44 günlük Vətən Müharibəsi başa çatandan sonra ən çox müzakirə edilən məsələlərdən biri status məsələsidir. Müharibə başa çatdıqdan sonra bu barədə Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə rəsmi mövqe sərgiləməsinə baxmayaraq, nizamlama prosesində iştirak edən ölkələrin rəsmiləri bu məsələ ilə bağlı ilk baxışdan Bakının mövqeyindən fərqli görünən bəyanatlar səsləndiriblər.
İlk baxışdan Əliyevin, Paşinyanın, Putinin, Lavrovun, Matvienkonun və Medvedyevin status ilə bağlı açıqlamaları tamamilə fərqli görünür. Lakin diqqətlə baxdıqda onların hamısı eyni informasiyanı çatdırır, yalnız bunu bir az fərqli sözlərlə ifadə edirlər.
Onlardan heç birinin açıqlaması, digərini təkzib etmir, lakin bəziləri İ.Əliyevdən fərqli olaraq bir qədər bunu yumşaq formada, əsasən də məğlubiyyət sindromundan əziyyət çəkən erməniləri qıcıqlandırmadan səsləndirir. Bütün çıxışları bir yerə toplayıb analiz etsək, nə 9 noyabrda, nə də 10 yanvarda əldə edilən üçtərəfli bəyanatlarda status barədə bir kəlməyə də rast gəlməyəcəyik.
Buna əmin olmaq üçün hər bir rəsmi bəyanatı diqqətlə nəzərdən keçirməliyik, bu isə bir qədər zaman tələb edəcək. Bu məsələni dərindən araşdırmadan hadisələrə real qiymət verilməsi mümkün deyil.
Əvvəlcə status nədir, Qarabağın statusu nədən ibarət ola bilər? suallarına cavab tapaq. Status məsələsində iki son hədd mövcuddur. Birincisi "status yoxdur və olmayacaq" ("status gorbagor oldu"), ikincisi isə 30 il Ermənistanın əldə etməyə uğursuz cəhd etdiyi "müstəqillik"dir.
Rəsmi Bakı 26 il ərzində davam edən danışıqlar prosesi çərçivəsində Ermənistana 5+2 formatı müqabilində Qarabağa Azərbaycan daxilində ən yüksək müxtariyyətı təklif edirdi. Bunu adətən inzibati muxtariyyət adlandırırlar. Əslində bu Ermənistanın Qarabağda əldə edəcəyi ən yüksək status idi və bunu erməni liderlər də yaxşı anlayırdı, lakin bunu qeyri real maksimalist ideyalar fonunda dilə gətirməkdən çəkinirdilər.
Belə bir muxtariyyət Qarabağ ermənilərinə öz qanunlarını qəbul etməyə imkan vermirdi, lakin onlara Azəbaycan qanunlarına və Konstitutsiyasına zidd olmayan tənzimləyici normativ aktların qəbul etməyə, məktəblərdə, KİV-lərdə erməni dilindən istifadə edilməsinə, əhalinin mədəni xüsusiyyətlərinin nəzərə alınması ilə bağlı geniş hüquqlar əldə etməyə imkan verirdi.
Mədəni muxtariyyət bir əraziyə deyil, təcrid olunmuş şəkildə yaşayan milli azlığa bağlı olur. Azərbaycan tərəfi bu formatı da vaxtilə təklif edib. Mədəni muxtariyyət milli mədəniyyətin, ənənələrin, dilin inkişafı və qorunması üçün vacibdir. Mədəni muxtariyyətdə milli azlıqların dövlət orqanlarında nümayəndələri də ola bilər. Qarabağ münaqişəsinin həlli fonunda mədəni muxtariyyət ilə "statusun olmaması" eyniləşdirilə bilər, çünki burada söhbət Qarabağın deyil, Qarabağdakı erməni əhalisinin statusundan gedir. Lakin Ermənistan rəhbərliyi uzun illər yalnız Qarabağın artıq heç vaxt mümkün olmayacaq "müstəqilliyini" tələb etməklə bu istiqamətdə əldə etdiklərini də itirdilər.
