Yazar
Seymur Verdizadə
Bütün yazılar
qarabagh
1721
21 Mar 2021 | 14:46

Mən qəhrəman ola bilmədiyim üçün kəndimiz işğal olundu...

Oğlum öz naqolay sualları ilə ilk dəfə bizi pərt edəndə cəmi 4 yaşı vardı. Bir gün nənəsindən soruşdu: “Kəndimizə niyə getmirik?” 
 
Biz onun bu sualına cavab verə bilmədik. Şahin şox balaca olduğu üçün kəndimizin ermənilər tərəfindən işğal edildiyini ona başa salmağa çətinlik çəkdik...
 
İllər bir-birini əvəz etdikcə Şahinin dünyagörüşü artır, suallarının məzmunu da dəyişirdi. Xüsusilə hər il avqust ayının 23-də - Füzuli və Cəbrayıl rayonlarının işğalının növbəti ildönümü qeyd olunanda Şahin bizi “sual yağışı”na tuturdu. İndiki kimi yadımdadır, biz iki rayonun işğalının ildönümünü bir gündə qeyd edəndə Şahin yenə məndən soruşdu: “Kəndimiz niyə işğal olundu?”
 
Əslində, bu sualla əvvəllər də çox qarşılaşmışdım. Hər dəfə Qarabağın işğalından söhbət düşəndə o, mənə bu sualı verirdi. Mən də ruslardan, ermənilərdən danışıb, ona nəsə izah etməyə çalışırdım. Amma hər dəfə də görürdüm ki, mənim cavabım onu qane etmir. 
 
Nəhayət, bir gün özümdə güc tapıb, belə bir etiraf etdim: “Xalqımız ermənilərlə vuruşanda mən tələbə idim. Türkiyədə tarix oxuyur, babalarımızın keçdiyi mübarizə yolunu öyrənirdim. Tarixdəki bütün qəhrəmanlarımızı tanıyır, onlarla fəxr edirdim. Amma mən özüm qəhrəman ola bilmədim. Mən qəhrəman ola bilmədiyim üçün kəndimiz işğal olundu”.
 
Gözlədiyimim əksinə olaraq, çox soyuqqanlı cavab verdi: “Sən vuruşmasan da Alalhverdi əmi vuruşdu, Mais əmi şəhid oldu. Amma torpaqlarımız yenə işğal olundu…”
 
Mais də, Allaverdi də mənim dogma əmim oğlanlarıdır. Mais 1993-cü ilin aprelində Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Alalhverdi isə 4 il əlində silah Əzrayılla “çiling-ağac” oynayıb. Allahverdinin o qanlı döyüşlərdən sağ-salamat çıxması bir möcüzə idi…
 
O vaxtdan illər keçib. İndi Şahin özü əsgərdir, Vətənin keşiyində dayanır. Onu maraqlandıran bütün sualalar isə artıq öz cavabını tapıb. Çünki Qarabağ işğaldan azad olunub. Daha heç bir uşaq “biz niyə kəndimizə getmirik?” deyib, atasını “divara dirəmir”. İndi bütün kəndlərimizə gedə bilirik. 28 ildən sonra doğma Cəbrayılda, doğma Soltanlıda tonqallar qalandı. Şuşada yanan o böyük tonqalın alovları erməniləri için-için yandırdı…
 
28 ildən sonra boynumuz ilk dəfə xoş niyyətlə önə əyildi. Şəhidlərimizə ehtiram göstərmək üçün…
 
Bu bayram bir başqa bayramdır. Bu dəfə təkcə tonqallarımız yanmır, həm də düşmən için-için yanır…
 
Seymur VERDİZADƏ
Link kopyalandı!
Son xəbərlər