Yazar
Oqtay Qorçu
Bütün yazılar
kse
1765
22 Mar 2020 | 21:20

Bəladan Allaha sığınan quşlara ithaf...

 Kəbəni təfav edən quşları gördüm. Həcc ziyarətinə gələ bilməyən milyonlarla müsəlmanı əzanla müqəddəs torpaqda qarşılayıb salamlamağı arzulayan müəzzin imamın göz yaşlarına boğula-boğula, ağlaya-ağlaya oxuduğu əzanı ürək yanğısı ilə dinlədim. Və bir anda on minlərlə insanı ibadətə səsləyən Bilalın islamın ilk dövrlərində kimlərlə çiyin-çiyinə savaşdığını anladım. Onlar bütün bəlalardan Allaha sığınan, inancı sarsılmaz möminlər toplusu olduqlarına görə bu gün bizlər Quranın nə olduğunu, peyğəmbərin necə bir yol keçdiyini bilirik. Biz müsəlmanlar onların sayəsində varıq. Fəqət dövlət-dövlət, məzhəb-məzhəb bölünə-bölünə. Bu gün İran islamı, Səudiyyə islamı, Türk islamı yaranan dünyanın bir parçasına çevrilmişik. XXI əsrin 20-ci ilindəyik və hələ də müsəlman ittifaqı ideyası arzu olaraq qalır. 
Koronavirusun belə qəfil ortalığa düşməsində gizli bir işarənin olduğuna qətiyyən şübhə etmirəm. İnanıram ki, indən sonra bütün dünya kimi müsəlmanlar da dəyişəcək. Kəbə bomboşdur. Kəbənin nə demək olduğunun fərqindəmisiniz, ey kitab əhli?! Bu Kəbədir axı, Kəbə!
...Kəbənin görüntüləri yayımlandı. Həccə gedən bir dəstə quş təfav edirdi Allah evini. Bir də, islam inancına görə, bizlərin görə bilməyəcəyi, nurdan yaranmış Allahın mələkləri ziyarət növbəsində dayanıb gözləyirdilər. Onlar da Həzrət İbrahimin evini görməyi arzulayan məxluqatdandırlar. 
Kəbə sükut içindədir. Kəbə indiyədək belə məzlum görünməmişdi. Kəbəyə insan ayağı dəymir, hamısı da koronavirusa görə. 
Hər bəlanın zahiri və batini var. Bəlkə indi də belədir... Bəlkə bizlərə gələn mesajdır bu? Bəlkə uca Allah bizləri layiq bilmədiyi torpaqlara həsrət qoymaqla cəzalandırır, bəlkə “Yetər bir-birinizə qılınc çəkdiniz, birləşin!” deyə son şans vermək istəyir Yaradan? Bəlkə də... 
Bu virusun batinini tövbələrlə, zahirini yaxşı əməllərlə məhv etmək olar. Tibb elmi sübut edib ki, virus bir heçdir, onun fəallıq dərəcəsini, aktivlik həddini düşdüyü mühit təyin edir. Belə çıxır ki, bu virus nəticələri ilə həm də üzümüzə gələn xoşbəxtliyə giriş ola bilər. Yəni yaxın gələcəkdə...  
...Allah bilir...
Rəvayətə görə, səhabələrdən biri Məhəmməd peyğəmbərdən soruşur: “Ey Allahın elçisi, bir bəla gələndə möminlər və başqa günahsızlar da kafirlərlə, günahkarlarla birlikdə həlak ola bilərmi?” Allahın elçisi deyir: “Bəli, həqiqətən də belə olacaq, fəqət günahkarlar ölsə də qiyamətədək əzabları bitməz, suçsuz bəndələr üçün isə bu ölüm əzab deyil: onlar qiyamətə diri gələcəkləri ilə mükafatlandırılar və ölən andan cəhənnəm alovundan uzaq tutularlar”. 
İbrətamiz hekayətdir. Tanrı bəndələrinə, müsəlmanlara, isəvilərə, musəvilərə dəfələrlə Allah evlərinin, məbədlərin boşaldılmasının faciəsini əyan edib anladıb, lakin zaman-zaman çoxları bu məsələyə adi yanaşıb. İndi isə hər şey göz qabağındadır. Bomboş 
Kəbə və irəlidə də Merac gecəsi. Koronavirus həqiqətən gözlənilməz bir bəladır, yoxsa bioloji silahdır, artıq belə məqamda bu şübhələr də keçərsiz, mənasızdır. Tək qorxudan savayı. Qorxu barədə düşünmək fəlsəfəsi. Qorxu bizdə ironik hiss halını yaşayır sanki. İndi başa düşürük qorxunun nə olduğunu. Nədən qorxmağın lazım olduğunu bilməmişik çünki. Virus qorxudan bəla deyil əslində, qorxmayanların bəlasıdır ki...
Müsəlman dünyası Allahı sevən və Rəbbinin əzabından qorxan, lakin sevgisi, ədaləti günahından, günahkar qorxusundan üstün olan, elmi, mərifəti, qardaşlığı hər dəyərdən üstün bilən bir islam sivilizasiyası qurmağa məhkumdur. Bu riyakar dünya içində möminlər aləmi qurmasaq koronavirusdan öncə bizə aldatdığımız tövbələr qənim olacaq. 
Dünyanı “Kovid-19” virusuna yox, haqsızlığa yoluxdurublar. Kəbəni dolanan quşlara heç həsəd apardınızmı? Biz burdayıq deyən quşlara. Şeytana daş atmağa tələsin... Yoxsa Kəbə daşları od olub başımıza yağacaq... 

Oqtay Qorçu
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər