Yazar
Ədalət Verdiyev
Bütün yazılar
11335
19 Feb 2021 | 09:36

Serj Sarkisyan Şuşada "yoxa çıxan" "İskəndər"lə Rusiyadan necə qisas aldı..?

Vətən Müharibəsində əlində olan hərbi resurslarının böyük hissini itirərək darmadağın olan erməni ordusunun rəhbərləri artıq bu məğlubiyyətdə “günah keçisi” axtarışına çıxıblar. Ermənistanın 2-ci və 3-cü prezidentləri bu formatda daha aktiv mövqe nümayiş etdirirlər. Bu da səbəbsiz deyil. Çünki, hərbi sahədə anlayışı olan hər bir mütəxəsssis yaxşı bilir ki, Paşinyanın hakimiyyyətə gəldiyi 30 ay müddətində Ermənistan ordusunu döyüşə hazır vəziyyətə gətirmək real deyildi. Ermənistan nümunəsində buna normal maliyyələşmə şəratində ən azı 5 ildən 10 ilə qədər müddət tələb olunurdu. Paşinyan isə nə belə resurslara, nə də belə bir müddətə malik idi. Yalnız sovet təcrübəsinə əsaslanan və 60 il əvvəlki döyüş taktikasını mənimsəyən kadr potensialını isə bir kənara qoyuram. Ermənistanda siyasi rəhbərlərin səsləndirdiyi “məğlubedilməz ordu və ya keçilməz müdafiə xətti” barədə bəyanatların altını heç bir erməni mütəxəssis və ya ekspert doldura bilmirdi. Çünki real qüvvələr nisbəti, orduya ayrılan vəsait, insan və texnika resursları arasında fərq böyük idi. 
Azərbaycan ordusu 2016-cı ildə Ermənistan üzərində qısa müddətli əks hücum əməliyyatında həm ərazilərinin bir hissəsini işğalçıdan azad etdi, həm düşmən müdafiəsinin zəif nöqtələrini aşkarladı, həm də Ermənistan və Rusiyaya işğal faktı ilə barışmayacağına dair sərt mesaj vermiş oldu. Həmin dövrdə kifayət qədər yaxın olan Moskva-İrəvan münasibətləri, Moskvanın Ankara isə mövcud gərginliyi fonunda Azərbaycanı gələcək qəti addımlardan çəkindirmək üçün Kremlin Ermənistana silah almaq üçün bir neçə dəfə, həm də qaytarılması əvvəlcədən şübhəli olan yüz milyonlarla dollarlıq kreditlər ayırması ilə nəticələndi. Bu kreditlərdən biri də Rusiyanın sonuncu çəkindirmə silahı olan “İskəndər” operativ taktiki raket kompleksinin (OTRK) ixrac versiyasının İrəvana verilməsi ilə nəticələndi. 
 

“İskəndər-E” ixrac versiyasına aid raketin uzunluğu 7.2 m, diametri 920 mm, döyüş başlığı isə 480 kq kütləyə malikdir. İstehsalçı kompleksin 20 dəqiqə ərzində döyüşə hazır vəziyyətə gətirildiyini iddia edir. Lakin Rusiya Ordusunda kompleksdən istifadə edən heyətlər bu normativi 30 dəqiqədən tez yerinə yetirməyin mümkün olmadığını bildirirlər.
Minimal atəş məsafəsi 50 km, maksimum atəş məsafəsi isə 280 km-dir. İstismar müddəti 10 ildir, səhra şəraitində isə raket 3 ildən sonra effektivliyini itirir. “İsgəndər-E” Rusiya operativ-taktiki kompleksinin ən sadə versiyası idi. İrəvan bu raketlərlə Azərbaycan ilə raket silahları sahəsində balans yaratmağa çalışsa da, bunu həyata keçirmək mümkün olmadı. 
 

