Yazar
Seymur Əliyev
Bütün yazılar
kse
4762
19 Jun 2020 | 01:13

Onlar həmişə qəhrəman olub, sadəcə, biz bunu gec fərq etmişik....

17 iyul Tibb işçilərinin peşə bayramı günüdür. Koronavirusun bütün bəşəriyyətin sağlamlığını təhdid etdiyi, pandemiyadan əziyyət çəkən milyonlarla insanın həyatının həkimlərdən, onların fədakarlığından asılı olduğu bir zamanda, cəmiyyətin bu özəl günə xüsusi ehtiram və həssaslıqla yanaşdığı göz önündədir.

Gecikən qavrayış və sonradan kəşf olunan müqəddəslik

 

Etiraf etmək lazımdır ki, tibb işçilərinin peşə bayramına marağın artması, bu günün xüsusi əlahiddəlik qazanması məhz pandemiya təhlükəsi, bu təhlükənin hər kəsi eyni amansızlıqla təhdid etməsi ilə əlaqədardır. Mövcud situasiya həkim peşəsinə, həkim əməyinə və bu əməyin müqəddəsliyinə yeni baxış formalaşdırıb, tibb işçilərinin nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olub. Bu gün istər peşəkar, istərsə də sosial mediada, eləcə də xalq arasında həkimlər sözün həqiqi mənasında əsl qəhrəmanlar kimi xarakterizə olunur ki, bu yanaşma tamamilə doğrudur. Lakin bu nöqtədə təəssüf doğuran yeganə nüans həkimlərin qəhrəman obrazının yalnız indi – onların qlobal təhlükə ilə çarpışdığı, öz həyatlarını digər insanların yaşamı uğrunda fəda etdiyi hazırkı kritik məqamda dərk olunması ilə bağlıdır.

 

Şübhəsiz, həkimlər hər zaman qəhrəman, həkim peşəsi isə hər zaman müqəddəs olub. Sadəcə, biz bunu gec dərk etmişik. Biz bu sadə və aydın həqiqəti toplum olaraq yalnız o zaman fərq etmişik ki, pandemiya təhlükəsi kütləvi şəkildə qapımızı döyməkdədir və bu qorxunc səs hər gün biraz daha yaxından eşidilir.

 

Fəqət onu da qeyd etməliyik ki, bu, xeyli gecikən qavrayış olsa da, təqdirəlayiqdir və yalnız alqışlana bilər.

 

“Onların təbəssümü sarğılarından daha önəmlidir”

 

Sevindiricidir ki, pandemiya dönəminin həyəcanlı ab-havasında həkimlərimiz sadəcə bilik və bacarıqları ilə deyil, eyni zamanda ali insani keyfiyyətləri – təmənnasızlıqları, fədakarlıqları, mətinlikləri ilə də diqqət çəkdi. Əslində onları cəmiyyətə sevdirən, yenidən kəşf etdirən daha çox bu xüsusiyyətləri oldu.

 

Aylar uzunu gecə-gündüz demədən çalışan, koronaviruslu xəstələri yenidən həyata qazandırmaq üçün sözün həqiqi mənasında ölümlə çarpışan həkimlərimiz, hər bir çağırışa həssaslıqla, sevgi və duyarlılıqla cavab verdi. Həkimlərin üzündəki təbəssüm, qayğı və şəvqət xəstəliyə yaxalanan insanlar müalicəsi baxımından ən az dərmanlar qədər faydalı oldu.

 

Həkimlərimizin zəngin mənəvi dünyasından süzülüb gələn bu xüsusiyyət dünya şöhrətli yazıçısı Mariya Mayerovanın həkimlərə xitabən dediyi düşündürücü bir ifadəni  bir kəs daha yada salmış oldu: “Unutmayın ki, bəşəriyyət üçün sizin təbəssümünüz sarğınızdan daha irəlidədir”.

 

Onlar bütün cəbhələrdə savaşır, sadəcə sağlamlıq deyil, həm də ümid və inam bəxş edirlər...

 

Pandemiyanın davam etdiyi bu günlərdə həkimlərimiz sadəcə xəstəliklə deyil, həm də aclıq və səfalət, ümidsizlik və çarəsizliklə savaşdıqlarını ortaya qoydu. İnsanları koronavirusdan qorumaq üçün media və sosial şəbəkələrdə geniş təbliğat işi aparan həkimlər, həm də sosial baxımdan aztəminatlı ailələrə ərzaq yardımı göstərmək, onlarda həyata qarşı ümid və inam aşılamaqla böyük insanlıq nümunəsi ortaya qoydular.

 

Həkimlərimizin bütün cəbhələrdə hansı əzmkarlıqla mübarizə apardığını aydın təsəvvür etmək üçün tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanın  rəhbəri olduğu “Sağlamlığın Qorunması” İctimai Birliyinin fəaliyyətinə nəzər salmaq kifayətdir. Dövlətimizin koronavirusa qarşı mübarizə çağırışına çevik şəkildə cavab verən “Sağlamlığın Qorunması” İctimai Birliyi 100-dən çox aztəminatlı ailəyə ərzaq yardımı göstərmiş, əyalətlərdə yaşayan insanlarımız qoruyucu vasitələr – tibbi maska, əlcə, dezinfeksiya məhsulları və s. ilə təmin etmişdir. Bu yardımlar insanların sosial ehtiyaclarını qarşılamaqla yanaşı, onlara sabahla bağlı inam bəxş etmiş, bu insnaların gələcəyə daha ümidli şəkildə köklənməsinə yardımçı olmuşdur.

 

Başqa sözlə desək, həkimlərimiz insanlarımızın bədəni ilə yanaşı, həm də ruhlarının sağlamlığının qayğısına qalmış, onlara fiziki sağlamlıqla yanaşı, həm də ruhi güc- inam qazandırmışdır. Hansı ki, bunun özü də bir xilasetmə əməliyyatı, bir nicat vasitəsi sayıla bilər. Böyük şairimiz Cabir Novruzun “İnam himni” şeirində dediyi kimi:

“İnam dostum, inam anam, inam atam,

İnamını itirəndə ölür adam!”

 

Bütün bunlar bir daha göstərir ki, həkimlər bizim milli sərvətimizdir və biz bu canlı, mübariz sərvəti qorumaq, onlara öz sevgi və minnətdarlığımızı bildirmək üçün ən kiçik fürsətdən belə yararlanmağa səy göstərməliyik. Bizi qoruyanları qorumaq hər şeydən öncə vicdan və şərəf borcudur və biz bu borca hər zaman sadiqlik göstərməliyik.

 

Seymur ƏLİYEV

E-mail: [email protected]

Link kopyalandı!
Son xəbərlər