Ermənistan baş naziri Nikol Paşinyanın parlamentdə 2021-ci il üçün hesabatı təqdim edərkən çıxışı Rusiyada kəskin narazılıq yaradıb. Hər halda, İrəvanın “Past” qəzeti belə yazır. Söhbət Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda öz ərazilərində irəliləməsi və mövqelərini gücləndirməsi ilə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) və Rusiya sülhməramlılarını tənqid edən Paşinyanın anti-Rusiya tezislərindən gedir.
Bundan əlavə, Nikol Paşinyan Ermənistan tərəfinin günahı üzündən hələ də delimitasiya olunmayan Ermənistan-Azərbaycan sərhədini də xatırladıb. Ermənistanın baş naziri KTMT-nin Azərbaycanın öz ərazilərinə nəzarəti bərqərar etməsinə reaksiya verməməsini də bu təşkilatın böyük uğursuzluğu kimi dəyərləndirib.
Yeri gəlmişkən, hazırda KTMT Kollektiv Təhlükəsizlik Şurasının sədri olan Paşinyanla yanaşı son günlər bu hərbi alyansı digər Ermənistan rəsmiləri də fəal şəkildə tənqid edirlər. Onların arasında Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da var ki, o, KTMT-nin baş katibi, belaruslu general Stanislav Zasla görüşdə azərbaycanlıların “Qarabağ kəndi”nə “müdaxiləsi”ndən narazılığını ifadə edib. Söhbət hər hansı şəkildə Ermənistandan getmədiyi üçün təsadüfi deyil ki, general Zas Mirzoyanın bu açıqlamalarına sadəcə olaraq məhəl qoymayıb.
Ermənistan rəhbərliyinin KTMT-yə qarşı bu qəbildən hücumları hansı səbəblərdən qaynaqlanır?
Rusiya Federasiyası Hərbi Elmlər Akademiyasının professoru, tanınmış rusiyalı və belaruslu hərbi-siyasi analitik Aleksandr Tixanski Oxu.az-a müsahibəsində qeyd edib ki, Qərb Ermənistanın siyasətinə təsir edir:
- Bu, həmçinin Rusiyanın Ukraynadakı xüsusi əməliyyatlarına qarşı mübarizə tədbirlərinə də aiddir. Qərb Gürcüstanı da cəlb etməyə çalışsa da, gürcüləri ermənilərdən fərqli olaraq, əzmək mümkün olmadı. Ermənistanda dünyada ən böyük ABŞ səfirliyi yerləşir. Bu səfirlikdə 4500 işçinin çalışdığı deyilsə də, bu faktlar təsdiqini tapmayıb. Ancaq 3500 sayı artıq əsaslı faktdır. Erməni tərəfi bir sıra Qərb fondları tərəfindən dəstəkləndiyi üçün kollektiv Qərb kimi reaksiya verir.
Eyni zamanda Ermənistanda Rusiya hərbi bazasının olması İrəvanın xoşuna gəlir, çünki Ermənistanın təhlükəsizliyi bu bazanın mövcudluğundan və Ermənistanın KTMT-də iştirakından asılıdır. Bu təşkilatda isə yalnız Rusiya və Belarus nümayəndələri çalışır ki, bunu Qazaxıstanda baş verən yanvar hadisələri də göstərdi.
Amma biz vəziyyətə nəzarət edirik və başa düşürük ki, Qərb ikinci cəbhə (Rusiyaya qarşı – red.) açmağa çalışıb. Gürcüstanda bu baş tutmadı. Qazaxıstanda ABŞ və Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulmaq barədə fikirləşdilər, lakin sonda bundan imtina etdilər.
- Yəni İrəvanın KTMT-yə hücumları o deməkdir ki...
- ...Bu, hərbi deyilsə də, siyasi sərhəd, Ermənistanı Rusiyadan ayıran sərhəd xəttini göstərmək cəhdidir, yəni saman altından su yeritməkdir. Amma bir daha xatırladıram ki, hətta Rusiyada dost ölkə sayılmayan Gürcüstan belə anti-Rusiya hərəkətlərindən əl çəkib. Amma Ermənistan rəhbərliyi özünü başqa cür aparır. Və mən açıq şəkildə, siyasi cəhətdən yanlış olsa da, emosional olaraq deyə bilərəm ki, Nikol Paşinyan siyasi fahişədir. Mən bunu bir neçə il əvvəl demişəm, indi də təkrar edirəm. O, elə belə də o tərəf-bu tərəfə qaçmağa davam edəcək. Bir tərəfdən deyir ki, “bizi Azərbaycandan qoruyun”, digər tərəfdən “ruslar, siz pissiniz”...