Siyasi liderlərin çıxışlarına nəzər saldıqda baş verən hadisələri ən şəffaf və birmənalı şəkildə Prezident İlham Əliyev ifadə edib: "Bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Bəs hanı Ermənistan tərəfinin tələbləri ki, Dağlıq Qarabağa müstəqillik verilməlidir? Bəs mən onlara muxtariyyət təklif edəndə buna razı olmadılar. Dedilər ki, yox, bu, "müstəqil dövlətdir". Uzun illər bunlar "müstəqil dövlət" kimi yaşayır və onlar Azərbaycandan müstəqillik almalıdırlar. Nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm olmayacaq".
Prezident Əliyevin çıxışından hər şey aydın görünür, həqiqətən də imzalanan üçtərəfli bəyanatda "status" ifadəsi işlədilməyib. Lakin bəzi təhlilçilər "mən nə qədər mən Prezidentəm, status olmayacaq" cümləsini fərqli kontekstdə, məsələn təbliğat məqsədilə verilən vəd kimi və ya status məsələsinin yalnız Azərbaycanın gələcək liderləri ilə müzakirə oluna biləcəyi ilə əlaqələndirməyə çalışırlar. Bütün bu məsələlərə obyektiv rəy bildirmək üçün proseslərə daha çox müdaxilə imkanları ilə seçilən Rusiya siyasi rəhbərliyinin Qarabağın statusu ilı bağlı verdiyi bəyanatlara diqqət yetirək.
Rusiya Prezidenti V. Putin üçtərəfli bəyanatdan sonra belə bir açıqlama ilə çıxış etdi: "Qarabağın son statusu həll olunmadı, bu günkü status-kvonu (mövcud vəziyyəti) qorumaq barədə razılığa gəldik. Bundan sonra nə olacağına gələcəkdə və ya gələcək liderlər, bu prosesin gələcək iştirakçıları qərar verməli olacaqlar, amma mənim fikrimcə, normal həyat üçün, münasibətlərin bərpası üçün Ermənistanla Azərbaycan arasında, xüsusən də münaişə bölgəsində, insanlar arasında məişət səviyyəsində şərait yaradılsa, o zaman bu Qarabağın statusunun müəyyənləşdirilməsinə şərait yaradacaq".
Maraqlıdır ki, Putin ilk növbədə statusun həll olmadığını (bu isə status yoxdur kimi də anlaşıla bilər) deyir, ikincisi, bu problemin "gələcək liderlərə" aid olduğunu vurğulayır, üçüncüsü isə statusun müəyyənləşdirilməsi üçün azərbaycanlılarla ermənilər arasında "münaqişə zonasında münasibətlərin bərpasını" şərt kimi irəli sürür.
V.Putinin sözlərindən status məsələsinin ən azı "uzaq gələcəkdə" müzakirə oluna biləcəyi, həm də yalnız "danışıqlar yolu ilə" həll edilə biləcəyi ehtimalı aşkar şəkildə görünür.
Azərbaycanda daim ermənipərəst mövqeyi ilə seçilən Rusiya xarici işlər naziri S.Lavrovun "Biz bu statusun indi təyin edilməsinin, Sovetlər Birliyinin dağılmasının başladığı illərədə olduğu kimi, çox dəhşətli nəticələrlə sona çatan bir müharibənin nəticələrini aradan qaldırmaqla, Dağlıq Qarabağda etno-konfessional harmoniyanın bərpası üçün hansı addımlar atmalı olduğumuzdan asılı olaraq müəyyənləşəcəyini düşünürük. Dağlıq Qarabağın statusu, status problemi İrəvan və Bakının mövqelərini götürsək, çox ziddiyətlidir, bu səbəbdən üç lider tərəfindən bu məsələdən yan keçib gələcəyə buraxılması qərara alındı, bununla ATƏT-in Minsk Qrupu həmsədrləri də məşğul olmalıdır, indi onlar tərəflərlə təmaslarını davam etdirdilər, bölgəyə gəlməyə hazırlaşırlar, lakin status məsələləri nə qədər asan həll olsa, həm Bakıdan, həm də Yerevandan dilə gətirilən və indi əsas olan Qarabağda birlikdə yaşayan bütün etnik və dini icmaların gündəlik həyatını qurmaq və dinc mehriban qonşuluqda mövcud olmaq məsələsini bərpa etmək bir o qədər tez olacaq".
