Yazar
Tural Səfərov
Bütün yazılar
kse
3519
09 Nov 2019 | 13:16

Kar eşitməz, uydurar...

Xalqımızın gözəl bir atalar sözü var: “Kar eşitməz, uydurar”. Azərbaycandan kənarda yaşayıb öz ölkəsi haqqında qarayaxma kampaniyası aparan bəzi ünsürlərin böhtan dolu çıxışlarına baxanda bu atalar sözü yada düşür. Guya Azərbaycan xalqının “dərdinə yanan” bu vətənsizlər bütün dünyanın bildiyi, qəbul etdiyi reallıqları deyil, öz uydurduqlarını, yuxularını danışırlar. 

Belə bir müdrik söz var. İnsanın meymun mənşəyini Qərbdə, Tanrı mənşəyini Şərqdə kəşf ediblər. Bəs o zaman niyə Şərqdə İnsan olaraq doğulan bəzi adamlar Qərbə gedib meymun kimi yaşamağı üstün tuturlar? Qərb özü çoxdan bu həyat tərzindən imtina edib. İndi Şərqdən gedənlərə deyirlər ki, bizim kimi yaşamaq üçün gərək bu “təkamül yolunu” keçəsiniz. Onlar da heç vaxt sahib olmayacaqları həyat tərzi yaşamaq üçün Qərbdəkilərin meymununa çevrilirlər. Meymun kimi oynadılan bu adamlar nə tapşırıq verilsə, onu da icra edirlər. Bu antimilli ünsürlərin sosial şəbəkələrdə paylaşdıqları videoları izləyəndə gördüm ki, bu adamcıqların əksəriyyəti əməlli-başlı meymuna oxşayır. Öz-özümə dedim ki, gör necə tapıblar? Adamların tək xisləti yox e, elə özləri də meymuna bənzəyir.

Belə antimilli ünsürlərdən biri bu günlərdə “Azərxalça”nın Qəbələ filialının açılışında  ölkə başçısı ilə xalçaçılar arasında olan dialoqu öz “dünyagörüşünə”, “savadına” uyğun guya şərh edib. Tural Sadıqlı adlı bu bisavad  iddia edir ki, xalçaçılar ay yarıma 250 manat əməkhaqqı alır.   Bu fikirləri o, xalçaçılıqla bağlı heç bir təsəvvürü olmadığı üçün səsləndirib. Ancaq elə bu yerdə yenə də bir atalar sözünə müraciət edək: “ Gərək başın girmədiyi yerə bədənini soxmayasan”. 

