Artıq Vətən Müharibəsi başa çatıb. Azərbaycan Ordusunun hissə və bölmələri Şuşada və digər azad edilən ərazilərdə yerləşib. Azad edilən 10 min kv.km-dən çox ərazilərimizə artıq Əsgərimiz nəzarət edir. Bu Qələbənin əldə edilməsində hər bir vətəndaşımız əlindən gələni etməyə çalışdı. Qədim bir atalar misalı belə səslənir: Qələbənin yüz atası olur. Məğlubiyyət isə yetim olur.
30 il əvvəl qazandıqları müvəqqəti uğurlardan başı gicəllənən erməni hərbi elitasının Vətən Müharibəsinin başa çatmasından sonra verdikləri bəyanatlar isə həqiqətən bu atalar məsəlinin hələ də aktual olduğunu göstərir. Bəzi erməni hərbçilərinverdiyi bəyanatlar isə həqiqətən də ikrah hissi doğurur.
Hər dəfə verdikləri müsahibələrlə özlərini daha gülünc vəziyyətə salan keçmiş müdafiə nazirlərinin və müavinləri, görəsən dediklərinə özləri inanırmı? Aralarında fikir bildirmədən əvvəl arxaya çevrilib keçmişlərinə nəzər salan olurmu?
Maraqlıdır ki, hələ indiyə qədər Erməstan ordusunun bir nəfər olsun general və ya zabiti baş verən məğlubiyyətdə özünü gunahkar bilməyib. Bu mənada qismən Paşinyan daha obyektiv təəssürat yaradır.
Müharibədən sonrakı müddətdə Ermənistanın keçmiş müdafiə nazirləri və onların müavinləri mediaya açıqlama vermək üçün növbəyə düzülüblər. Seyran Ohanyan, David Tonoyan, Artak Zakaryan bir-biri ilə kənarda "günah keçisi" tapmaq üğrunda yarışırlar. Artak Seyranı, Seyran keçmiş müavini Davidi, David isə Konsitutsiyanı günahlandırır. Məqsəd isə son müharibədə Ermənistanın məğlubiyyətinin səbəblərini, baş verənlərə görə məsuliyyəti digərlərinin üzərinə atmaq şərti ilə erməni xalqına "izah" etməkdir. Məsuliyyət adətən ya sələflərin, ya da xələflərin çiyninə yüklənir. Heç kim özünün səhvi barədə kəlmə işlətmir.
"Günah keçisi" axtarışında ən çox iyrənclik isə general-polkovnik Seyran Ohanyanın açıqlamalarında müşahidə olunur. Seyran Ohanyan 1962-ci ildə Şuşa şəhərində anadan olub. 1983-cü ildə Bakıdakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. Yəni həm Azərbaycan vətəndaşıdır, həm də onun hərbçi kimi formalaşmasında Bakının xüsusi yeri var. Hazırda Azərbaycanda onunla bir yerdə oxuyan çox sayda general və zabitlər hərbi xidmətdədir. Yəni şəxsi keyfiyyətlərini araşdırmaq çətin deyil. Lakin məqsədim bu deyil.
Qarabağ müharibəsinin əsas simalarından biri hesab olunan Seyran 1-ci Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının işğalı və kütləvi qətllərdə və dinc əhaliyə divan tutulmasında fəal iştirak edib .Xocalı qətliamında 366-cı alayın tabor komandiri kimi qatılan və əli Azərbaycanın mülki vətəndaşlarınını qanına bulaşan Seyran Ohanyan digər erməni qatillər kimi hazırda İnterpol xətti ilə beynəlxalq axtarışdadır.
1999-2007-ci illərdə qondarma qurumun "müdafiə naziri", 2007-2008-ci illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olan Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub. 17 il ərzində erməni xalqını Azərbaycan Ordusunun "döyüş qabiliyyətinin aşağı olmasına" inandırmaq üçün dəridən qabıqdan çıxan Ohanyan, Vətən Müharibəsi zamanı təkrar Azərbaycana qarşı döyüşmək üçün Qarabağa gələrək, əvvəlki iddialarının əsassız olmadığını sübut etməyə uğursuz cəhd də etdi. 6 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi məqsədilə həyata keçirdiyi döyüş əməliyyatlarında Seyran və oğlunun ağır yaralanmasına dair məlumatlar da yayılmışdı.
