Yazar
Xəyalə Rəis
Bütün yazılar
kse
3991
24 Dec 2020 | 12:20

Sizə tamaşa lazımdır...?

2020-ci il başlayandan koronavirus pandemiyası başımızın üstünü kəsdirdi. Həyatımızın bütün sahələrinə yüngülvari “əl gəzdirən” pandemiya mədəniyyət sahəsinə də təsirsiz ötüşmədi, teatr-konsert müəssisələrinin qapılarını tamaşaçıların üzünə bağladı. Bağlanan təkcə pərdələr olmadı. O pərdələrlə teatrlarımızın bəxti də bağlandı. Ölkədə nə baş verirsə, sonda Kamil Zeynallıya bir sutka iş verilən kimi, nə olursa, işin sonunda bir qapaz da teatrlara dəyməsə, nəsə, əmələ gəlmir. 

Onu deyirdim axı, pərdələr necə bağlandısa, bir daha açılışı olmadı. Onlayn tamaşa mövzusunu ortalığa atıb süni nəfəslik açmağa çalışılsa da, o nəfəslikdə ilkin boğulma baş verdi. Teatr canlılıqdan çıxdı, cansıxılıcılığa doğru yol aldı. Koronavirusun ilkin əlamətlərindən olan boğulmalar kimi teatrın boğulma prosesi başladı. Teatrlarımız repertuardan çıxarılmış, köhnə, həvəskar səviyyədə çəkilmiş tamaşalarla tamaşaçıları aldatmağa cəhd edildi. Elə videoyazıların ictimailəşdirilməsi və sosial şəbəkələrdə tamaşaçılara təqdim olunması bədii məhsulun keyfiyyətini 70-80 faiz aşağı saldı. Yəni teatrın olan-qalan hörməti də onunla getdi. Tamaşaçı teatra tərəf gəlməkdənsə, ondan daha da incik düşdü. Haqqı da var idi. Mətbuatda tamaşayla teatrı bir-birindən ayıra bilməyənlər tamaşaları elə biədəb şəkildə tənqid etməyə çalışdı ki, olan-qalan tamaşaçı da onların küyünə getdi. Köhnəlmiş televiziya estetikası, qeyri peşəkar montaj üsuları ilə, guya, teatrı təbliğ edən televiziya proqramlarına baxanda isə mən teatrdan küsdüm, nəinki sıravi tamaşaçı.

İkinci rübdə isə II Qarabağ müharibəsi başladı. Millət olaraq cəbhə xəttinə yönəldiyimiz üçün teatr, mədəniyyət ən sonuncu planda qaldı. Bu müddət ərzində heç bir teatrda zərrə qədər də olsa nailiyyət, ordumuza dəstək, bu ruhda hazırlanmış uğurlu bir layihə görmədik. 30 ildir həsrətlə gözlədiyimiz Qarabağımıza qovuşmuşduq. Yəni bunların baş verdiyi zaman yaradıcı dediyimiz bu qədər teatrın heç birinin bir ideyası olmadımı? Axı, siz yaradıcı insanlarsınız. Teatr, üstündə damı olan bina deyil, əzizlərim. Siz ki, bunu bizdən yaxşı bilirsiniz. Başa düşürəm, anlaşılandır ki, bunun üçün hər bir teatrın rəhbərliyi də maraqlı olmalıdır və ondan icazə alınmalıdır. Amma inanmıram ki, hansısa bir teatrın rəhbərliyi sizin bu ideyanıza “yox” deyərdi. 

Deyirlər, aktyor səhnəyə çıxmadıqca, obraz canlandırmadıqca bəşəriyyətə nifrət edir. Azərbaycan Teatrının aktyorları bir ildir ki, səhnəyə çıxmır. Bu bir ildə aktyorlarımızın bəşəriyyətə nifrəti deyil, sənətlərinə olan sevgisi onların evində övladlarını ac qoydu. Yay tətilində bir aylıq məzuniyyətə çıxan aktyorlar tətildən döndükdən sonra bir ay məşq prosesi keçirlər ki, yenidən formalarını bərpa edə bilsinlər. Bəs, bir il teatrsız, səhnəsiz qalan aktyor yenidən yaradıcı formaya, qayıda biləcəkmi? Bunu düşünən varmı?

Bu səsi eşidə bilirsinizmi? Azərbaycan Teatrı can üstədir. Bir daha ayağa qalxa biləcəkmi, o da sual altındadır.

Hərdən düşünürəm ki, son bir ildə yaşadıqlarımızın özü tamaşa deyilsə, bəs nədir? Teatrın pərdələri ona görə bağlandı ki, əsil tamaşa ondan sonra başlayacaqdı. Bu tamaşanın mövzusu bir-iki əsr bundan qabaq yaşanmış hadisələrdən yox, bu günkü canlı yaşantılarımızdan, həyatın özündən götürüldü. Belə də ki, sizə tamaşa lazımdı?
Link kopyalandı!
Son xəbərlər