Yazar
Seymur Əliyev
Bütün yazılar
kse
5105
03 Sep 2020 | 10:03

Dövlətin atalıq qayğısı: FHN nümunəsi və vicdan borcu!

Məlum olduğu kimi, bu günlərdə Fövqəladə Hallar Nazirliyi olduqca önəmli və ibrətamiz yeniliyə imza atıb. Belə ki, aprel döyüşlərindən şəhid olan kiçik gizir Orxan Həmidovun  iki övladı – Vüsal Həmidli və Fərid Həmidli  Fərid Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı tərəfindən himayəyə götürülüb. Belə ki, 1 sentyabr tarixindən etibarən şəhidin hər övladına  18 yaşı tamam olana kimi hər ay 150 manat olmaqla 300 manat məbləğində maddi yardım göstəriləcək.

 

Şübhəsiz, FHN  İşçilərinin Həmkarlar İttifaqı tərəfindən atılan bu addım istənilən baxımdan ancaq təqdir edilə və alqışlana bilər. Lakin bu məsələdə xüsusi önəm kəsb edən bəzi nüanslar var ki, bu nüanslara qısa da olsa nəzər salmağa ehtiyac var.

 

Ata yoxluğunda ATA zühuru!

 

FHN tərəfindən iki şəhid övladını himayəyə götürməsi, şəhid ailəsinin sadəcə maddi problemlərinin həll edilməsi, sosial rifahının yaxşılaşdırılması baxımından əhəmiyyətli deyil. Bu mühüm addımı önəmli edən ən başlıca amil, məlum dəstəyin şəhid ailəsinə ruhi-mənəvi baxımdan ciddi stimul verməsidir. Aydındır ki, bu maddi dəstək – dar məqamda dövlət tərəfindən xatırlanmaq duyğusu, şəhid ailəsinin psixoloji baxımdan da həyata daha nikbin, daha inamlı şəkildə davam etməsinə, özünü daha güvəndə hiss etməsinə imkan verəcək.

Bu, şəhid ailəsinə dövlətin atalıq qayğısını xatırlatmaq, dövlətin həqiqətən də şəhid ailəsinin yanında yer aldığını ona əməli baxımdan hiss etdirmək baxımından da olduqca vacibdir. Bu, bioloji atanın fiziki yoxluğu fonunda “dövlət ata”nın öz varlığını bir kəs daha yada salması, onun uğrunda şəhid olanların ailə üzvlərini öz çətiri altına alması, onları qoruması, ehtiyaclarını qarşılaması, bir sözlə, himayə etməsi baxımından son dərəcə mühüm əhəmiyyətə malikdir. Əslində dövləti vətəndaşın gözündə yüksəldən, sevdirən, müqəddəs edən də məhz budur. Bu baxımdan FHN-nin şəhid ailəsi ilə bağlı bu addımı sözün həqiqi mənasında bütövlükdə dövlət adına təqdirəlayiqdir.

 

Dövlət və özəl qurumlara “qızıl nümunə”, yaxud ənənəyə çevrilməsi gərəkən yenilik...

 

FHN  İşçilərinin Həmkarlar İttifaqının iki şəhid övladını himayəyə götürməsi digər dövlət, eləcə də özəl qurumlara örnək olması gərəkən “qızıl nümunə”dir. Əslində bu yeniliyin tendensiyaya çevrilməsinə, dövlət qurumlarında belə bir ənənənin formalaşmasına ciddi ehtiyac var. Əgər hər bir dövlət və özəl qurum büdcə və gəlirinin imkanı çərçivəsində bir neçə şəhid övladının himayəsini həyata keçirərsə, bu, həm xeyli sayda şəhid ailəsinin maddi probleminin həlli, həm də dövlətin atalıq funksiyasına inamın artırılması baxımdan böyük fayda verə bilər. Bu baxımdan, digər dövlət qurumlarının da bu məsələdə FHN-dən nümunə götürməsi, onun təcrübəsindən istfadə etməsi arzuediləndir.

 

Ümumiyyətlə, unutmaq olmaz ki, şəhid ailələrinə, onların övladlarına diqqət və qayğı göstərmək hər kəsin müqəddəs vəzifəsi, vicdan borcudur. Və bizim etməli olduğumuz yeganə şey, bu borcu  qüsursuz şəkildə yerinə yetrirməkdir.

 

Seymur ƏLİYEV

E-mail: [email protected]

 

Link kopyalandı!
Son xəbərlər