2015-ci ildə uçak krizindən sonra gərginləşən Türkiyə-Rusiya münasibətləri də bu raketlərin Ermənistana verilməsini sürətləndirdi. Bu kompleksin İrəvana hansı şərtlərlə verilməsi və onlardan istifadə etmək hüququnun Ermənistana aid olub-olmamasına dair Rusiyanın rəsmi mövqeyi barədə məlumatlara açıq mənbələrdə rast gəlinmir, lakin hesab edirəm ki, Belarusa belə verilməyən bu OTRK-nın İrəvana çatdırılması, həm də Türkiyəyə qarşı atılan addım idi. İkincisi bu raket kompleksi Azərbaycanı Qarabağda daha təmkinli davranmağa dəvət etmək, həm də NATO ilə sərhəddə yerləşən və KTMT-nin cənub qanadı funksiyasını yerinə yetirən Ermənistanı silahlandırmaqla “Kreml tərəfdaşını unutmur” mesajını vermək məqsədi daşıyırdı. Rusiya “İskəndər” kompleksi vasitəsilə Zaqafqaziyada hərbi balansın pozulmasına yol verməmək üçün Ermənistana bu silahları tədarük etməklə qüvvələr nisbətini qorumağa çalışırdı. Bu OTRK tərəflərdən heç birinin üstünlüyə malik olmaması və buna müvafiq olaraq, Qarabağ problemini hərbi yolla həll etmək variantını aradan qaldırmaq cəhdi də hesab oluna bilər. Çünki, Kremlin münaqişəni daha uzun zaman müstəvisinə yaymağla regionda təsir gücünü qorumaq məqsədi aşkar hiss olunub və bu indi də belədir.

 

İstənilən halda 30 il müstəqillik dövründə pilotlarını belə Rusiyadan idxal edən, iki il əvvəl aldığı qırıcıları belə birdəfə də olsun havaya qaldıra bilməyən Ermənistana Kremlin ixrac potensialı yüksək olan çəkindirmə silahının birbaşa istifadə hüququnun verməsi real görünmürdü. Azərbaycan “İskəndər” OTRK-ya qarşı İsraildən “Dəmir Günbəz” və “Barak-8” hava hücumundan müdafiə kompleksi ilə bərabər LORA OTRK, Belarusdan isə yüksək dəqiqliyinə və uzaq mənzilinə görə taktiki raket kompleksi ilə müqayisə edilən “Polonez” YARS-ları əldə edərək yenə də qüvvələr nisbəti arasındakı fərqi  öz xeyrinə artıra bildi. 

 

“İskəndər” kompleksləri İrəvanda keçirilən paradda göstərilməsindən sonra bir çox erməni rəhbərlər, Azərbaycanı bu raketlərlə təhdid etsələr də, Rusiya bu barədə heç bir zaman rəsmi mövqe bildirmədi. “İskəndər” tətbiqi ilə bağlı Azərbaycan tərəfi də rəsmi açıqlama verməyib. Ermənistanda isə bu barədə son bəyanat Ermənistanın 3-cü prezidenti Serj Sarkisyana məxsusdur. Sarkisyan “Armnews” kanalına verdiyi müsahibəsində İkinci Qarabağ müharibəsi dövründə Ermənistan hərbi qüvvələrinin Azərbaycanın Gəncə şəhərindəki mülki yaşayış məntəqələrini qəsdən hədəfə aldıqlarını və hətta erməni ordusunun “İskəndər”  operativ taktiki raket sistemindən Azərbaycanın nəzarətində olan Şuşa şəhərinə qarşı tətbiq etməsini açıq şəkildə etiraf edib. 

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət İdarəsinin sabiq rəisi Movses Hakopyan, Paşinyanın mülki nigahda olduğu Anna Akopyanı Qarabağdakı müharibə zamanı komanda məntəqəsindən qovduğuna görə vəzifədən azad ediləndən sonra, ilk dəfə “İskəndər” barədə verdiyi açıqlamasında bu fikirləri bildirmişdi: “Müharibə günlərində erməni tərəfi “İsgəndər” operativ taktiki raket kompleksindən istifadə edib, lakin bunun haradan, hansı istiqamətdəki hədəfə qarşı olduğunu deyə bilmərəm”. Bu açıqlamaya qədər vəzifəsini itirən Hakopyan, bu açıqlamadan sonra Ermənistan hakimiyyəti tərəfindən “dövlət sirrini yaymaqda” günahlandırıldı və hazırda azadlığını itirmək təhlükəsi ilə qarşı qarşıyadır. Xatırladıram ki, Hakopyan da Qarabağ klanının nümayəndəsidir və Sarkisyanın yaxın adamlarından biridir. Aprel döyüşlərində bibırçılıqdan sonra Sarkisyan onu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəsi təyin etmişdi. 

