Yazar
Elşad Paşasoy
Bütün yazılar
kse
1745
23 Dec 2020 | 11:41

Amma o əsl daşnak kimi davrandı...

Ermənistanda baş verən hadisələr zahirən hər birimizi qane edir. Kapitulyasiyadan sonra düşmən ölkədə yaşananları zövqlə izləmək xoşdur. Əslində qonşusuna qarşı hər cür pislik edənlər daha faciəvi həyat yaşamağı çoxdan haqq ediblər. 

Amma prosesləri dərindən analiz edəndə baxırsan ki, erməni toplumu hələ də ağlını başına yığmayıb. Belə demək mümkünsə, indi Nikol Paşinyan bu ölkənin ağlı başına gələn - “dəmir yumruq”dan sonra - tək-tük adamlarındandır, amma indi də Ermənistanda kütləvi etirazlar, itaətsizlik başlayıb ki, onu hakimiyyətdən salsınlar. Eynilə 1998-ci ilin fevralını xatırladan proseslər gedir Ermənistanda. 88-ci ildən erməni millətçilərinin yaratdığı “Qarabağ komitəsi”nin üzvü olmuş, Azərbaycan torpaqlarının işğalına rəhbərlik etmiş Levon Ter-Petrosyan on il sonra nəhayət, başa düşdü ki, bu şəkildə Ermənistanı inkişaf etdirmək olmaz, qonşu dövlətlə dil tapmaq lazımdır. O, Minsk Qrupunun təklif etdiyi “Mərhələli həll” variantının Ermənistan üçün məqbul olduğunu zənn edirdi və sülhə hazır idi. Ancaq Qarabağ klanı, daşnaklar, erməni millətçiləri Petrosyanı yola saldılar...

Bu gün Ermənistan gələcəyi qaranlıq görünən ölkədir, xalqın həyatı zəhərə dönüb, hakimiyyəti də “yol üstədir”. Amma belə vəziyyətdə də ermənilər Paşinyanı xain adlandırır, istefasını tələb edir, onun müttəhimlər kürsüsündə dayanmasını istəyirlər. Təbii ki, öz işləridir. İndi onlar 90-cı illərin Azərbaycanını xatırladırlar, o zaman bizim məmləkətdəki qarışıqlardan zövq ala-ala torpaqlarımızı qamarladılar. Ancaq məsələ burasındadır ki, Nikol Paşinyanı yola salmaq istəyən 17 siyasi partiyanın dəstəklədiyi, hakimiyyətə gətirmək istədiyi lider qonşuları ilə əmin-amanlıq şəraitində yaşamaq istəyən birisi deyil, əksinə, “qan-qan” deyən, əli Azərbaycan xalqının qanına bulaşan birisidir. Bu, çox ciddi faktdır. 1992-1993-cü illərdə Ermənistan Müdafiə Nazirliyinə rəhbərlik edən Vazgen Manukyan 1988-ci ilin fevralından separatçı “Qarabağ komitəsi”nin həmtəsisçisi və komitənin üzvü olub, separatçı fəaliyyətinə görə həmin ilin dekabrında həbs olunub, 6 ay Moskva həbsxanasında yatıb. Amma ondan sonra da ağlı başına gəlməyib. Kəlbəcərin işğalına şəxsən rəhbərlik edib həmin bu Manukyan.

Əslində Haaqa Tribunalı qarşısında dayanmalı olan Manukyan tələb edir ki, Zəngəzur istiqamətdə Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası prosesi dayandırılsın. Özü də “dərhal!” İndi təsəvvür edin, bu zat hakimiyyətə gəlsə, nə baş verəcək? Təbii ki, hər fürsətdə Azərbaycana qarşı pisliklər etməyə, təxribatlar törətməyə cəhd göstərəcək. Ömrü çatsa...

Söhbət konkret halda 74 yaşlı Manukyandan da getmir. Əsas problem Ermənistanın çoxsaylı siyasi təşkilatlarının belə bir faşistin ətrafına toplaşmasıdır. O gün Paşinyan Zəngəzura gəldi, ermənilərə anlatsın ki, onların iddia etdiyi torpaqlar Zəngilan, Qubadlı əraziləridir və 10 noyabr razılaşmasına görə sərhəd xətti bərpa olunmalıdır. Amma Qafanın bu gün qoduqluqda olan meri onun əleyhinə aksiyalar təşkil etdi. Hətta kilsədəki keşiş Pargev Zeynalyan baş nazirin əlini havada qoydu, faktiki olaraq “konkret rədd ol”, dedi. Hansı ki, Nikol Zəngəzurdakı kilsəyə ibadət üçün getmişdi. Zeynalyan isə baş naziri hətta Allahın evi sayılan dini məkanda da təhqir etdi.  Normalda din xadimi Paşinyanın pişvazına çıxıb “sağ ol ki, əlavə minlərlə erməni gəncinin məhvinə səbəb olmadın”, deməliydi. Amma o əsl daşnak kimi davrandı...

Üstəlik, bölgədəki əhali daşnakların, millətçilərin felinə uyub etirazları davam etdirir. Bu ölkədə nəinki daşnaklar, köçəryanlar, sərkisyanlar, hətta keşişlər belə sülhü qəbul etmirlər, yeni qan istəyirlər. Ermənilərin həyatında kilsənin nə qədər “böyük rol oynadığı” bəlli.

Tarixən erməni kilsəsi “qan çanağı” olub. Şeyxülislam Allahşükür Paşazadə ötən illərdə bir neçə dəfə Qareginlə görüşdü, sülh çağırışı etdi, Kəlbəcər girovlarının azad olunmasına çağırdı, amma qarşı tərəfdən müsbət reaksiya gəlmədi. Çünki Qaregin özü dayanırdı bu düşmənçilik prosesinin başında. Qarabağ döyüşləri zamanı bir neçə keşiş məhv edildi, birisi də (Gümrü şəhəri Adventist kilsəsinin pastoru Hovsep Sahakyan) əsir götürülmüşdü. Hətta and-aman edirdi ki, onu məcburən gətiriblər Qubadlıya, amma guya əsgərimizə güllə atmayıb..

Bu gün “qonşularla normal yaşamaqdan başqa çıxış yolumuz yoxdur”, deyən baş nazirinə salam verməyən keşiş - hələ erməni daşnaklarını, millətçilərini, Manukyanın dəstəkçilərini demirəm - azərbaycanlılarla dinc, yanaşı yaşamaq istəyəcəkmi? Çətin!

Ermənilər hələ də Qarabağdan meyit yığır, keşişlərsə, Paşinyanı divara dirəyir - savaşı dayandırdığına görə. Deməli, hələ savaş bitməyib. Əfi ilana dönən keşişlərin zəhərlədiyi beyinlərlə çox çətin olacaq...
Link kopyalandı!
Son xəbərlər