Çörəyini yediyi Azərbaycanın mülki vətəndaşlarınını qanına bais olan Seyran Ohanyan Ermənistanda ən uzun müddət hərbi rəhbərlikdə təmsil olunub. İndi isə məlum müharibədəki məğlubiyyətin yükünü sələflərinin çiyninə yükləmək üçün ciddi səylə çalışır, müsahibələrində özündən başqa hər kəsi, xüsusilə keçmiş nazir David Tonoyanı "günah keçisi" kimi təqdim etməyə çalışır.
David Tononyan 1967-ci ildə Qazaxıstan SSR-nın Şərqi Qazaxıstan vilayətində Oskemen şəhərində anadan olub. 1986-cı ildə Sovet Silahlı Qüvvələrinin Zaqafqaziya Hərbi Dairəsində xidmət edib. 1991-ci ildə İrəvan Dövlət Universitetində təhsil almaq məqsədi ilə İrəvana köçüb. 1998-2007-ci illərdə Tonoyan NATO-nun Brüsseldəki qərargahında müxtəlif vəzifələr tutub, üç il Ermənistanın NATO-dakı nümayəndəsi kimi fəaliyyət göstərib. 2007-ci ildə Tonoyan Müdafiə Nazirliyindəki beynəlxalq hərbi əməkdaşlıq və müdafiə siyasəti şöbələrinə rəhbərlik etmək üçün Ermənistana qayıdıb. 2010-cu ildən 2017-ci ilə qədər Tonoyan Seyran Ohanyan və Viqen Sarkisyanın rəhbərliyi altında Ermənistan Müdafiə nazirinin birinci müavini vəzifəsində xidmət edib.
Fevralın 6-da imzalanan prezident sərəncamına əsasən David Tonoyan fövqəladə hallar naziri vəzifəsinə təyin edilib. Baş nazir Nikol Paşinyan Tonoyanı 2018-ci ilin 11 may tarixində müdafiə naziri vəzifəsinə təyin edib. Tonoyanın adı bu vəzifədə daha çox Ermənistana silah tədarük edən müşaviri "Patron Davo" ləqəbli iş adamı Qalstayan ilə rüşvət və şişirdilmiş qiymət məsəsləsrində əlbir fəaliyyətdə hallanıb. Son illərdə Ermənistan ordusunun silah alışının 90% -i David Qalstyan vasitəsi ilə həyata keçirilib. Qalstyan bir neçə ixtisaslaşmış şirkətin səhmdarıdır. O, Ermənistandakı "Kalaşnikov" zavodunun sahiblərindən biridir və "Royalsys Engineering" şirkətinin rəhbəri olub. Vətən müharibəsində nasaz olduğu üçün atəş açmayan və İordaniyadan alınan "Osa-AK" ZRK-ları da məhz Qalstyan tərəfindən Ermənistana tədarük edilmişdi. 2019-cu il dekabrın 27-də bu komplekslərin Paşinyana təqdimatında Qalstyan da iştirak edib.
2016-cı ildə Tonoyanın xeyir duası ilə onun dostu Qalstyan 8.5 milyon ABŞ dolları dəyərində olan "Pantsır-S" zenit raket kompleksini Ermənistana 1 ədədinin 16 milyon ABŞ dollarından itələyə bildi. Beləliklə, "Patron Davo" və Davit Tonoyan 4 ədəd "Pantsir-S" zenit-raket kompleksindən ümumi olaraq 30 milyon ABŞ dolları qazandılar. Maraqlı orasıdır ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Serj Sarkisyanın qohumu olan Qalstyan daim erməni siyasi-hərbi elitası ilə, o cümlədən Tonoyanla qısa müddətdə rahat dil tapmağı bacarıb.
Ermənistanın müasir tarixindəki bəlkə də ən bacarıqsız müdafiə naziri David Tonoyan da son günlərdə mediada aktivləşib. Müharibə zamanı onu gözüm çox axtardı, cəmi bir dəfə Gorus və ya Qafan istiqamətində əsgərlərlə fotosuna rast gəldim. Yanındakı əsgərlərdən biri isə Azərbaycanın Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti üçün nəzərdə tutulan geyim formasında idi. Digər bir əsgərin çəkməsiz olması da diqqətimizi çəkmişdi. Bundan başqa müharibədə davamlı ərazilər itirən Ermənistanın nə müdafiəsiz nazirinə, nə də Başsız Qərargahının rəisinə heç kim birincinin istefasına qədər heç döyüş əməliyyatları zonasında və ya səngərdə rast gəlmədi, halbuki belə bir qəliz vəziyyətdə onların yeri ən azı ön idarəetmə məntəqəsində olmalı idi.