Bizim dəyərli oxucuların çoxunun bu barədə məlumatı var. Ancaq bilməyənlər üçün bir daha xatırladaq ki, “Azərxalça”nın filiallarında çalışan xalçaçılar toxuduqları hər kvadratmetr xalçaya görə 250 manat əməkhaqqı alırlar. Bu filiallarda yeni xalça toxumağa başlayanlar belə ay ərzində bir kvadratmetrdən çox xalça toxuyur. Bu da o deməkdir ki, filiallarda ən az əməkhaqqı alan toxucunun aylıq maaşı 250 manatdır. Bircə misal çəkəcəm.  Bu günlərdə “Azərxalça”nın Ağdam filialında  gənc toxucu Məleykə Qasımova ilə həmsöhbət oldum. O, "Azərxalça"nın təşkil etdiyi tədris-hazırlıq kursunu bitirərək sertifikat alıb və Ağdam filialında işlə təmin olunub. Məleykə bir ildən çoxdur ki, burada çalışır. Deyir ki, hər ay təqribən 1.5 kvadratmetr xalça toxuyu. Onun bacısı  Gülçin də Ağdam filialında işləyir. O da 1.5 kvadratmetr xalça toxuyur. Onlar ayda 800 manata yaxın əməkhaqqı alırlar. Məleykənin söhətimiz zamanı dediyi bu sözləri olduğu kimi oxucuların diqqətinə çatdırıram: “Quzanlıda bir ailənin iki gənc övladının bu qədər əməkhaqqı alması Prezidentimizin yaratdığı şəraitin bariz nümunəsidir. Biz çalışırıq ki, göstərilən qayğıya cavab olaraq gözəl və keyfiyyətli xalçalar toxuyaq".
Bu “Azərxalça”da çalışan minlərlə toxucunun sadəcə birinin fikirləridir. Əminliklə deyirik ki, bütün toxucular bu fikirdədir. 
Son illər xalçaçılığın inkişafı istiqamətində görülən işləri sadalayıb oxucuların vaxtını almaq istəmirik. Onsuz da demək olar ki, hər kəs bu sahədə görülən işlər barədə məlumatlıdır. Təkcə onu qeyd edək ki, son üç ildə “Azərxalça”nın 21 filialı fəaliyyət başlayıb.  Həmin xalça istehsalı emalatxanalarında 1500 nəfərdən çox toxucu qadın çalışır. Nəzərə alsaq ki, bu qadınların əksəriyyəti işsiz insanlar  idi, o zaman dövlətin bu layihəsinin nə qədər əhəmiyyətli olduğunu söyləmək üçün əlavə şərh verməyə ehtiyac qalmır. 
Prezident İlham Əliyev xalçaçılığın inkişafına ciddi diqqət yetirməklə strateji məqsədləri reallaşdırır. Əvvəla, milli dəyərimiz olan Azərbaycan xalçası yaşadılaraq gələcək nəsillərə ötürülür. Digər tərəfdən dünya bazarında bahalı məhsullar kateqoriyasına daxil olan xalça satışından ölkəmizə xeyli valyuta gələcək. Daşına bilər bu məişət əşyasını dünyanın istənilən yerinə aparmaq mümkündür. Deməli, milli naxışlarımızla bəzədilən xalçamızı alan xarici ölkə vətəndaşlarının evlərində bir Azərbaycan möhürü olur. Bu da Azərbaycanın, milli tariximizin, dəyərlərimizin təbliği baxımından olduqca əhəmiyyətlidir.
Azərbaycanda reallaşdırılan layihələrə ağız büzmək əvəzinə ölkəmizin təbliği üçün əlinizi bir daşın altına qoyun. Mən soruşmaq istəyirəm. Xalçaçılıqla bağlı “dahiyanə” fikirlərini paylaşan Tural Sadıqlı yaşadığı Avropa ölkəsində bir dəfə belə olsun milli dəyərimiz olan Azərbaycan xalçalarından danışıbmı? Qarabağda toxunan xalçaların Azərbaycan xalqının qədim tarixini özündə əks etdirdiyini, məhz elə bu xalçaların Qarabağın qədim Azərbaycan torpağı olduğunu sübuta yetirdiyini bəyan edibmi? Ermənilərin xalçaçılaqla bağlı fikirlərinin saxta, yalan olduğunu yaşadığı ölkənin sakinlərinə izah edibmi? Təkcə o deyil. Bu qaragüruhçuların hansı biri Azərbaycanın qədim tarixinin, milli mədəniyyətinin, milli dəyərlərinin təbliğatçısına çevrilib? Cavab birmənalıdır – heç biri. Niyə? Ona görə ki, bu adamcıqlarda milli hissdən, vətənpərvərlikdən əsər əlamət yoxdur. 
Bəzən düşünürəm ki, belə adamlar danışdıqları yalanlara, atdıqları böhtanlara, öz xalqlarına düşmənçilik etdiklərinə görə heç vicdan əzabı çəkmirlər? Elə bu an Fransa maarifçilərinin görkəmli nümayəndəsi Volterin sözləri yada düşür:  “Vərdişə çevrilmiş əməllərə görə insan heç vaxt vicdan əzabı çəkmir”. Bəli, belə insanları ictimai qınaqla cəzalandırmaq, islah və tərbiyə etmək lazımdır. Əlbəttə ki, onların çoxunu xalqımız özü cəzalandırır: dövlətinə, liderinə, milli dəyərlərinə sahib çıxmaqla.

Tural Səfərov,
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi
Link kopyalandı!
Son xəbərlər