla dolu olduğu şübhəsiz idi. Bu bayraq məhz burada dalğalansın deyə, canından, qanından keçən minlərlə igidimizin bir anlıq obrazı canlandı təsəvvürümüzdə. Bir də onların gözü ilə ətrafa baxdıq. Sanki Kəlbəcər yenidən doğulmuşdu, ətraf kol-kosdan, uçuq-sökük tikililərdən deyil, gül-gülüstandan ibarət idi...
Rayon mərkəzində apardığımız müşahidəyə əsasən, deyə bilərik ki, Kəlbəcər erməni vandalizminin əsl üzüdür. Əlavə sübuta, hər hansı bir tarixi sənədə heç bir ehtiyac yoxdur. Sanki yağı düşmən buranın heç bir zaman onlara aid olmadığını və ya olmayacağını lap əvvəldən bilirmiş. Ona görə də elə Birinci Qarabağ savaşından sonra, işğal dövründə qarşılarında yalnız bir məqsəd olub – çapıb-talamaq. Nəinki evlərin qapı-pəncərəsini, tavan-döşəməsini, daş-divarını, hətta həyətlərdəki ağacları da (xüsusən qoz ağaclarını) kəsib aparıblar. Hələ rayon qəbiristanlığı... Tapdıq dayı oğlu Aqillə birgə nə qədər axtarsalar da qohum-əqrabalarının qəbirlərini və ya ona aid bir nişanəni tapa bilmədilər. Ermənilər burada da öz “sözlərini” demişdilər; mərmər daşları söküb, qəbir yerlərini isə qazıb çıxarıblar...
Bilirsiniz, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında müharibənin bitməsi və atəşkəsin bərqərar olmasına dair akt imzalandı. Bu, Ermənistan üçün bir növ təslim – dizçökmə aktı idi. Azərbaycan yenə də humanistlik göstərərək Kəlbəcərdən çıxmaları üçün ermənilərə bir qədər vaxt tanıdı, hətta sonradan Ermənistan rəhbərliyinin yalvarışı və Rusiya prezidentinin xahişi ilə bu vaxtı bir qədər də uzatdı. Ki, onlar tam şəkildə Azərbaycan torpaqlarını tərk etsinlər. Bu humanistliyə qarşı ermənilər nə etdilər? Onlara verilən vaxtdan maksimum istifadə edərək talançılıq əməllərini davam etdirdilər. Kimisi unitazını qoltuğuna vurdu, kimisi tikdiyi evi sökdü, kimisi də od vurub yandırdı. Bunları təsadüfən xatırlatmadıq, biz Kəlbəcərdə həm də ermənilərin bu əməllərinə şahidlik etdik. Dağıtdıqları, yandırdıqları o evləri, erməni vəhşiliyinin əsl simasını gördük.
İllərlə kimsəsiz qaldığı Kəlbəcərin hər halından bəlli idi. Lakin təbiətinin füsunkar gözəlliyi onun bütün küskünlüyünü yox edir. Bir də burada aparılan sürətli abadlıq-quruculuq işləri insanı bir qədər də fərahladır. İşğaldan azad olunduqdan sonra qısa vaxtda rayona yeni elektrik xətti çəkildi. Artıq Kəlbəcər küçələrində işıq yanır. Ən yüksək dağ kəndlərinə belə yüksək keyfiyyətli yol çəkilir. Bu prosesi Zar yaylaqlarına gedərkən daha yaxından izləmək imkanımız oldu. Belə demək mümkünsə, Azərbaycan müasir texnikalarla Kəlbəcər dağlarında, sıldırım qayalarda təkcə yol çəkmir, həm də tarix yazır.
Burada yol tikintisi hələ yekunlaşmadığından Zar yaylaqlarına bir qədər çətinliklə gedib çıxdıq. Zar kəndinin də aqibəti Kəlbəcərin digər yaşayış yerlərindən fərqlənmirdi. Evlər talanmış, ətrafı kol-kos basmışdı. Bu kənddə doğulan, burada böyüyən jurnalist həmkarımız Pərviz Həşimlinin yağmalanmış “evində” qonaq olduq. Xatirə şəkli çəkdirdik. Təbii ki, heç birimiz o an Pərvizin yerində olmaq istəməzdik. Hər halda, doğulduğun kəndi, yaşadığın evi illər sonra bu şəkildə görmək ən möhkəm ürəyi belə sarsıda bilər...
Bizdən bir qədər aralıda arıçılıq təsərrüfatının olduğunu gördük, fermerlər burada bizi duz-çörəklə qarşıladı. Bərəkəti ilə qarnımızı doyurduq və təsərrüfatla maraqlandıq.
Arıçı İsmayıl Yusibov, əslən elə bu kənddəndir. 1956-cı ildə məhz burada doğulub. Kəlbəcərin hər qarışını tanıyır, hətta iddia edir ki, Zərngəzurun, ermənilərin Vardenis adlandırdığı Basarkeçərin hər tininə bələddir. “İmkan versinlər, kəşfiyyata gedim” deyə, hələ bir “əsəbiləşdi” də...
O, təsərrüfatı Kəlbəcərə gətirdikdən sonra məhsuldarlığın dəfələrlə artığını dedi. Məsələn, 40 arı yeşiyindən 6-7 yüz kiloqram məhsul götürürlər: “Hazırda Kəlbəcərdə olmağımız xəyala gəlməyən bir şeydir, təsəvvür edin ki, gəlib buraları görəndən sonra ölüb-dirilmişəm. Bu günə çox şükür. Kənd Təsərrüfatı Nazirliyi bizə lazımı qədər köməklik edib. Maddi olaraq da ildə bir dəfə hər yeşiyə görə 10 manat verilir”.
İsmayıl dayı “təmiz balı boğaz tanıyır. Boğaz yanırsa, bal təmizdir, bir də qaşıqla süzərkən təmiz bal qırılmır” - deyə, məsləhət də verdi.
Ardı var...
Növbəti yazıda İstisu sanatoriyası, Xudavəng məbədi, Kəlbəcər-Laçın tuneli, Zod qızıl yatağı, eləcə də Söyüdlü yaylağı ilə bağlı zəngin təəssüratlarımı bölüşəcəm.
Elgün Mənsimov
Bakı - Kəlbəcər - Bakı