İndi Tonoyan erməni ordusunun məğlubiyyətində Ermənistan Konstitusiyasını günahlandırır, guya edilən yeni düzəlişlərə görə Baş nazir - Müdafiə Nazirliyi - Baş qərargah arasında qarşılıqlı əlaqənin təşkilində qeyri müəyyənliklər olub və nəticədə müharibə zamanı Müdafiə naziri, yəni Tonoyan faktiki olaraq döyüş əməliyyatlarının planlaşdırılması və aparılmasından kənarda qalıb. O zaman sual olunur: Əgər həm belə bir qeyri müəyyənlik mövcud idisə, həm də müdafiə naziri proseslərdən kənarda qalmışdısa, o zaman nazir vəzifəsini daşıyan Tonoyan "Azərbaycan yeni müharibəyə başlayarsa, yeni ərazilər itirəcək" bəyanatını səsləndirməklə çarəsiz erməni xalqını niyə aldadırdınız? Niyə verdiyiniz vədi yerinə yetirmək əvəzinə, ərazi və ordunun darmadağını nəticəsində oturduğunuz nazir kürsünün "temperaturu" yüksələn kimi kənara çəkildiniz?
İki il yarım müharibə vəziyyətində olan Ermənistanda Müdafiə Nazirliyinə rəhbərlik edən bir şəxs, Baş nazir - Müdafiə Nazirliyi - Baş qərargah arasında anlaşılmazlığı həll edə bilməyibsə, tabeliyində olan ordunu hərbi əməliyyatlara və "yeni müharibədə yeni ərazilər əldə etməyə" necə hazırlaya bilərdi? Yeri gəlmişkən, 2018-ci ildə Azərbaycan Ordusu Naxçıvanda "Günnüt Əməliyyatı"-nı həyata keçirəndə Ermənistanın Müdafiə naziri David Tonoyan idi. Hər zaman hər şeydən danışan David indiyə qədər bir dəfə də olsun Azərbaycan Ordusunun həyata keçirdiyi döyüş əməliyyatı nəticəsində ərazilər və yüksəkliklər əldə etməsinə münasibət bildirməyib.
Təbii ki, müharibə zamanı erməni ordusunda nəyisə dəyişmək üçün artıq gec idi, Tonoyan hər gün məruz qaldığı məğlubiyyətlərə görə qoşunun qalan hissəsini yeni mövqelərdə yerləşdirməyə belə imkan tapmırdı, lakin unun Ermənistan Silahlı Qüvvələrinin üzləşdiyi problemləri həll etmək üçün əvvəllər 30 aya yaxın vaxtı var idi. Lakin David bu vaxtı yalnız "Patron Davo" ilə zənginləşməsi üçün sərf etməyə üstünlük verdi.
Müdafiə nazirinin keçmiş birinci müavini Artak Zakaryan isə KİV-lərdə Tovuz hadisələrindən sonra aktivləşdi. Bu vəzifədə yalnız bir il çalışan Artak özünü müdafiə sahəsində üstün bir mütəxəssis kimi göstərməyə cəhd edirdi. Müharibə zamanı hakimiyyəti müxalifətin tənqidlərinə qulaq asmamaqda günahlandıran Zakaryan, nədənsə hakimiyyətdə olanda bu prinsipləri özünün də yerinə yetirmədiyinə aydınlıq gətirmirdi.
Zaman-zaman Ermənistanın Mingəçevir SES-ə taktiki raket zərbəsi endirəcəyi ilə bağlı absurd açıqlamalarla mediada ilk kövrək addımlarını atan Zakaryan Vətən Müharibəsində Hadrutun ermənilərdən təmizlənməsi ilə mütəxəssis-ekspert kimi talantını da itirdi. Onun proqnozlarının tam əksinə olaraq nə ermənilər Mingəçevir SES-i məhv edə bilmədi, nə Azərbaycanın yarısı su altında qalmadı. Artakın "Məğlubedilməz" olaraq dəyərləndirdiyi erməni ordusu isə "keçilməz Ohanyan səddini" əks hücumun ilk saatlarında 20 km-də yarılmasına mane ola bilmədi və son nəticədə Azərbaycan Bayrağı Şuşaya sancıldı. Bundan sonra Artak Zakaryan özünü fərqli sahədə, məsələn falçılıqda sınaması bəlkə də daha səmərəli ola bilər, lakin bu olmaya da bilər.
