Yazar
Tural Səfərov
Bütün yazılar
kse
4947
26 Apr 2021 | 15:00

"Türkiyənin Şuşada Baş Konsulluğu və hərbi bazası yaradılmalıdır"

Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilən daha bir məlumat Azərbaycan xalqının haqlı narazılığına və qəzəbinə səbəb olub. Məramı guya sülh olan ölkənin Müdafiə Nazirliyi Tərtər rayonunun adını “Şaumyan” kimi təqdim edib.
 
Müdafiə Nazirliyinin “Daqlıq Qarabağın Şaumyan rayonunun Aknaberd kəndi” kimi təqdim etdiyi  yaşayış məntəqəsi hüquqi-inzibati cəhətdən  Azərbaycan Respublikası Tərtər rayonunun 1993-cü ildən Ermənistan tərəfindən işğal edilən və  10 noyabr 2020-ci ildən  Rusiya sülhməramlılarının nəzarət etdiyi Umudlu kəndidir. 
 
Bu, Rusiya Müdafiə Nazirliyinin “səhvə yol verdiyi” birinci hadisə deyil. Rusiya tərəfi vaxtaşırı belə təxribatlara əl atır. “Sülhməramlı ölkə” hələ də Azərbaycanın Xankəndi şəhərini Stepanakert, Xocavənd rayonunu Martuni, Ağdərəni isə Mardakert kimi təqdim edir. Bu azmış kimi, Rusiya Tərtəri də Şaumyan kimi təqdim etməklə onu göstərir ki, bu ölkənin məramı sülh deyil, işğalçılıqdır. 
 
Belə təxribatlar Prezident İlham Əliyevin bu yaxınlarda Azərbaycan televiziyasına müsahibəsi zamanı səsləndirdiyi fikirlərdən sonra daha da intensivləşib. Halbuki, dövlətimizin başçısı “İsgəndər M” raketi barədə sualı cavablandırarkən Rusiyanı Azərbaycanın strateji tərəfdaşı kimi qiymətləndirmişdi. Prezident müsahibəsində Rusiyanın bizə olan münasibətindən narazılığımıza diplomatik dillə eyham vurmuşdu:
 
“Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri var. Rusiya sülhməramlı qüvvələri Azərbaycanın razılığı ilə bizim torpağımıza - Qarabağa, Xankəndiyə və ətraf yerlərə gətiriliblər. Biz hesab edirdik ki, bu yeni əməkdaşlıq formatı bizim əlaqələrimizi möhkəmləndirəcək. Əslində, möhkəmləndirməlidir. Ancaq “İsgəndər-M” raketlərinin Şuşa şəhərində tapılması və bu məsələ ilə bağlı bu günə qədər bizə tam cavabın verilməməsi, əlbəttə ki, Azərbaycan xalqında və Azərbaycan rəhbərliyində haqlı olaraq təəssüf və təəccüb hissi oyadır. Strateji tərəfdaşlar arasında münasibətlər səmimi olmalıdır. Azərbaycan bütün strateji tərəfdaşlarla həmişə səmimi olub, həmişə öz sözünün üstündə durmuşdur, öz sözünü yerinə yetirmişdir”.
 
Gözləmək olardı ki, ölkə rəhbərimizin bu çıxışından sonra Rusiya Azərbaycana qarşı daha diqqətli davranacaq, öz sülhməramlı missiyasına uyğun hərəkət edəcəkdir. Ancaq biz bunun tam əksini müşahidə edirik. Rusiyanın erməni təəssübkeşliyi ona məramının sülh olmasına imkan vermir. Ölkəmizin və xalqımızın haqlı narazılığının ən ali səviyyədə diqqətə çatdırılmasından sonra da dost münasibəti görmürüksə, biz də “sülhməramlı ölkə”nin davranışlarına adekvat cavab verməliyik. Bunun üçün qardaş Türkiyə ilə əlaqələrimizi daha da dərinləşdirməli, hərbi sahədə əməkdaşlığımızı genişləndirməliyik. 
 
ABŞ Prezidenti Co Baydenin qondarma erməni soyqırımı barədə məlum çıxışından sonra Türkiyənin Şuşada Baş Konsulluq açması barədə təkiliflər səsləndirilir.  Türkiyənin Altınbaş Universitetinin rektoru, professor Çağrı Erhan “NTV” kanalına müsahibəsində bildirib ki, təcili Azərbaycanın Şuşa şəhərində Türkiyənin Baş Konsulluğu açılmalıdır.
 
Hesab edirik ki, Türkiyənin Azərbaycanın Şuşa şəhərində Baş Konsulluğu ilə yanaşı, hərbi bazası da yaradılmalıdır. Belə bir təşəbbüsün reallaşdırılması ermənilərin həm Rusiyadakı, həm də ABŞ-dakı havadarlarına verilən çox ciddi mesaj olar, bölgədə vəziyyəti Azərbaycanın xeyrinə dəyişdirə bilər. Bu addımların atılması Dağlıq Qarabağın müstəqilliyini tanımağa hazırlaşanların da xülyalarının üzərindən birdəfəlik xətt çəkər. 
 
Bunun üçün həm hüquqi, həm də mənəvi əsaslar vardır. Bildiyimiz kimi, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında saziş” imzalanıb. Müavilənin bir bəndində qeyd olunub ki, “Tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, tərəflər BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və ya kollektiv özünü müdafiə hüququnun həyata keçirilməsi üçün hərbi imkan və qüdrətlərindən istifadə etmək də daxil olmaqla, mövcud imkanları çərçivəsində bütün zəruri tədbirlərin görülməsi məqsədi ilə bir-birinə qarşılıqlı yardım göstərəcəkləri barədə razılığa gəldilər”.
 
Göründüyü kimi, Türkiyənin Azərbaycanda hərbi baza yaratması üçün heç bir maneə yoxdur. Şuşada həm Baş Konsulluğun, həm də hərbi bazanın yaradılması üçün təcili Türkiyəyə müraciət etməliyik. Bu müraciət hələlik dövlət səviyyəsində olmaya da bilər. Ölkəmizin tanınmış ziyalıları, ictimai xadimlər Azərbaycan xalqının böyük dostu, Qarabağın işğaldan azad edilməsində mühüm xidmətləri olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət etməlidir. İnanıram ki, qardaş ölkənin başçısı bu müraciəti cavabsız qoymayacaqdır. 
 
Tural Səfərov
Link kopyalandı!
Son xəbərlər