Beləliklə, Lavrov da Putin kimi, "münasibətlərin bərpası" məsələsini, statusu müəyyənləşdirmək üçün şərt kimi irəli sürür. Lavrovun sözlərinə görə, etnik-konfessional harmoniyanı, azərbaycanlıların və ermənilərin mehriban qonşuluq mövcudluğunu təmin etmək daha vacibdir. Lavrov da status məsələsinin "gələcəyə" aid olduğu təsdiqləyir, lakin "danışıqlar" tezisinə yeni bir amil olaraq "ATƏT-in Minsk Qrupunu" da əlavə edir. Görünür ki, Rusiya diplomatiyası status məsələsində nəticə əldə edəcəyinə əmin deyil. Çünki, Qarabağ probleminə aid 3 tərəfli bəyanatı Rusiya, Azərbaycan və Ermənistan imzaladı, ATƏT-in Minsk Qrupu bu məsələdə oyundan kənarda qaldı. Status məsələsində isə Rusiyanın "topu" Minsk Qrupunun həmsədrlərinə atması, bu məsələni uzunmüddətli danışıqlar üzrə rekord qıranların öhdəsinə buraxması, böyük ehtimalla bu məsələnin həllində Kremlin Azərbaycanın geri addım atmayacağına şübhə etməməsi ilə bağlıdır.
Rusiya Federasiya Şurasının sədri V.Matveyenkonun məlum bəyanatı isə belə ifadə olunub: "Dağlıq Qarabağın statusu mötərizə xaricindədir, bunun üçün əlavə danışıqlar lazımdır və biz əlbəttə ki, ATƏT-in, Fransa Prezidentinin, Amerika Birləşmiş Ştatlarının Prezidentinin və bu işə cəlb olunan digər dövlətlərin səylərinə ümid edirik. Dağlıq Qarabağ prosesinin nizamlanması prosesində hələ çox çətin bir iş var".
Maraqlıdır ki, Matveyenko da Lavrov kimi danışıqlarda ATƏT-in Minsk Qrupunu, həm də məsələnin "danışıqlarda" həll ediləcəyini xatırladır. Onun "çətin iş var" ifadəsini əgər istəsək, rahatlıqla "uzaq gələcək" kimi də qiymətləndirilə bilərik.
Nikol Paşinyan isə bu məsələdə indiyə qədər bir dəfə də olsun nə Azərbaycan, nə də Rusiya liderlərinin verdiyi bəyanatlara əks hesab ediləcək sərt fikir səsləndirməyib. Onun "Hələ həll ediləcək bir çox məsələ mövcuddur. Bu məsələlərdən biri də Dağlıq Qarabağın statusu məsələsidir və təbii ki, Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində bu danışıqları davam etdirməyə hazırdır". Əslində Paşinyanın da "danışıqlar və ATƏT-in Minsk qrupu" bardə qeydləri artıq bu mövzuda bəlli bir razılaşmanın, ən azından şifahi formada mövcudluğuna diqqət çəkir. Danışıqların isə ən azından indi deyil, yalnız gələcəkdə ola biləcəyi də diqqəti cəlb edir.
Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının sədri Dmitri Medvedyevin açıqlaması isə digər rus siyasətçilərindən daha şəffafdır, lakin fərqli deyil: "Status məsələsi həqiqətən həll olunmayıb, lakin onu indi müzakirə etmək olmaz, çünki status ətrafında müzakirə sahəsinin elektrikləşdirilməsi güclü bir boşalmanın ortaya çıxmasına səbəb olar. İndi bunu müzakirə etmək mümkün deyil. Üstəlik, buradakı tərəflərin mövqeləri də çox fərqlidir və hətta Ermənistanın daxilində bu mövzuda diskusiyalar aparılır, mən xatırladıram ki, Ermənistan Qarabağın müstəqilliyini özü də tanımayıb, bu barədə çox vaxt unudurlar, lakin əslində bu belədir, buna görə də status məsələsini gələcək dövrə saxlamaq daha yaxşıdır". Deməli, D. Medvedyevin bu bəyanatı da yalnız danışıqların "uzaq gələcəkdə" mümkünlüyünü nəzərdə tutur.
