Yazar
Oqtay Qorçu
Bütün yazılar
kse
3294
23 Apr 2020 | 15:22

Putinin Rusiya boyda filmində Jirinovski, Vasserman, Mixeev kimiləri rol alıb...

Təbliğat başlandı. Necə deyərlər, döyüşə qocalar gedir. Və bu təbliğata sovetin kiflənmiş qalığı, özünə gah ukraynalı, gah rus deyən qalmaqallı politoloq, publisist Anatoli Vasserman da qoşuldu... 
Danışdı... Koronavirusa yoluxan azman dünyanın qəribə işlərini çoxbilmiş görkəmlə saf-çürük edən qoca ona verilən ən maraqlı sualı cavablandırdı. Keçmişin həsrətlisi Vasserman: "Uzağı bir ildən sonra SSRİ yenidən qurulacaq. Onların nə düşündüyü heç məni maraqlandırmır da. Tüpürüm elə özgələrin fikrinə!" 
İri açılmış ağzından tüpürcəyi saqqalına süzülən bu qocanın "onlar" deyəndə kimləri nəzərdə tutduğu bəllidir. Bəlkə də Vassermanın bütün bu sayıqlamalarını oxumağa gərək də yox idi, amma çox əyləncəli idi. Mən Putinin əli üstündə olan Rusiyanı gördüm. Eyforiya içində çabalaya-çabalaya yeni ideologiya qondarmağa çalışan, keşişlərə deyil, daha çox ikonalara inanan, generallardan əlini üzüb kiminsə borcunu faizlə alıb-qaytaran "qanuni oğru"lara üz tutan, zorlanan haqqı tanınmayan şikayətçi qızları və qadınları onların ərizələri üstünə uzandırıb zorlayan polis rəislərinin (bir neçə il öncə bu barədə oxumuşdum) yaşadığı təzadlar ölkəsində xoşbəxt olmağa vaxt tapmayan Rusiyanı, rusiyalıları yenidən görüb tanıdım. 
Rusiya dəyişsə, öncə qarşısında SSRİ təki üfunət qoxuyan bir cəhənnəmin ab-havasında yaşamağı ağlına belə gətirməyən burjua oliqarxiyasını görəcək. Hər vaxt nəzarətdə olan Putinin Rusiya adlı əsəri indi yalanları bitən bir qadına - ağlını kor hissinə qurban verən, nə edəcəyini bilməyən Kleopatraya bənzəyir.
Vasserman da yalan danışdığını yaxşı bilir, amma onu doladıqlarını yəqin ki, bilmir. Axı o, qocadı, çox qoca. "Bir ildən sonra SSRİ yaranacaq" müjdəsi verməklə guya xalqını sevindirmək istəyən rusiyalı "şanlı" politoloqun müsahibəsini bu dar macalda oxumaq əzabına özümü düçar etməkdən zərrə qədər heyifsilənmədən nədənsə Kovid-19 pandemiyası ovqatında "Vəba zamanı məhəbbət" əsəri yadıma  düşdü. Yarımçıq oxuduğum bir roman. Mən Anatoli Vassermanı min illərdir yatmış fironun mumiyasını diriltməyə çalışan macəraçıya bənzədirəm. Və müsahibəni oxuyub bitirdiyim məqamda Trotskinin bir oxşarı, siyasətçi, Rusiya faşizminin lideri olmuş, bu yaxınlarda vəfat edən "tovariş" Eduard Limonovun ölümündən az əvvəl Rusiyanın 1-ci kanalında yayımlanan çox maraqlı söhbətini xatırladım. 
Limonovu danışdıran Vladimir Poznerə cavab verən millətçi bolşevik Rusiyanı belə xarakterizə etmişdi: "Kilsə, pravoslav kilsəsi Rusiyada nə vaxtsa çökəcək. Əslində mənə ateist demək olmaz və bunu şövqlə, dinsiz kimi də söyləmirəm. Birinci Pyotr kilsələrin varlanmasına mane olmadı, fəqət onları çox yaxına da buraxmadı. Rusiyada kilsələr sadə ruslarla "piknikə" getməyən bir zümrədirlər, onlar heç vaxt çörəklərini xalqla bölməyiblər, onlar quru sözlərlə bu xalqı pravoslav hekayətləri ilə doyurmağa öyrəşiblər. Bu baxımdan mən SSRİ kimi imperiyanın çökməsinə təəssüf edirəm. O daha olmayacaq. Məntiqlə SSRİ kimi Britaniya və Amerika imperiyası da dağılmalı idi. Ya imperiyalarsız bir dünya, ya da əvvəlki kimi. Nəhəng imperiyalar - ABŞ, SSRİ, Böyük Britaniyanın da iştirak etdiyi bir planet. Yəni daha təhlükəsiz və balanslı siyasət. Mən də imperialistəm və məndən ötrü rus mənsubiyyətindən daha böyük bir anlayış var - imperiya xalqı. Mən bunun üçün mübarizə aparıram, elə bundan ötrü nasional bolşevik olmaq lazımdır". 
Bunları söyləyən Eduard Limonov idi və o da arzularına yetmədi, çünki xəyallarını gerçəyə çevirəcək dünya çoxdan keçmişə gömülmüşdü. Bir gün Rusiyanın xaos burulğanında qəfil tələyə düşəcəyinə inandığıma görə yenidən gündəmə gələn SSRİ təbliğatının arxasında sarsılan böyüķ gücün şantajla güzəştlər əldə etmək niyyətini görürəm. Sıra yəqin Rusiyanın kommunistlərinə gələcək, tezliklə onların dövriyyəyə girməsi Putinin planına uyğun bir gediş olardı. 
İndi Putinin Rusiya boyda rəngli filmində Jirinovski, Vasserman, Mixeev kimiləri rol alıb. Baş rol ifaçısı isə səbri daşmış rusiyalıları improvizə və replikaları ilə sakitləşdirməkdən ötrü hər şey edir. Orağı bicən, çəkici əzən SSRİ-nin yenidən mavzoleydən tribunaya qalxması mümkünsüzdür.

 Oqtay Qorçu
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər