Yazar
Ədalət Verdiyev
Bütün yazılar
kse
7671
25 Jan 2021 | 17:07

"Kəndin başının üstündə Şuşa qayaları “Domokl qılıncı” kimi asılıbsa, Daşaltıya hücum etmək nəyə lazım idi?

Bu gün Azərbaycan Ordusunun qurulmasından cəmi 3 ay sonra həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən "Daşaltı əməliyyatı"ndan 29 il ötür. Şuşanın Daşaltı kəndinin azad olunması məqsədilə ilk əməliyyat 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam etmişdi. 
Daim bu əməliyyatın detalları düşündürürdü. Bu barədə indi söz demək çətin deyil, amma yenə də ərazini gözlə görmək, çox sayda bu döyüşlərdə iştirak edən bir çox zabitlərlə həm Bakıda, həm də artıq Azərbaycan Əsgərinin nəzarətində olan Daşaltıda görüşmək fərqli qənaət əldə etməyimə səbəb oldu. 
Azad olunan ərazilərə ilk səfərim də məhz Daşaltıdan başladı. Horadiz, Kürdlər, Abdurəhmanlı, Dədəli, Hadrut, Böyük Tağlar, Tağlar, Tuğ, Ağbulaq, Dağyurd, Mədətkənd, Çanaxçı yaşayış məntəqələrindən və Topxana meşəsindən keçməklə Daşaltına çatdıq. Ətrafı seyr edəndə ölü bir sakitlik hökm sürüdü. Kənd sanki gec qayıtdığımıza görə küsmüşdü, incimişdi bizdən. 29 il ayrılıqdan sonra bizi tanımaq belə istəmirdi. Tək təssəllimiz son ayda ilk dəfə səmada parlayan günəş idi...
Əlbəttə ki, 3 ay əvvəl yaradılan, təminat və təchizatı sıfıra yaxın, zabit heyəti ilə komplektləşdirilməsində problemləri olan və siyasi proseslərin burulğanında istinad nöqtəsi tapmayan 92-ci ilin Ordusu ilə “Dəmir Yumruq” müəllifi olan 2020-ci ilin Ordusunun imkanlarını müqayisə etmək fikrindən çox uzağam. Amma hər iki əməliyyatın bəzi ortaq nöqtələri deməyə bilmərəm:
1. Hər iki döyüş əməliyyatının iştirakçılarını eyni Vətənpərvərlik hissləri birləşdirib. 2020-ci ildə Daşaltını azad etmək üçün bu əzabı 29 il ürəyimizdə qubar etməli idik, onun ağır yükünü çiynimizdə daşımalı idik. Bu hissləri Vətən yanğısı ilə birlikdə özümüzdən sonrakı nəsilə tam həcmdə ötürməli idik. Bunu bacardıq.
2. 1992-də eyni məqsəd uğrunda döyüşənlər ilə bu gün Daşaltını azad edənlər arasında təminat və təchizat xaric, yalnız nəsil fərqini gördüm. Bizdən sonrakıları daha qururlu, daha məğrur gördüm və bu bizim üçün çox vacib idi. Əyilmiş, məğlub qamətimizi çox zaman “Siz müharibə görməmisiniz” deyə qınadığımız oğullarımız xilas etdi. Bunu da həmin oğullarla birlikdə bacardıq.
Daşaltını gözümlə görəndən sonra bütün qarışıq hissləri başımdan atdım, hətta 1992-də baş verən uğursuzluğu və bunun günahlarını bələdçilrdə olmasına aid iddiaların da kənara qoydum. Halbuki bələdçi barədə deyilənlər və yazılanlar tamamilə yalnışdır, çünki dünyanın heç bir ordusunda bələdçilərin hücumda tətbiqi normativ döyüş sənədləri ilə nəinki tənzimlənmir, hətt nəzərdə tutulmur. Bunu daha çox hərbi savadı olmayan, partizan və terror dəstələrinin komandirləri tətbiq ediblər. Bələdçilərin funksiyasını 1990-cı illərdə Orduda kəşfiyyat orqanları, reyd dəstələri, patrul dəstələri, dozor manqaları və s.  daha geniş miqyasda və effektiv yerinə yetirirdi. 
Əraziyə baxdıqdan sonra (bunu rekoqnosirovka da adlandıra bilərsiniz) 1992-ci il üçün belə bir qənaətə gəldim: əgər Şuşa şəhəri tam Azərbaycanın nəzarətindədirsə, Şuşa şəhəri Daşaltının bir neçə yüz metrliyindədirsə, kəndin başının üstündə Şuşa qayaları “Domokl qılıncı” kimi asılıbsa, o zaman niyə görə Daşaltı kəndinə piyada hücum etmək və ora daxil olmaq nəyə lazım idi? 
Bu sualların təsiri və müşahidələrim nəticəsində Daşaltı əməliyyatının hərbi məqsədli olmasına dair fikirlərin doğruluğuna şübhə ilə yanaşıram. Çünki Şuşadakı uyğun mövqedən atılan hər daş, hər mərmi, hətta hər patron Daşaltıya çatırdı. Hər verdiyimiz Şəhid və yaralıya görə Şuşadan Daşaltına atılan 1 ədəd minaatan mərmisi, yaxud da iki ədəd iriçaplı pulemyot yandırıcı patronlarla bu kəndin azad edilməsi vəzifəsini daha effektiv şəkildə həll edə bilərdi. 
Mən bu yazı ilə 1992-də həyatı və qanı bahasına Vətəni qorumaq üçün Daşaltı əməliyyatında iştiarak edən heç bir zabit və döyüşçünün əməyini kiçiltmək fikrində deyiləm, çünki içi mən qarışıq bütün hərbçilər “İrəli” əmri gələndə “niyə?, hara?” sualını vermirdik. Bu belə də olmalıdır. Lakin insan itkisini önləmək imkanları olduğu halda hazırlıqsız, təchizatsız, rabitəsiz, qarşılıqlı əlaqəsiz, idarə olunmayan və bəlkə də siyasi rəhbərlik önündə “xidmət göstərmək” məqsədilə atılan gərəksiz addımların nə qədər ziyanlı olduğu ortaya çıxır. Ərazinin işğaldan azad olunması bu faktların araşdırılması və gələcəkdə təkrar olunmaması üçün münbit şərait yaratdığını nəzərə almalıyıq. 
Allah cəmi Şəhidlərə rəhmət eləsin!
Link kopyalandı!
Son xəbərlər