Yazar
Taleh Şahməmmədli
Bütün yazılar
kse
3733
23 Mar 2020 | 16:41

Bunu Qarabağ üçün də etsək...

Koronavirus pandemiyası dünyanı təhdid edir. Azərbaycanda da virusun yayılmasının qarşısını almaq üçün dövlət və cəmiyyət səfərbər olunub. Etiraf edilməlidir ki, bu səfərbərlik öz bəhrəsini verməkdədir. Bu bəlaya düçar olan ölkələr arasında xəstəliyin ən az yayıldığı dövlətlərdən biri də Azərbaycandır.

 

Buna rəğmən həyat davam edir. Koronavirus keçici problemdir, inşallah xalqımız bu bəlanı da ən az itki ilə geridə qoyacaq. Bizim üçün ən böyük “pandemiya”, sağalmayan yoluxucu virus “erməni bəlası”dır. Torpaqlarımızın işğaldan azad edilməsi hər zaman dövlət və xalq olaraq bir nömrəli məsələmiz olmalıdır. Ona görə də ən ağır pandemiya belə Qarabağı bir an da olsun unutmağımıza bəhanə ola bilməz...

 

Koronavirusa qarşı ümummilli mücadiləmiz Qarabağın azadlığı üçün ən yaxşı örnək ola bilər...

 

Fəlakətlər insanları birləşdirir, ağır günlər mərhəmət və humanist hissləri qabardır. Cəmiyyət böyük fəlakətlərdən məhz bu birliyin hesabına xilas olmağı bacarır. Azərbaycan xalqında isə bu duyğular ən yüksək səviyyədədir. Ümumi dərdlərə, bəlalara, lap elə ümumi mahiyyət daşıyan xoşməramlı tədbirlərə də həmişə milli birlik nümayiş etdirməyi bacarıb. Hələ bu çağırışlar dövlətdən gələndə böyükdən kiçiyə bu kampaniyalara ən mükəmməl qoşulan xalqılardan biriyik, desək yalan olmaz. Bəzən özümüzə tənqidi yanaşsaq da, 2015-ci ildəki Avropa Oyunlarındakı mobillik, 2016-cı il Aprel savaşındakı birlik və ruh yüksəkliyinin nümayişi və sair məqamlar göstərir ki, biz əslində bir olmağı bacarırıq. Lakin bir məqam var...

 

Ancaq o halda bu birlik mükəmməl olur ki, o, dövlətdən gəlsin, yuxarıdan səslənsin...

 

Koronavirus pandemiyasına qarşı ciddi və həmrəy yanaşamamız da belədir. Epizodik çatışmazlıqlara baxmayaraq bütövlükdə  virus təhlükəsinə qarşı dövlətin atdığı addımların ən çox dəstəklənməsi və ona riayət edilməsi məhz Azərbaycanda müşahidə olunur. Xalq düşdüyü çətinliklərə baxmayaraq dövlətin qəbul etdiyi qərarları anlayışla qarşılayır. Təkcə anlayışla qarşılamır, həm də gücü çatan səviyyədə dəstək olur: Dövlət başçısının bir çağırışı ilə Koronavirusla Mübarizə Fonduna köçürülən vəsaitin həcmi bir neçə gündə milyonlarla oldu. Bu milli birliyin ən yaxşı təzahürlərindədir.

 

İndi çoxlarını bir sual da düşündürür: Biz belə ümummili birliyi torpaqlarırmızın azadlığı ideyası ətarfında da göstərə bilərikmi? Əgər bunu bacararıqsa nəticəsi necə olar?

 

İşğal altındakı torpaqlarımızın hərbi yolla azad edilməsi fikirləri irəli sürüləndə bunu doğru saymayanların əsas arqumenti bu olur: Azərbaycan hərbi yolla əraziləri azad edə bilər, amma bunun üçün geosiyasi şərait yoxdur. Dövlətimzə qarşı təzyiqlər olacaq, təhdidlər olacaq, ən asanı isə həmən Rusiya faktorunu gözə soxmaqdı. Rusiya xofunu bir az da böyüdənlərin ən çox sevdikləri cümlə isə belədir: “Neçə ki Rusiya var, biz müharibə edə bilmərik”.

 

Rusiya imperiyası yüz illərdi ki, var və bəzi xəyalpərəstlərin arzularına baxmayaraq hələ uzun müddət də mövcud olacaq. Bəs onda biz nə edək? Torpaqlarımızı azad etməyək ki, bu, rusların xoşuna gəlməyəcək?

 

“Hərbi qüvvələr ölkənin müdafiəsi üçün kifayət deyil, bununla yanaşı, özünü müdafiə edən xalq məğlubedilməzdir”. (Napoloen Bonapart)

  

Fransa imperatorunun bu fikirləri xalqın gücü və qüdrəti haqqında ən yaxşı nümunələrdəndir.