 

Bir ay əvvəl, yanvarın 17-də Ermənistandakı “Adekvad” siyasi hərəkatının lideri Artur Danielyan bəyan etdi ki, “Ermənistanın Müdafiə Nazirliyi “İsgəndər” raketini səhər 09.00-da Şuşaya atıb. Guya azərbaycanlı hərbçiləri vurmaq istəyiblər. Amma raket Şuşaya yox, şəhərin yaxınlığına, erməni hərbçilərin çox olduğu yerə düşüb”. 

 

Lakin indiyə qədər erməni tərəfi rəsmi olaraq bu məlumatların heç birini təkzib etməyib. Həm də indiki hakimiyyəti xalqa yalan məlumatlar verməkdə günahlandıran Sarkisyan indiki həssas bir vəziyyətdə, baş verəyən bir hadisəni ictimailəşdirməklə, ümidsiz siyası karyerasının sonunu öz dili ilə gətirəcəyini yaxşı anlayır. Üstəlik qısa zaman fasilələri ilə hakimiyyətə iddialı yüksək vəzifəlilərin eyni iddiaları səsləndirməsi və bu faktı gündəmdə saxlaması təsadüfi ola bilməz. 

 

Deməli, ən azından Ermənistan bir, bəlkə də bir neçə dəfə “İskəndər” silahından istifadə edib və bunlardan biri Şuşa istiqamətində atılıb. Lakin bu raket Şuşa şəhərinin ərazisinə düşməyib, çünki mən yanvar ayının sonunda Şuşada olarkən, Hakopyanın və Danielyanın verdiyi açıqlamalar əsasında raketin izlərini və ya düşdüyü yeri tapmağa çalışdım. Bəzi qeyri rəsmi mənbələr raketin Şuşadakı 9 mərtəbəli otelə düşdüyünü bildirirdi. Mən o oteli gördüm, şəhərin mərkəzini gəzdim, Şuşa qalasında, Cıdır düzündə oldum, lakin “İskəndər” raketinin izinə rast gəlmədim. Belə çıxır ki, şəhərə raket atılıb, lakin o hədəfdən yayınaraq böyük ehtimalla dağlıq və ya meşəlik əraziyə, bəlkə də Danielyanın dediyi kimi, erməniəsgərlərin üzərinə düşüb. 

 

Mən 2008-ci ildə Rusiya tərəfindən “İskəndər” raketlərinin tətbiqi ilə bağlı bir neçə dəfə mətbuatda çıxış etmişəm. Rusiya mətbuatı bu barədə yazmaqda əlbəttə ki, xüsusi səy göstərmir. Dünyanı Rusiyaya qarşı davranışlardan çəkindirmək üçün nəzərdə tutulan bu raket, Vətən müharibəsinə qədər 3 dəfə Gürcüstanda, 1 dəfə Türkmənistanda və bir neçə dəfə Suriyada tətbiq edilib. Lakin bunların hədəfi uğurlu məhv etməsinə hələ rast gəlinmir. Yalnız Suriyada onsuz da dağılmış yaşayış məntəqəsində dağıntılara səbəb olub. Qazaxıstanda keçən il atılan raketin də hədəfdən yayındığı məlumdur.
 

2008-də “İskəndər” raketinin Qori şəhərindəki yaşlı gürcü qadının evinə daxil olaraq partlamadan divanda “uzanması”, həmin silahların elan edilən taktiki texniki xüsusiyyətlərdən uzaq olmasını bir daha nümayiş etdirdi. Biz bu faktları Qarabağda digər rus silahlarının nümunəsində də müşahidə etdik. 

