Fevral ayının son günlərindən başlayaraq Ukraynanın şərqində, xüsusilə də Donbass vilayətində fəaliyyət göstərən separatçı qüvvələr tərəfindən atəşkəs rejimini pozulması halları artan dinamika nümayiş etdirir. Azərbaycan-Türkiyə-Pakistan ittifaqı ilə ən yaxın əlaqələrə malik Ukraynada baş verənlər təbii ki, adı çəkilən ölkələrin ictimaiyyəti tərəfindən də diqqətlə izlənilir.
Son zamanlar seperatçılar atəşkəsi 82 mm-lik minaatan, müxtəlif çaplı qumbaraatan, ağır pulemyot və atıcı silahlardan pozur. Fevralın 27-də atəşkəsin pozulması nəticəsində Ukrayna ordusunun 2 hərbi qulluqçusu həlak oldub, 3-ü isə yaralandı. Martın 2-də isə Pavlopil bölgəsi yaxınlığında seperatçıların avtomobilə quraşdırdığı naməlum partlayıcı qurğunun partlaması nəticəsində Ukrayna ordusunun 9 hərbi qulluqçusu yaralandı. Artıq Ukrayna tərəfi baş verən hadisələrə adekvat cavab vermək məcburiyyətində qalıb.
Rəsmi Kiyev Azərbaycanı Vətən Müharibəsində birmənalı olaraq dəstəkləməklə bərabər, Bakının döyüş meydanında əldə etdiyi uğurlu təcrübəni kifayət qədər yaxından izləyirdi. Qarabağda baş verən hadisələr Ukraynadan olan mütəxəssislər tərəfindən kifayət qədər geniş təhlil edilirdi. Keçmiş SSRİ məkanındakı münaqişələrin demək olar ki, hamısı eyni mərkəz tərəfindən “kiçik saylı seperatçı rejimləri dəstəkləməklə “sözə baxmayan” müstəqil respublikaların cəzalandırılması” prinsipi ilə həyata keçirilməsi, həmin respublikaların seperatizmlə mübarizədə bir birilə sıx əməkdaşlıq etməsini tələb edir. Digər tərəfdən isə Ukaraynanın həm NATO ilə, həm də Azərbaycan ilə bərabər Türkiyə və Pakistanla hərbi texniki sahədə yaxından əməkdaşlıq etməsi, rəsmi Kiyevin seperatizmlə mübarizədə gələcək planlarının əsas konturlarını görməyə də imkan verir.
Türkiyənin Suriya və Liviyada SSRİ/Rusiya silahlarının nüfuzunu yerlə bir etməsi və Azərbaycanın Qarabağda Qələbə qazanması, Ukraynanın siyasi-hərbi planlarına təsirsiz ötüşmədi. Digər tərəfdən isə Krımı işğal etdikdən sonra beynəlxalq ictimaiyyətin, xüsusilə də Türkiyə Prezidenti R.T.Ərdoğanın və ABŞ-ın yeni seçilən Prezidenti C.Baydenin Ukraynaya birmənalı və hərtəfli dəstəyi, yaxın aylarda Ukraynanın seperatçıların atəşkəsi pozmasına daha sərt reaksiyası ilə nəticələnəcəyini ehtimal etməyə əsas verir. Ankara Ukrayna mövzusunda Kremlin narahatlığını sanki bilərəkdən görməzdən gəlir. Qarabağ və Suriyada bir birilə əməkdaşlıq etmələrinə baxmayaraq, Rusiyanın bu mövzuda Türkiyə barədə nə dediyi, nə düşündüyü isə Ankaranı demək olar ki, heç maraqlandırmır. Moskvanın Ukrayna və Krım məsələsində Ankaranın sərt mövqeyi ilə barışmaqdan başqa çarəsi də qalmayıb. Türkiyənin zərbə PUA-ları ilə yaxından “tanış” olan Moskva, növbəti dəfə Ukraynada texnikalarının rüsvay olmasını necə həzm edəcəyi də maraq doğurur. Burada ABŞ və digər NATO üzvü olan Avropa ölkələrinin, xüsusilə Polşanın Ukraynaya dəstəyi vacib əhəmiyyət daşıyır.
