Əvvəlki yazı ilə BURADAN tanış ola bilərsiniz:
Hər daşı, hər qayası təbii sərvət olan Kəlbəcərdəyik.
Ətrafa yayılan müdhiş çörək qoxusu bizi buradakı çörək sexinə girməyə vadar etdi. İşçilər elə fərəhlə çalışırdılar ki, əllərini soyutmaq istəmirdik. Bununla belə, bizi əziz qonaq kimi çox isti qarşıladılar. Buraya gəlib bu bərəkətli çörəkdən bir qismət kəsməsəydik, özümüz də özümüzü bağışlamazdıq. Odur ki, bu isti və dadlı çörəyin arasına yağlı Kəlbəcər pendiri də qoyub qarnımızı əməllicə doyurduq. Gözümüz doymadığından çörəklərdən bir neçəsini də özümüzlə götürməli olduq...
Sexin işçisi Zöhrə Əhmədova dedi ki, burada gecə-gündüz ordumuzun qulluğunda dururlar. Hərbçilərimizi çörəklə təmin edirlər: "12 işçi ilə bir gündə 3 ton çörək bişiririk. Bir çörəyin çəkisi 200 qramdır. Kəlbəcər alınan gündən buradayıq. Qürur duyuram ki, mən orduma xidmət edirəm. Başda Prezidentimiz olmaq şərtilə, ordumuza təşəkkür edirəm. Onların sayəsində buradayıq. Şəhidlərimizin qarşısında baş əyirəm, qazilərə şəfa diləyirəm".
...Çörəyin qoxusu hamımızı ovsunlamışdı, sexdən çıxmaq istəmirdik. Amma məşhur İstisu sanatoriyasına gedəcəyimizə görə həyəcanlı idik. Odur ki, zaman itirmədən yola düzəldik. İşğalçı ermənilər İstisu yolundan tez-tez istifadə etdikləri üçün oraya asfalt çəkiblər, ona görə çox rahat şəkildə mənzilə doğru irəliləyirdik. Bizdən solda ermənilərin çimmək üçün sonradan düzəltdikləri dairəvi hovuzla qarşılaşdıq. Buranı görər-görməz xatırladım - erməni gənclərin çimdikləri və onu videolentə alıb internetdə paylaşmaqla bizə yanıq verdikləri yer idi. Hovuzun ortasında təbii şəkildə isti su qaynayırdı. Bu suyun nə qədər müalicəvi olduğunu deməyə gərək yoxdur, hər halda. Çünki vaxtilə bu suyun səsi-sorağı dünyanın dörd-bir tərəfindən eşidilirdi...
Dayanmadan adama 3-4 bardaq içdik. Kəlbəcərin hər qarışına bələd olan Səməndər dayı isə dedi ki, sadəcə dadına baxırıq. Əsl faydasını görmək üçün ən azı bir həftə boyunca bu sudan içmək lazımdır. Mədə-bağırsaq, böyrək, öd, eləcə də dəri xəstəliklərinin bir nömrəli dərmanıdır bu su.
Yenidən yola düzəldik, sanatoriyaya tərəf. Yolboyu uzanan kanyonlar-qayalar və bir neçə yerdə qaynayan istisu çeşmələri bizi təbiətin möcüzəsi ilə qarşı-qarşıya qoymuşdu. "Gör, 30 il ərzində bu yerlərdə kimlər at oynadıb" deyə, içimizdən təəssüf dolu hislər qopurdu. Gəlib İstisu sanatoriyasına çatdıqda isə vəhşi erməni xislətinin əsl üzünü bir daha görmüş olduq. Sanatoriya binasının sadəcə skeleti - divarları qalıb.
İnsan dəhşətə gəlir. Nə qədər aşağılıq bir millət olasan ki, burada bu vəhşiliyi törədəsən. Adamkimilər çox yaxşı bilirmişlər ki, buralar heç vaxt onlara aid olmayıb və olmayacaq. Odur ki, əllərinə fürsət düşmüşkən çapıb-talamaq, dağıdıb-tökməklə məşğul olublar...
Sanatoriya binasından bir qədər aralıda yatağı sarı-qırmızı rəngə boyanmış istisu bulaqlarının axdığını gördük. Buranın suyu digər bulaqlara nisbətən bir qədər də qaynar idi. O dərəcədə ki, əlini suyun içərisində 5-10 saniyə ancaq saxlaya bilirsən, təxminən 60-65 dərəcə istilik vardı suda.
Bu qaynar bulaqlar buxarlana-buxarlana dərədən axan Tərtər çayına tökülür. Bilirsiniz ki, Tərtər çayı öz mənbəyini məhz buradan, İstisu qəsəbəsindən götürür. Yüzlərlə bulaq suyundan və bir neçə çaydan formalaşan Tərtər çayı 200 kilometr boyunca uzanaraq Ağdərə (Hazırda Ağdərə rayonu adlı inzibati ərazi mövcud deyil, 1992-ci ilin oktyabrında Azərbaycan hökumətinin qərarı ilə Ağdərə rayonu ləğv edilərək, ərazisi Tərtər, Ağdam və Kəlbəcər rayonları arasında bölünüb - E.M) və Tərtər rayonlarının ərazisindən keçməklə Bərdə rayonu ərazisində Kür çayına qovuşur.