İndi bütün bəyanatları bir yerdə toplamasaq, belə bir ortaq fikir formalaşdırmaq mümkündür. "Uzaq gələcəkdə Azərbaycan və Ermənistanın gələcək liderləri, Qarabağdakı azərbaycanlılar və ermənilər arasında mehriban qonşuluq münasibətləri bərpa edildikdən sonra, Qarabağın status məsələsini ATƏT-nin Minsk qrupunun dəstəyi ilə danışıqlarda həll edə bilərlər. Maraqlıdır ki, bu liderlərdən heç kim bizə "Uzaq gələcəyin" bu gündən hansı məsafədə olduğunu demir. Çünki, Azərbaycan və Ermənistan status məsələsində bir birinə son dərəcə əks mövqedədirlər. Deməli, belə bir vəziyyətdə danışıqlar prosesinin başlanması belə inandırıcı deyil, bu isə "Uzaq gələcəyin" həqiqətən də yaxında olmadığını göstərir.
Azərbaycan Prezidenti "status yoxdur" deyirsə, o zaman bu danışıqlarda kim və nədən danışacaq? Ümumiyyətlə belə bir vəziyyətdə danışıqların aparılması mümkün deyil. Təbii ki, Ermənistan da Azərbaycan "status yoxdur" mövqeyini nəzərə alaraq nəticəsi bəri başdan bəlli olan danışıqlara qatılmayacaq. Əgər Vətən Müharibəsindən əvvəl, köhnə status-kvo ab-havasında Ermənistan Azərbaycana "Qarabağın müstəqilliyi müqabilində 7 rayonu boşltmağı təklif edirdisə və Azərbaycan buna razılaşmırdısa, indi Ermənistanın nəzarətində olan 7 rayonu tamamilə və Dğlıq Qarabağın böyük yarısını işğalçı erməni silahlılarından təmizləyən Azərbaycanın, status barədə məğlub Ermənistan ilə danışıqlar aparmaq üçün heç bir siyasi-hərbi motivi yoxdur. İrəvan da bu mövzuda Azərbaycana maraqlı ola biləcək hansısa təklifi nə formalaşdıra, nə də səsləndirə bilmir. Danışıqların uzaq gələcəkdə bərpa olunması üçün ən azında Ermənistan konstruktiv addımlar atmağa hazır olmalı, bunu rəsmən elan etməklə real fəaliyyətlər nümayiş etdirməlidir, çünki Azərbaycanın qalib tərəf kimi status məsələsində mövqeyindən geri addım atması real görünmür. Digər tərəfdən isə Azərbaycan Prezidenti İ.Əliyev danışıqlar prosesində daha təcrübəlidir, bəyanat imzalanmasından dərhal sonra "Qarabağ münaqişəsi həll olunub, Qarabağın statusu da olmayacaq" bəyanatı ilə sərt mövqeyini və danışıqlar formatında hansı şərtlə iştirak edəcəyini ortaya qoyub. Bu mövqe yerli ictimaiyyət tərəfəindən dəstəklənir, sosial sifariş də məhz bu istiqmətə yönəlib. Əlavə olaraq Azərbaycanın Qələbəsini təmin edən hərbi kontingent və keçmiş müharibə iştirakçıları da məsələyə bu kontekstdən yanaşmanın tərəfdarıdır. 12 noyabrda Azərbaycanın Rusiyadakı səfiri "mədəni muxtariyyət" barədə müəyyən fikir səsləndirsədə, bu Azərbacan tərəfindən müsbət addım kimi dəyərləndirilmədi. Səfirin bilərəkdən ya bilməyərəkdən bu mövzuda fikir bildirməsinə rəsmi Bakının reaksiyası, Azərbaycan hakimiyyətinin bu məsələdə nə qədər qərarlı olmasını və geri addım atmağa hazırlaşmadığının göstəricisi hesab oluna bilər.
Müharibəyə qədər bu məsələdə kifayət qədər sərt və son radikal mövqedə dayanan Paşinyan hazırda məğlub tərəf kimi geri addım atmağa hazır olduğunu bildirir. O, bu mövzunun danışıqlar prosesində müzakirəsinə hazırdır, lakin bunun üçün Əliyev də hansısa addımı atmalıdır, lakin rəsmi Bakı bu addım atmaqda tələsmir. Rusiya tərəfi bu məsələnin perspektivsiz olduğunu daha yaxşı anladığından "statusun" ATƏT vasitəsilə "uzaq gələcək"də müzakirəsini mümkün saymaqla, erməni audiotoriyasını yumşaq şəkildə "qarmaqda" saxlamağa çalışır. Əslində danışıqlar prosesinin "status" formatında ümidsiz fazada olduğunu ATƏT-in Minsk qrupunun həmsədrləri qədər Paşinyan da yaxşı başa düşür.