Ukrayna son zamanlar işğal edilən ərazilərini azad etmək istiqamətində ciddi addımlar atmaqda davam edir. Kifayət qədər ciddi potensiala malik Ukrayna müdafiə sənayesi ölkənin həm quruda, həm havada, həm də dənizdə zərbə imkanlarını artıra biləcək silah sistemlərinin istehsalını sürətləndirib. ABŞ, Böyük Britaniya, Türkiyə və Pakistanla hərbi-texniki sahədə əməkdaşlıq genişləndirilib.
Hamımızın iftixarla xatırladığı “Bayraktar TB2” PUA kompleksinin ilk sifarişçisi və xarici operatoru Ukrayna olub. Vətən müharibəsində Azərbaycan Ordusu tərəfindən “Bayraktar TB2” PUA-sı bütün cəbhə boyu istifadəsi, onun Ermənistan ordusuna məxsus SSRİ/Rusiya hava hücumundan müdafiə sistemlərini, radar stansiyalarını, tankları və digər zirehli texnikaları, yük maşınlarını, cəbhəxanaları, istehkam qurğularını məhv etməsi, Ukrayna seçiminin doğru olduğunu təsdiqləyib. Türkiyə PUA-larının son illərdəki nailiyyətləri, Ukrayna siyasi-hərbi rəhbərliyinin seperatizmlə mübarizədə gələcək planlarına daha cəsarətli elementlərin əlavə edilməsi ilə müvafiq korrektələrə də səbəb olub.
Ukraynanın “Ukrspecexport” şirkəti isə keçən ayın ikinci yarısında zərbə tipli “Sokil-300” pilotsuz uçuş aparatını nümayiş etdirib. Kiyevdə yerləşən “Luç” dizayn bürosu tərəfindən hazırlanan PUA-nın 10 km-ə qədər mənzilə malik dörd ədəd idarəolunan raketlə silahlanması, onun hazırlanmasında “Bayraktar” aparatının “bəzi izlərini” sezməyə imkan verir. Daha böyük olan “Sokil-300” PUA-sı “Bayraktar” kimi müşahidə və kəşfiyyat funksiyaları da yerinə yetirəcək. Maksimum 300 kq faydalı yük daşıyan PUA maksimum 1225 kq qalxma kütləsinə və 335 km/s sürətə malikdir.
Fevralın əvvəlində isə Ukrayna Hərbi Dəniz Qüvvələrinə Mi-2MSB helikopterləri tədarük edilib. Bu helikopter əvvəlcə yeni pilot hazırlamaq və mövcud olanların bacarıqlarını dəstəkləmək üçün dizayn edilib. Helikopterlər yüklərin və personalın daşınaması üçün də istifadə edilə bilir.
Fevralın birinci yarısında məlum oldu ki, Ukrayna Hərbi Dəniz Qüvvələri üçün Türkiyə ilə birlikdə MİLGEM sinfinə məxsus “Ada” korvetləri inşa ediləcək. Bu korvetlərin yerli “Neptun” raketləri ilə bərabər ABŞ-ın “Harpoon” və Türkiyənin “Atmaca” raketləri də təchizatı da Rusiyanı narahat edən faktorlardandır. Ukrayna Sovet İttifaqında istehsal edilən 122 mm-lik “Qrad” Yaylım Atəşli Rekativ Sistemlərini (YARS) əvəz etmək üçün yeni kompleks istehsal etmək niyyətindədir. Onların sursatları artıq sınaqlardan keçirilib. “Dozor-B” zirehli maşınlarının modernləşdirmə prosesi isə keçən aya başa çatdı və bu işlər nəticəsində zirehli maşınlar suda hərəkət imkanı əldə etdi.
Fevralın 20-də ABŞ Ukrayna ordusuna 20 ədəd M1151 “Humvee” zirehli maşınları və 84 ədəd hərbi kater hədiyyə etməsi də birbaşa Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qorumağa kömək etmək niyyətindən irəli gəlir.Böyük Britaniya Qara və Azov dənizlərində iki hərbi bazanın inşası üçün Ukraynaya maliyyə dəstəyi verir. ABŞ hazırda Rusiya təcavüzündən əziyyət çəkən Ukrayna, Gürcüstan və Moldova arasında hərbi ittifaq yaradılmasını dəstəkləyi və bu istiqamətdə Polşa vasitəsilə aktiv danışıqlar gedir. ABŞ Qara dəniz və Mərkəzi Avropa bölgəsində Ukraynanı etibarlı tərəfdaş kimi görür. Son illərdə ABŞ Ukraynaya ümumi dəyəri 1,6 milyard dollar olan müxtəlif növ yardım etməklə bərabər, bütün müttəfiqlərini və ortaqlarını Ukrayna ordusuna dəstəyi artırmağa dəvət edir.
