Qadın gözünü əbədi yummamışdan əvvəl çarpayısının ətrafına yığışıb, ona sevgi və kədər dolu baxışlarla baxan övladlarından soruşdu:
- Mən həyatımı istədiyim kimi yaşamışam. Canımı qardaşlarıma, qohum-əqrəbaya qurban vermişəm, özümü onlar üçün fəda etmişəm. Ancaq bilmirəm, mən bu həyatı düzgün yaşamışammı? Görəsən, nədə səhvə yol vermişəm? Amma bununla belə, əgər ikinci dəfə dünyaya gəlsəydim, yenə də həmin həyatımı yaşayardım. Çünki yaşadığım, ya da etdiyim heç bir şeydən peşman deyiləm.
Ölüm yatağında olan anasına toxtaqlıq verən övladlardan biri ona xoş olsun deyə söylədi:
- Düzgün yaşayıbsan, anacan. Bu, sənin həyatındır və sən onu istədiyin kimi yaşamısan. Buna görə səni heç kim ittiham etmir. Əslində buna bizim ixtiyarımız da çatmır.
Bu sözləri eşidən ana için-için hönkürdü. Hiss edirdi ki, bu, onun son göz yaşlarıdır. O, övladından bu cür cavab gözləmirdi. Ana göz yaşlarını saxlaya bilmirdi. Göz yaşları yanağı ilə aşağı süzülüb, balışın da tamam islatmışdı. Belə ölmək istəmirdi. Amma ona agah olmuşdu ki, son anlarını yaşayır, övladları ilə vidalaşmağın zamanı gəlib. İçindən qırıq-qırıq gələn kəlmələri bir-birinə calayıb övladlarından halallıq istədi:
- Övladlarım, məni bağışlayın, haqqınızı halal edin. Artıq vaxt yetişib. Yolçu yolunda gərək. Mən sizin hamınızı çox sevirəm...
Və ana gözlərini əbədi yumdu. Əslində o, çox xoşbəxt idi. Çünki canını övladlarının, nəvələrinin və yaxınlarının gözü önündə tapşırdı. O, tək deyildi. Sevənləri ətrafına toplaşıb, onu tək buraxmadılar. Əlbəttə, hamı kədər içində idi. Nə etmək olar? Əcəldən qaçmaq mümkün deyil. Bir gün gələn bir gün də gedəsidir. Bir də ki, qapını döyüb, içəri girən əcəl əliboş geri qayıtmaz. Axı o, Allahın əmrini yerinə yetirəndir. Otağa ölü bir sükut çökmüşdü. Sanki övladların içindən nəsə bir şey qırılıb düşdü. Bu, həyatlarının bir hissəsi, ürəklərinin bir parası olan ana itkisi idi. Və bu itki onların gözlərindəki kədərdən hiss olunurdu. Onlara ancaq analarını dayanmadan ağlamaq və onun soyuq meyitini qucaqlayaraq son öpüşlərlə qərq etmək qalırdı.
P.S. Bu yazımı nənəmə ithaf edirəm. Nənəm artıq 7 ildi aramızda yoxdur, 7 ildi ki, bizi tərk edib, rəhmətə gedib, amma ona baxmayaraq o ruhən yanımızdadı, o yuxularımızda yanımızdadı, o hər başlanğıcımızda yanımızdadı. O ruhən yaşayır, o bizimlədi. Hətta onun yaşadığı evə hər dəfə gedəndə onu xatırlayıb onun qoxusunu o evdən alırıq. Onun məzarını ziyarət edəndə isə elə bilirəm ki, yanımda oturub mənə baxır, mənimlə danışır, mənə məsləhətlər verir. Hər dəfə onun sözləri yadıma düşəndə lap kövrəlirəm, onun dəyərli sözlərinə ehtiyacım var. Onun kimi sirdaşa, dosta ehtiyacım var. Onun kimi müdafiəçiyə ehyiyacım var. Hər zaman məni anlayıb, məni müdafiə edirdi. Mən xatirələrimdə nənəmi hər zaman cavan, sağlam və gözəl bir qadın kimi təsəvvür edirəm. Onun kimi anlayışlı dostum bir daha olmayacaq. Əcəl, nədən bu qədər qəddar və amansızsan!!!