Bakını hazırda əsas tələbi Qarabağdan erməni silahlılarının çıxarılması ilə bağlıdır. Paşinyan isə sanki bu mövzuda bir az əlacsız qaldığını, yəni Qarabağdakı silahlıların ona tabe olmadığını nümayiş etdirir. Biz bu faktlarla Müharibə zamanı Paşinyanın həyat yoldaşını komanda məntəqisindən qovan general Hakopyanın həbsinə cəhd zamanı da rastlaşdıq.
Azərbaycan istənilən müzakirələri silahlaıların Qarabağdan çıxarılmasından sonar aparmaqda maraqlıdır. Maraqlıdır ki, özlərinə aid olmayan funksiyaların yerinə yetirilməsində canfəşanlıq göstərən sülhməramlılar, nədənsə üştərəfli bəyanatda qeyd edilən bu maddənin tələblərini yerinə yetirməkdə çox da həvəsli görünmürlər.
Azərbaycanlılarla ermənilər arasında "Qarabağda əlaqələrin bərpası" mövzusuna gəlincə, əgər hansısa naməlum "uzaq gələcəkdə" Qarabağın "statusu" həllini tapacaqsa, o zaman bu ələqələrin bərpası nəyə gərəkdir? Yəni əgər biz Qarabağın "müstəqilliyindən" danışırıqsa, o zaman münasibətlərin bərpasına ehtiyac qalmır. Və ya tərsinə, ermənilər əvvəl olduğu kimi Qarabada yaşayacaqdılarsa, azərbaycanlılarla əlaqələrini niyə bərpa etməlidir?
Deməli, erməni və azərbaycanlı icmalar arasında etnik-konfessional harmoniyanın və mehriban qonşuluq münasibətlərinin bərpası, yalnız ermənilərin Azərbaycan daxilində yerləşməsini nəzərdə tutduğu halda zəruridir.
Kimsə "azərbaycanlılar müstəqil Qarabağ"da yaşadıqda belə etnik-konfessional harmoniyaya ehtiyac var" iddiası ilə mübahisə edə bilər, lakin burada Dağlıq Qarabağın böyük yarısına nəzarət etdiyini nəzərə alsaq, bu məsələ aktuallığını itirir.
Bu səbəblər üzündən Putin və Lavrovun Dağlıq Qarabağda azərbaycanlılar və ermənilər arasında mehriban qonşuluq münasibətlərinin zəruriliyini vurğulamaları, onların Qarabağın statusunu yalnız Azərbaycan tərkibində baxışları ilə əlaqədardır.
"Uzaq gələcək" və "gələcək liderlər" formatında Azərbaycanın mövqeyi bəllidir. Hazırda Qarabağın statusu ilə bağlı danışıqlar prosesinə rəsmi Bakının ehtiyacı yoxdur və bunu dəfələrlə bəyan edib. Azərbaycan heç vaxt Qarabağın müstəqilliyinə razı olmayıb, həm də Dağlıq Qarabağ münaqişə başlamazdan əvvəl muxtariyyət statusuna sahib idi. Azərbaycan 26 illik danışıqlar zamanı daima Dağlıq Qarabağa "ən yüksək müxtariyyət statusu" təklif edirdi, lakin bunu qəbul etməyən Ermənistanla müharibədə minlərlə şəhid verəndən sonra bu təkliflə İ.Əliyevin razılaşması heç bir şəraitdə mümkün görünmür.
Buna görə də Prezident İ.Əliyev Qarabağdakı real addımlarla status-kvonu dəyişdirməyə davam edir. Bu vəziyyətdə söhbət artıq hərbi əməliyyatlardan deyil, Qarabağın ümumilikdə bərpasından, şəhər və kəndlərə yerli əhalinin qaytarılması üçün təcili addımların atılmasından gedir. Yüz min azərbaycanlının Şuşada, bir o qədər də Hadrutda və digər yaşayış məntəqələrində yaşayacağı zaman danışıqlarda vəziyyət tamamilə fərqli olacaq. Əslində, Azərbaycan üçün Dağlıq Qarabağda yarım milyona qədər insan yerləşdirmək potensialına malikdir.