 

Sarkisyan bu açıqlaması ilə ilk növbədə 44 günlük Vətən Müharibəsi zamanı davamlı olaraq “Azərbaycan ordusu Şuşanı fasiləsiz bombalayır, raketlərlə zərbə endirir” açıqlamaları ilə çıxış edən Ermənistan rəsmilərinin bəyanatlarını alt üst edib və onların həqiqəti əks etdirmədini etiraf edib.  Bu Ermənistanın ən yüksək səviyyədə etirafı kimi dəyərləndirilməlidir. 
Beynəlxalq ictimaiyyət bütün bu faktlari Ermənistan tərəfindən Cenevrə konvensiyalarını, onların Əlavə protokollarının və insan hüquqları sahəsində digər beynəlxalq sənədlərin müddəalarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. İkili standartlar tətbiq edilmədiyi halda, Xocalıya görə hələ də məsuliyyətə cəlb edilməyən Sarkisyanın bəyanatı, Ermənistana qarşı müvafiq sanksiyaların tətbiqi üçün kifayət edir. Sarkisyanın bu bəyanatı son vaxtlar Köcəryana daha çox diqqət yetirən Moskvaya verilən “ən güclü silahlarınız belə bir işə yaramır” kimi də oxuna bilər. 

 

Raket kompleksinin özünə gəlincə “İskəndər” özündən əvvəlki "ailə üzvləri"ndən, o cümlədən keçən ilin payızında yaxından tanıdığımız və Rusiya tərəfindən müxtəlif illərdə işğalçıya hədiyyə edilən 9K72 “Elbrus” (“Skud-B”) və “Toçka-U” komplekslərindən nisbətən üstün xüsusiyyətlərə malik olduğu iddia edilir. 
İstehsalçı OTRK-ları bəlli bir istiqamətdə döyüş balansını tam tərsinə dəyişə bilən bir silah kimi təqdim etsə də, bu komplekslər nə keçmiş SSRİ ərazisində, nə Yaxın Şərq və Mərəzi Asiyada, nə də Qarabağda tətbiqi zamanı öz təyinatını təsdiq edə bilməyib.

 

İstehsalçı OTRK atəşi nəticəsində beş metr dərinlikdə və təxminən yüz metr diametrdə bir krater meydana gəldiyini iddia etsə də, reallıqda bunlar müşahidə olunmayıb. Ən azından Gürcüstan ərazisinə düşən raketlər bundan qat-qat zəif təəssürat bağışladı. Şuşaya atılan “İskəndər” raketi isə əgər hədəfdən böyük yayınma radiusuna malik olması isə əlaqədar (Əfqanıstandakı kimi) ermənilərin öz ərazisinə və ya öz əsgərlərinin üzərinə düşməyibsə, deməli onun qalıqları, nişanələri və krateri tez gec tapılacaq. Onun aşkarlanması isə daha çox Köçəryan/Sarkisyan tandemini illərlə dəstəkləyən Rusiyanın silah bazarındakı mövqeyinə ciddi zərbə vuracaq. Zərbənin müəllifi isə Rusiyanın öz əli ilə hakimiyyətə gətirdiyi Serj Sarkisyan və onun kimandasının üzvləridir.  

 

Sarkisyanın açıqlamaları, real faktlar, əvvəlki illərdə “İskəndər” raaketlərinin tətbiqi təcrübəsi, reallıqda rus OTRK ailəsinın hədəfdən bəzən kilometlərlə kənarda yerləşən obyektlərə tuş gəlməsi ehtimalını artırır. Qarabağda da bu ənənə davam edib. 

 

Qarabağın ətrafındakı rayonlarda  onlarla mülki vətəndaşımızı ermənilərin qadağan olunmuş silahlardan açdığı atəş nəticəsində itirdik. Odur ki, nə Xocalı qatili Sarkisyan, nə Gəncə qatili Arutunyan, nə Azərbaycana qarşı müharibə cinayətləri törədən digərləri, nə də Şuşaya “İskəndər” zərbəsinin endirilməsini əmr edənlər cəzasız qalacaqlarını düşünməsinlər. Zaman hər şeyi öz yerinə qoyacaq...

Ədalət Verdiyev,

Hərbi ekspert, Xüsusi olaraq Moderator.az üçün

 

Link kopyalandı!
Son xəbərlər