 

Bütün reallıqları nəzərə alaraq torpaqlarımızın azadlığı uğrunda ümumxalq savaşına hazırlaşmağımız tarixi zərurətdir. Başqa yolumuz hələlik görünmür. Ancaq bu mübarizəni də dövlət başlamalıdır. Koronavirusla mübarizəyə ümummili təhlükəsizlik prizmasından başladığı kimi!

 

O zaman, inanın ki, xalqın gücü qarşısında nə geosiyasi oyunçular, nə hansısa Rusiya, nə də başqası dayana bilməyəcək.  

 

Bəziləri kütləvi qırğınların olacağını əsas gətirə bilər. Bir aforizmdə deyildiyi kimi: “Hansı ad altında başlanmasından asılı olmayaraq son nəticədə müharibə sadəcə insan qırğınıdır!”.

 

Ancaq belə bir müdrik kəlam da var: “Cəsur xalqlar məhv olur, amma kölə olmur!”.

 

Biz torpaqlarımızı azad etməyə məhkumuq. Əks halda onsuz da gələcək onulliklərdə bizi Qafqazda tamam yox edərlər.

 

Onu da yaddan çıxarmayaq ki, Stendalın dediyi kimi: “Yadelli qəsbkarlara qarşı hər cür üsyan hər bir xalqın birinci borcudur və bu, qanunidir”.  

 


 BİR HAŞİYƏ:

 

Qələbəsinin 75 illik yubilyinə hazırlaşdığımz  1941-45-ci il müharibəsinə aid hər kəsə məlum olan bəzi rəqəmlərin müqayisəli təhlili Briinci Qarabağ savaşında xalq olaraq meydana atılmadığımızı göstərən dəlillərdən sadəcə biridi. Hər cür müqayisə uğursuzdur deyilsə də, bir çox hallarda gerçəklər də müqayisədə ortaya çıxır.   

 

1941-ci ildə SSRİ-Almaniya müharibəsi başlayarkən o zamankı Azərbaycan SSR-in əhalisinin sayı 3 milyon 331 mindən bir az artıq olub. Rəsmi rəqəmlərə görə, dörd illik müharibə dövründə Azərbaycandan mühairbəyə 640 mindən çox insan gedib (Respublikanın bütün əhalisinin təqribən beşdə biri qədər. Əhalinin 22-23%-i). 22 iyun 1941-ci ildə səfərbərlik elan ediləndən keçən bir ay yarım ərzində könüllü olaraq 120 mindən çox insan orduya yazılıb. Onun 34 minə qədəri qadın olub.  


Çağırış yuxarıdan - dövlətdən gəlmişdi...

 

Müharibəyə gedənlərin 300 mindən artığı həyatını itirib, gemək olar ki, yarısı. Bu isə Azərbaycan əhalisinin təqribən 10%-i təşkil edirdi.


Məhz bunun nəticəsi olaraq müharibə bitəndə, yəni 1945-ci ildə Azərbaycan əhalisinin sayı azalaraq 2 milyon, 705 min nəfər düşüb.  Əhalimizin müharibədən əvvəlki sayını bərpa etməsi isə 15 il sonra mümkün olub.  Yalnız 1960-cı ildə Azərbaycan SSR-in əhalisi 3 milyon yarımı keçib.

 

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildən siyasi gündəmə gəlsə də geniş hərbi əməliyatlar 1991-ci ildən başlayıb. Savaş başlayarkən həmin il müstəqilliyini bərpa edən Azərbaycanın 7 milyon 200 minə yaxın əhalisi olub (1941-ci ildəkindən 2 dəfə artıq).

 

Tam dəqiqləşdirilməmiş mənbələrə görə, son otuz ildə Ermənistan-Azərbaycan münaqişəsində həlak olan soydaşlarımızın sayı 30 mindən artıqdır. Rəsmi olaraq isə həlak olanların sayı 22 min nəfər qeyd edilir.


Xatırladaq ki, hazırda Azərbaycanın əhalisi 10 milyon nəfərdən artıqdır.  


Bütün şəhidlərimizin ruhu qarşsında baş əyərək bir acı həqiqəti etiraf etməliyik: Biz Qarabağ, Azərbaycan uğrunda ümumxalq savaşına çıxmamışıq...


 

Görkəmli Alman dövlət xadimi Otto fon Bismarkın dediyi kimi - Böyük məsələlər qətnamə və danışıqlarla deyil, dəmir və qanla həll edilir!

 

Nə yazıq ki, hazırda biz bu acı reallıqla üz-üzəyik. Ya torpaqlarımızı qan bahasına azad edib, ərazi bütövlüyümüzü birdəfəlik təmin edəcəyik, gələcək nəsllərimizin də rahat, həm də şərəflə yaşamasını təmin edəcəyik, ya da boş danışıqlarla başımız qatıb ölkəmzizin bütövlükdə gələcəyini sual altında qoyacağıq.



Link kopyalandı!
Son xəbərlər