Əvvəllər referendumdan bəhs edildikdə, Ermənistan tərəfi iştirak edəcək azərbaycanlıların sayını tənzimləyə bilərdi, çünki Dağlıq Qarabağda azərbaycanlı yox idi və məskunlaşma ermənilərin tam nəzarəti altında baş verərdi, indi isə status-kvo dəyişib, ərazinin böyük hissəsi Azərbaycanın nəzarətindədir və bu ərazilərə azərbaycanlı əhalinin qaytarılması yalnız İ.Əliyevdən asılıdır.
Dağlıq Qarabağdakı azərbaycanlıların sayının mütləq üstünlüyünü təmin edəndən sonra Azərbaycan danışıqlar prosesində referendum təklifi ilə rahatlıqla razılaşa bilər. Erməni tərəfinin mümkün danışıqları yalnız sülhməramlıların nəzarətində olan və erməni əhalisinin çoxluq təşkil etdiyi ərazidə keçirmək cəhdləri isə indidən nəticəsiz qalacaq, çünki 26 illik danışıqlar prosesində referendumun bütün Dağlıq Qarabağ ərazisində keçirilməsi müzakirə olunub.
Buna görə də Azərbaycan danışıqlar prosesinə tələsmir, bu yəqin ki, Dağlıq Qarabağdakı vəziyyət tamamilə qarşı tərəfin bütün arqumentlərini sıfırladıqdan sonra mümkün olacaq. Buna görə də İ.Əliyev "Mən hakimiyyətdə olduğum müddətdə status olmayacaq" bəyanatını səsləndirməklə müzakirələri daha "uzaq gələcəyə" saxlanılması ilə qismən razılaşır.
Paşinyanın mövqeyi isə daha mürəkkəbdir. Bir tərəfdən, Paşinyan vaxtın Azərbaycana işlədiyini mükəmməl şəkildə anlayır. Digər tərəfdən, Ermənistandakı daxili siyasi vəziyyəti nəzərə alaraq, Paşinyan onu da yaxşı bilir ki, indi danışıqlara girib, hipotetik olaraq hansısa muxtariyyət statusunu, hətta çox yaxşı bir şəkildə əldə etsə də, Ermənistanda bunu qiymətləndirməyəcəklər. Əksinə, yenidən onu xəyanətdə günahlandıracaqlar. Bu səbəbdən Paşinyan qəti addımlar atmayacaq. Yanvarın 11-də Moskvada status məsələsinin həll olunmadığından şikayət etsə də, danışıqlar zamanı məsələni sərt şəkildə qaldırmadı. Digər tərəfdən isə Paşinyanın Əliyevi "burada və indi" danışıqlara məcbur edəcək "kozır kartı" da yoxdur, əslində bu müzakirə onun özünə də indi lazım deyil.
Bu səbəbdən Paşinyan Əliyevdən beynəlxalq ictimaiyyətə şikayət etməkdə davam edəcəyi, lakin sərt addım və ya bəyanatlarlardan çəkinəcəyi gözlənilir.
Putin də Qarabağın statusunun hazırda müzakirəsini istəmir. Ümumiyyətlə problemin birdəfəlik həlli heç bir zaman Kremlin real planlarına daxil olmayıb. Mövcud status-kvo Rusiyaya Azərbaycan və Ermənistana təsir baxımından daha əlverişlidir, buna görə də rus siyasi elitası onu yaxın perspektivdə dəyişdirməyə ehtiyac görmür. Digər tərəfdən isə Moskva anlayır ki, istənilən dəyişiklik Ankara tərəfindən birmənalı dəstək və imzalanan bəyanatlar fonunda Azərbaycan tərəfinin maraqlarının mütləq nəzərə alınması ilə həyata keçməlidir. Odur ki, Rusiya yaxın bir neçə ili "azərbaycanlılar və erməniləri arasında mehriban qonşuluq münasibətləri qurmaq" üçün sərf etməyə hazırdır.
