Üçtərəfli atəşkəs razılaşmasından və Ermənistanın kapitulyasiyaya imza atmasından sonrakı günlər ərzində hətta Nikol Paşinyan da reallığı anlamağa başlayaraq qınına çəkilib, amma Emmanuel Makron və onun ölkəsi kiriməyib.
Bax, biz buna görə illərdir yazırdıq ki, əsas diqqəti “ilana zəhər verən kərtənkələ”lərə yönəltməliyik, Ermənistan nəkarədir. 44 günlük Vətən Müharibəsi sübut etdi ki, erməni mifi sadəcə süni şəkildə şişirdilib, “Ohanyan səddi” kimi. Özü də bu, yeni məsələ deyil. 1918-ci ildə - Azərbaycan ərazilərində qondarma erməni dövləti yaradılanda, İrəvan xanlığının baş kəndi ermənilərə məcburən paytaxt kimi veriləndə də əsas güc mərkəzləri kənardaydı. O zaman Qərbin imperialist gücləri Türkiyə və Azərbaycanı bir-birindən ayırmaq üçün başqa heç nəyə əlləri çatmayanda Ermənistan yaratdılar. Əslində Ermənistan ərazilərinin Qarabağadək genişləndirilməsi planı o zaman həyata keçiriləcəkdi, Xalq Cümhuriyyətinin ordusu, Nuru paşanın komandanlıq etdiyi türkiyəli əsgərlərin qanı-canı bahasına Birinci Qarabağ Müharibəsi zəfərimizlə bitdi.
Sonrakı dönəmdə sovetlərdən də zərbə aldıq, Azərbaycan torpağının içərisində növbəti bir “mina” basdırıb, adını DQMV qoydular. 1991-ci ildə, İkinci Qarabağ Müharibəsində də zəfərə yaxınlaşırdıq, Ağdərə istiqamətindən. Ancaq o zaman yenə də imperialistlər hərəkətə keçdilər, Azərbaycana qarşı sağdan-soldan hücumlar təşkil etdilər, “907" adlı sanksiya qərarı verdilər, içərimizə təfriqə saldılar və geridönüşü təşkil etdilər. Nəticədə nəinki Dağlıq Qarabağı terrorçulardan azad edə bildik, hətta ətraf 7 rayon da işğal olundu.
Budur, son 102 ilin Üçüncü Qarabağ Müharibəsində - Vətən Müharibəsində qələbə qazanmışıq, düşmənlərimiz yenə də şokdadır. Təkcə ermənilər yox, onların havadarları da. Çünki “maya”ları batıb, Ermənistanı on illərlə silahlandırdılar, hərtərəfli yardımlar etdilər, hətta Qarabağda onlar üçün betondan tunellər tikdilər, Azərbaycana qarşı dirəniş göstərib, günün birində “yeni ərazilər” (!) işğal etmək üçün. Elə bilirsiniz bu barədə ermənilərin təhdidləri boşuna idi? Qətiyyən! Onlar ağalarından, güc mərkəzlərindən stimul və təlimat alırdılar, 12 iyulda Tovuzu işğal planını həyata keçirmək istəyəndə də, 27 sentyabrda qəfil hücuma keçəndə də!
Makronun Fransasının gecə-gündüzü yoxdur. Görün, nə qədər həyasızlıq edirlər ki, hətta damarlarında erməni qanı daşıyan Lavrov belə, onların canfəşanlığından bezikib və dilə gəlib, belə mövqelərdən təəssüfünü ifadə edir. Hətta Lavrov! O Lavrov ki, illər öncə “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil”, söyləyirdi. Ancaq Rusiya prezidenti Vladimir Putinin “Qarabağ Azərbaycandır”, məzmunlu mövqeyindən və prinsipial bəyanatlarından sonra işğalçı Ermənistanı müdafiə etməyin mənasız olduğunu anlayıb. Fransız rəsmilər isə özlərini cırıb-dağıdırlar - “kiçik bacı”larının düşdüyü duruma görə.
Ermənilər özləri də anlayırlar ki, onların başına bu fəlakətləri gətirən Ermənistanın baş naziri Nikol Paşinyandır. Elə bu gün onun istefasını tələb edən etirazçılar İrəvanın prospektlərini bağlayıblar. Azərbaycan rəhbərliyi işğalçını və onun havadarlarını dəfələrlə xəbərdar etmişdi, səbrimiz tükənməz deyil, demişdi. Bakı dəfələrlə torpaqlar azad edilməsə, Aprel döyüşlərindən daha dəhşətli hadisələrin olacağını bəyanlamışdı. Elə bildilər Azərbaycan rəhbərliyi onlarla zarafat edir. Hətta bəzən alçaqcasına ələ salmağa çalışırdılar belə bəyanatlara qarşılıq verərkən.
O zaman Makronun Fransası niyə öz “bacı”sının başına ağıl qoymurdu, demirdi ki, az başqasının torpağında - yatağında var-gəl elə, yığış özünə, axırı pis olar?! Niyə demirdi? Çünki Ermənistanı əyri yola məhz onlar sürükləmişdilər, özü də bu, yeni söhbət deyildi, onilliklərdən də əvvələ gedib çıxırdı.
Makron Ermənistanı sonrakı facilələrdən xilas etmək istəsəydi, döyüşlərin ilk günlərində “Azərbaycanın Dağlıq Qarabağa endirdiyi zərbələrə haqq qazandırmaq mümkün olmadığını” bildirməzdi. Yekə-yekə danışırdı: “Mən Əliyevə birbaşa dedim ki, Azərbaycanın Dağlıq Qarabağa endirdiyi zərbələrə bəraət yoxdur”.
Məntiqi və demokratiyası qıcqıran Fransa prezidentinin dediyindən belə çıxır ki, Ermənistanın Bərdə, Tərtər, Gəncə, Naftalan, Ağcabədinin dinc sakinlərini yatdığı yerdə öldürməsinə, yaşayış məntəqələrimizə “Smerç”lə, “İsgəndər”lə raketləri atmasına bəraət varmış... Fransa prezidenti heç olmasa düşünmürdü ki, 1993-cü ildə Ermənistanın işğalına son qoyulmasını tələb edən BMT TŞ-nin 4 qətnaməsinə səs verən ölkələrdən birinin rəhbəridir. Ən azı özünə, öz ölkəsinə hörmətlə yanaşmalıdır, terrorun, işğalın yanında durmamalıdır, “bacısı” olsa belə...
Elşad Paşasoy