Koronavirus pandemiyası inanclı insanları daha çox silkələdi, daha çox qorxutdu, nəinki heç nədən yarandıqlarına, böyük partlayışdan sonra formalaşmış təbiətin bir parçası olduqlarına özlərini inandıran darvinçiləri və ateistləri. Dünya əhalisi, səmavi dinlərə inananlar, bütlərə pərəstiş edənlər ucsuz-bucaqsız səmanın altında diz çöküb koronavirus adlı kütləvi bəladan qurtulmaqdan ötrü göz yaşı tökdülər, əl açıb yalvardılar. Bu həmin əsrdir ki, güllə yarasından can verən suriyalı körpə son nəfəsində dünyanı müharibə ilə qarışdıran böyükləri Tanrı ilə hədələmişdi: "Hamısını Allaha danışacam". Bu da bəla, bu da sınaq. Böyüklər belə yerdə deyərdilər: "Hər şey Allahın əlindədir və Allahsız heç nə yoxdur".
Pandemiya davam edir... Hələ də çarə tapılmayıb. Milyondan çox adam Kovid-19 virusundan əzab çəkir, dəhşətli virus artıq yüz mindən çox insanın həyatına son qoyub. Varlılar, kasıblar, tanınanlar və tanınmayanlar, pislər, yaxşılar, hətta vəhşi heyvanlar içində də bu virusun qurbanına çevrilənlər oldu və günahdan üzü qaralan dünya yenidən Yaradana döndü...
Onu xəlq edəndən şəfa diləyir yer üzü. Dini, dili, dərisinin rəngi fərqli olan yer sakinləri Allah, Rəbb, Boq, Qad adlandırdıqları ulu Yaradana tərəf ayaqlanıb, nəyə və niyə inandıqlarına yenə də aydınlıq gətirmək xatirinə, bir daha bu qüdrəti anlamaq, bir daha insana verilən əzabın hikmətini çözə bilməkdən ötrü Ona üz tutdular. Onların yarıdan çoxu Tanrıya tərəf dönənlər oldu. XXI əsrin 20-ci ilində, qaçanın da Allah, qovanın da Allah dediyi qarışıq zamanda indi daha çox mənəvi dəstəyə ehtiyac var məncə. İndi ibadət həmrəyliyi zamanıdır. Kilsələr, sinaqoqlar, məscidlər bir ağızdan dua oxuyub eyni vaxtda ibadət etməlidir. Ravinlərin, keşişlərin, şeyxlərin, imam və axundların "Amin!" sədası bir-birinə qarışmalıdır. İndi məzhəb-məzhəb bölünənlərin Allah yolunda birləşməli olduğu bir zamandır. Bəlkə də bu sonuncu möhlət, dünya sakinlərinə, xüsusilə də din adamlarına, möminlərə axırıncı xəbərdarlıqdır, kim bilir?
İbadət həmrəyliyinə böyük ehtiyacımız var. Gəlin unutmayaq, səmavi kitablar bizlərə min illər öncə Allahın adı ilə qiyamət mesajını çatdırıb. Bunu Adəmdən üzü bəri Həzrət Musanın da, Həzrət İsanın da və sonuncu Allah elçisi Həzrət Məhəmmədin də ümməti yaxşı bilir. Adamlar onu da bilirlər ki, qiyamətədək nələr baş verəcəyini kimsə vaxtı, vədəsi ilə söyləyə bilməz. İBADƏT HƏMRƏYLİYİ səndən başlasın, başıbəlalı Azərbaycan!