Buradan belə nəticə çıxarmaq olar ki, tərəflərdən heç biri hazırda Qarabağın statusu məsələsini qaldırmağa meylli deyil. Ermənistan buna cəhd edərsə, ən azı Azərbaycan sərt, Rusiyanın isə bir az yumşaq etirazı ilə qarşılaşacaq. Bu baxımdan İ.Əliyevin və D.Medvedyevin çıxışı bu ehtimalı yalnız təsdiqləyir.
Rusiya daim Zaqafqaziyanı özü "idarə etməyi" üstün tutub. Rusiya Əliyev və Paşinyanla problemləri Minsk qrupunu kənarda saxlamaqla, həll etdiyi bir vaxtda, birdən-birə belə vacib bir məsələdə idarəetmə mexanizmini Minsk qrupuna ötürməyə razılaşması bir az qəribə görünə bilər. Məntiqi cavab isə münaqişənin həllində uğurlu təəssürat bağışlayan Rusiyanın perspektivsiz status məsələsini ATƏT-ə yükləməklə, özünü kənarda saxlamaq niyyəti ilə bağlıdır.
Buna görə də Rusiya status məsələsini Minsk qrupuna yönəldir. Bu məsələnin müzakirəsində Azərbaycandan əvvəlcədən cavabını verib, deməli Cənubi Qafqaz problemlərini həll etməkdə ATƏT-in Minsk qrupu növbəti dəfə zəif olduğu məlum olacaq. Moskvaya hava-su kimi zəruri olan bu nəticə avtomatik rejimdə əldə olunacaq. Moskvanı tamamilə qane edəcək belə bir vəziyyət formalaşacaq: "Rusiya munaqişəni dayandırdı, sülhməramlı fəaliyyəti də uğurla davam etdirir, Azərbaycanla Ermənistan arasında iqtisadi əməkdaşlıq və birgə yaşayış məsələlərini həll edir, lakin Minsk Qrupu status məsələsində hələ irəlləyişə nail ola bilmir və yerində sayır. Deməli Qafqaz problemlərini həll etmək üçün Qərb deyil, yalnız Rusiya real potensiala malikdir".
Nəticə etibarı ilə yazılanlardan belə çıxır ki, Azərbaycanın status məsələsini rədd etməsi tam anlaşılandır və doğru addımdır. Bu barədə müxtəlif siyasətçilər çox bəyanatlar səsləndirə bilər, lakin bu müzakirələr ən azı yaxın onilliyin məsələsi deyil. Azərbaycan öz daxilində Qarabağa müxtariyyət təklif etmək fikrindən Müharibənin başlaması ilə daşınıb, ermənilər də bu təklifi əvvəllər dəfələrlə rədd ediblər, artıq bu təklifi Bakıda səsləndirən də yoxdur.
Status barədə Rusiya rəsmilərinin açıqlamaları da bu kontekstdə bir-birinə zidd deyil, onlar əslində bir birini tamamlayır. Azərbaycan və Ermənistan rəhbərləri də bu mövzuda bir birini təkzib etmir. Sadəcə Rusiyadan verilən bəyanatlar Kremlin ermənilər arasında "xilaskar" imicin qorunub saxlanılması, eləcə də Rusiya sülhməramlılarının cavabdeh olduğu Qarabağ ərazisinə qayıdan erməni əhalisi arasında lazımsız təlatümlərə yol verməmək zərurətindən bir az yumşaq tonda səsləndirilir.
Zaman isə Azərbaycana Qarabağı bərpa etməklə bərabər azərbaycanlı əhalini doğma yurd-yuvasına qaytarmağa və demoqrafik artım tempini təmin etməyə imkan verəcək. 10-15 ildən sonra Azərbaycanın Qarabağda "ağıllı kənd" və ya "ağıllı şəhər" layihələri, söz və mətbuat azadlığı, üstün təhsil və səhiyyə proqramı, müstəqil məhkəmə, Qarabağda tam və ya qismən vergidən azad edilmə təklifləri, erməniləri belə məhz Azərbaycan vətəndaşı olmağa meylləndirə biləcək faktorlara çevrilə bilər. Yetər ki, Azərbaycan hədəflərinə doğru inamla və sabit templərlə addımlasın.
Ədalət Verdiyev, Hərbi ekspert