30 il ərzində ermənilər regionda reallaşdırıln ən mühüm layihələrdən kənarda qalmaq bahasına olsada, işğalçı siyasət nəticəsində böyük ərazilər əldə etmişdilər. Bütün bu ərazilər 44 günlük Vətən Müharibəsindəki "Dəmir Yumruq" zərbəsi ilə artıq Azərbaycan Əsgərinin nəzarətindədir. Bütün bunlara məsuliyyət birbaşa olaraq yuxarıda adları çəkilən şəxslərin, xüsusilə də bu məsuliyyəti digərlərinə yükləməyə daha çox çalışan, uçaq qatili Seyran Ohanyanın üzərindədir.
Niyəsini aydınlaşdırmağa çalışacam. Birincisi, əvvəl qeyd etdiyim kimi, Seyran 17 il vəzifədə ən yüksək vəzifələrdə olub. Son Şüşa döyüşlərində də nəsə etməyə çalışıb. Erməni vətəndaşı gözü ilə baxsaq, türk qatili olduğuna görə Ohanyan yaxşı "komandir"dir, hətta "qəhrəman" döyüşçüdür. Lakin dırnaq arasından çıxarsaq belə, yaxşı bir komandir və qəhrəman döyüşçü olmaq, yaxşı müdafiə naziri olmaq demək deyil. Bunu Emənistanın kədərli və acı təcrübəsi də göstərir. Ermənistanın müdafiə naziri olaraq Seyran Ohanyan çox erməni zabitini, xüsusilə də Qarabağdan olmayanları çox incidib. Məhz onun nazir olduğu müddətdə Ermənistan ordusunda cinayətkarlıq sürətlə artdı, korrupsiya çiçəkləndi. Müdafiə naziri təyin ediləndən sonra Ohanyan kifayət qədər qısa müddətdə Ermənistanın ən varlı adamlarından birinə çevrildi və həyat yoldaşı bir sıra gəlirli sahələri, məsələn, stomatologiya sahəsində monopoliya yaradaraq bu sferanı tam ələ keçirdi.
Ohanyan hazırda Vətən Müharibədəsindəki məğlubiyyətə görə özündən başqa hamını, xüsusilə də varislərini "günah keçisi" kimi təqdim etməyə çalışır. Lakin Ohanyan 2007-2008-ci illərdə Baş Qərargaha, 2008-2016-cı illərdə Müdafiə Nazirliyinə rəhbərlik etdiyini unudur. Azərbaycan Əsgərinin 2016-cı ildə Talış və Lələtəpə istiqamətində nazirin adını daşıyan həmin səddi yaranda, zərbə PUA-larının zərbələri qarşısında erməni xüsusi təyinatlılarının "dabanından qığılcım" çıxanda Ermənistanın Müdafiə naziri on illər ərzində ermənilərin başının altına "Ohanyan səddi" kimi böyül bir yastıq qoyan Seyran deyildi? 35 ilə yaxın hərbi təcrübəsi olan Ohanyan açıq mətbuatdan və digər qapalı mənbələrdən yaxşı bilirdi ki, Azərbaycan zərbə və kəşfiyyat PUA-ları alır, onların yerli istehsalını təşkil edir, Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə qoşunlarının texiki vasitələrini modernləşdirir, Radioelektron mübarizə sistemləri əldə edir. Nədən bu məsələlərə Ohanyan diqqət yetirmirdi? Niyə Seyran Ohanyan Aprel Müharibəsindən sonra "günah keçisi" axtarmırdı?
Çünki, şəxsi zənginləşmə ilə məşğul olan Seyranın digər işlərə zamanı qalmırdı. İndi isə "günah keçisi" axtarışındadır. Ola bilər ki, bu yazını görməsin və ya görməzdən gəlsin. Lakin ümid edirəm ki, Azərbaycan vətəndaşı Ohanyan nə zamansa törətdiyi cinayətllərə görə Azərbaycanın ədalət məhkəməsi önündə dayanacaq. Bəlkə o zaman mən bu sualları onun üzünə qarşı səsləndirə bildim.