İsti sudan bir qədər də içib Xudavəng məbədinə doğru yol aldıq. Xudavəngə aparan yol da çox rahat idi, çünki ermənilər düz Vardenis adlandırdıqları Basarkeçərdən məbədə qədər asfalt yol çəkiblər. Bu yol həm də Tərtər çayı boyunca Ağdərəyə qədər uzanır. Yolumuzun üstündə, bizdən sağda Kəlbəcər-Laçın tuneli yazılmış lövhəni gördük. Bura dövlət başçısının avqust ayında təməlini qoyduğu və yaxında inşa olunacaq yeni tuneldir. Sıldırım qayanın bu başından o biri başınadək 100 metr uzunluğu olacaq bu tunelin.
Bir qədər də irəlilədikdən sonra gəlib çıxdıq ata-babamızdan qalan o məşhur Kəlbəcər-Laçın avtomobil tunelinə. Bu tunel 1958-1960-cı illərdə tikilib. Uzunluğu 200, eni 4, hündürlüyü isə 4,7 metrdir. Bu başdan o başa bir maşın ancaq keçə bilir. Qarşıdan başqa bir maşın gələrsə, onlardan biri mütləq geriyə hərəkət edib yolu boşaltmalıdır. Elə biz də ilk cəhdimizdə bu vəziyyətlə qarşılaşdıq. Qarşıdan yük maşını gəldiyinə görə, yarıyadək gəldiyimiz tuneli geriyə qayıtmaq məcburiyyətində qaldıq.
Tunelin Laçın istiqamətinə çıxan hissəsi qismən dağıdılmışdı. Deyilənə görə, ermənilər müharibə bitdikdən sonra Kəlbəcəri tərk edəndə buranı partlatmaq istəyiblərmiş, lakin bacarmayıblar.
Buradan da yüksək əhval-ruhiyyə ilə ayrılıb Xudavəng istiqamətində yolumuza davam etdik. Əsrarəngiz təbiət, dağlar, qayalar barədə isə əlavə nəsə deməyə gərək yoxdur. Bu yerlərdə fotolar sözlərdən daha güclüdür...
Uzaqdan artıq məbədi görə bilirdik. İçəri buraxacaqlar, ya yox, bunu bilmirdik. Çünki yolun başında demişdilər ki, orada rus sülhməramlıları var, icazəsiz heç kimi içəri buraxmırlar. Bizim isə məbədə girişlə bağlı icazəmiz yox idi. Məbədin giriş qapısında bizi sülhməramlıların postu, bir neçə hərbi texnikası və bir rus əsgəri qarşıladı. Post komandiri yaxınlaşaraq bizi içəri buraxa bilməyəcəyini dedi. Lakin arxadan və yanlardan fotolar çəkməyə razılıq verdi. Qısa söhbət zamanı buranın, əslində, tarixi alban məbədi olduğunu və sonradan müxtəlif müdaxilələrlə erməniləşdirmək cəhdlərinin edildiyini rus sülhməramlısının diqqətinə çatdırdıq. O da, əslində, reallığın nədən ibarət olduğunu etiraf etdi. Sadəcə, prosedur və protokol naminə burada vəzifə başında olduqlarını dedi.
Beləcə, Xudavəng məbədini kənardan da olsa seyr etdikdən sonra sülhməramlılarla sağollaşdıq və bizi gözləyən başqa bir macəraya – Zod qızıl mədəninə tərəf yollandıq...
Təxminən 1 saat keçdi və biz Kəlbəcərin Söyüdlü yaylaqlarında idik. Buraya ziqzaq formasında dağlara naxış salan və Basarkeçərə qədər uzanan həmin o asfalt yolla gəldik. Zod aşırımı və Zod qızıl mədəni tam qarşımızda, gözümüzün önündə dayanmışdı.
Az öncə söhbətləşdiyimiz hərbçilər demişdilər ki, aşırım - yəni Ermənistanla sərhəd boyu yüksəkliklər tamamən ordumuzun nəzarəti altındadır. Düşmənlə sərhəddə mərdi-mərdanə xidmət edən əsgərlərimiz "ermənilər bir güllə belə atanda qorxularından deyirlər ki, sizə deyil, dovşana atırdıq" deyə, hələ gülüşdülər də!
Əslində, Zod qızıl mədənində qalxıb oradakı vəziyyət barədə də ətraflı öyrənmək istəyirdik, lakin qarşıda polis postu olduğundan kənardan baxmaqla kifayətləndik.
İki günlük Kəlbəcər səfərimizin son saatları isə Söyüdlü yaylağına köç salan çobanlarla keçdi. Çox əziz qonaqları kimi bizi uğurladılar. Quzunu elə cəld və peşəkarlıqla kəsib soydular ki, yarım saata artıq kababımız hazır, buğlamamız isə buğlanırdı. Kəlbəcər kimi bu ətin də dadı yəqin ki, bir də görənə və yeyənə qədər damağımızdan getməyəcək.
Beləcə, sonsuz zənginliyi ilə Kəlbəcər qarşıladığı kimi də yola saldı bizi. Bir daha görüşmək ümidi ilə...
Elgün Mənsimov
Bakı-Kəlbəcər-Bakı
Fotolar müəllifindir