Bütün bu sadalanlar ilə birlikdə müdafiə potensialını artıran Ukraynanın ABŞ, NATO və Türkiyə kimi müasir silah istehsalçıları ilə yaxından əməkdaşlıq etməsini, beynəlxalq ictimaiyyətin Krımı ilhaq etməsindən sonra Ukrayna ordusuna maddi və mənəvi dəstəyi artırmasını, Azərbaycanın Qarabağda əldə etdiyi nailiyyətləri, xüsusuilə də piliotsuz və pilotlu vasitələrin qarşılıqlı əlaqədə tətbiqini, son müharibələrdə Türkiyə silahlarının geniş imkanlarını və nəhayət, Ukraynada formalaşan sosial sifarişi nəzərə alsaq, rəsmi Kiyevin seperatçıların təxribatlarına cavab vermək üçün ciddi addımlar atdığını deyə bilərik. Rusiyanın sanksiyalar altında əzildiyi və son 3 münaqişədə silahlarının münaqişənin taleyinə təsir etmədiyi, Ukraynanın isə quruda, havada və dənizdə hərbi potensialını artırdığı bir vaxtda, bunun əksini də ehtimal etmək və mövcud təhdidlərə cavabsızsız qalacağını da düşünmək doğru olmazdı. Rusiyanın nəzarətindən kənarlaşmaq və müstəqil siyasət həyata keçirmək istəyinə görə seperatizm və təcavüzdən əziyyət çəkən Ukrayna, Gürcüstan və Moldova arasında hərbi ittifaq yaradılması da reallığa çox yaxın layihə təəssüratı bağışlayır.
Görünən odur ki, münaqişənin alovlanması üçün əllərindən gələni edən Donbass seperatçıları havadarlarının verdiyi silah sistemlərinin nüfuzunu, Ermənistandan əskik olmayacaq şəkildə yerlə bir etməyə hazırlaşırlar. Bu dəfə də seperatizmin darmadağın edilməsi qaçılmaz olacaq. Çünki, yuxarıda sadalanan silah sistemlərinin Ukraynada istehsalı və ya əldə edilməsi yalnız fevral ayının bir hissəsini əhatə edir. Bura raket texnologiayası sahəsində rəsmi Kiyevin açıqlamadığı yenilikləri də əlavə etməliyik. Əks tərəfdə, hətta onların havadarlarında belə Suriya, Liviya və ya Qarabağda gördüklərimizdən fərqli və üstün hesab edilə biləcək yeni silah sistemləri müşahidə olunmur. Azərbaycan həm tərəfdaş və müttəfiqi kimi, həm də 30 il seperaizmdən əziyyət çəkən ölkə kimi Ukraynanı bütün platformalarda və birmənalı şəkildə dəstəkləyir. Ukrayna da daim Azərbaycanın yanındadır. Həm Ukraynanın, həm də Gürcüstanın və Moldovanın ərazi bütövlüyünün bərpa olunması, regionun gələcək inkişafında mühüm rol oynamaqla bərabər, seperatçı rejimlərə və onların havadarlarına verilmiş ən yaxşı “hərbi tarix dərsi” ola bilər. İstənilən halda bu prosesin memarı olan Azərbaycan “Zəfər” estafetini artıq Ukraynaya ötürüb. İndi isə Donbassda “suda batarkən saman çöpündən yapışanların” xilası, elə onların özündən asılıdır. Ukrayna tərəfindən səslənən bəyanatlar seperatçılar işğal altındakı Ukrayna ərazilərini qeyri şərtsiz tərk etməsini tələb edir. Əks halda onlar Qarabağda olduğu kimi, ya məhv ediləcəklər, ya da daha erkən məhv ediləcəklər. Geri sayım artıq başlayıb, seçim isə seperatçıların deyil, onları dəstəkləyən rejimlərindir.
Görünən odur ki, bu yaz Ukraynanın şərqində əvvəlkilərdən isti keçəcək...
Ədalət Verdiyev,
Hərbi ekspert, Xüsusi olaraq Moderator.az üçün