Qarabağ canişini Anjey Kasprşik başının dəstəsi ilə Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirib. 6 avqustda yayılan rəsmi məlumatda deyilir ki, monitorinq insidentsiz başa çatıb. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq həyata keçirilən monitorinq nəyə xidmət edirmiş görəsən - Xankəndində keçirilən “ümumerməni oyunları”nın təhlükəsizliyini təmin etməyəmi? Bəlkə narahat olublar ki, Nikol Paşinyanın sərsəm bəyanatlarına cavab olaraq Azərbaycan ordusu işğalçıya növbəti aprel dərsi vermək fikrinə düşər?
Hər halda, həmsədrlərin, onların təmsil olunduqları ölkələrin liderlərinin səs-sorağı gəlmədikcə şübhələr çoxalır. Azərbaycan ordusu son günlərdə düşmənin sərhədboyu təxribatına cavab verdi və ermənilər 1 hərbçini ölü, digər iki nəfəri isə yaralı halda səngərdən apardılar. Dərhal ermənilərin Moskvadakı himayədarı Mariya Zaxarova “Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsindən narahatıq” bəyanatı ilə ortada göründü. Kələntəryanın əsas sözçüsü təbii ki, təcavüzkar haqqında kəlmə kəsmədi və bununla da faktiki olaraq erməniləri müdafiə mövqeyində dayandı. Yoxsa “gərginliyin artması bir müddət əvvəl əldə edilmiş atəşkəs rejiminə əməl olunması barədə razılaşmalarla və siyasi vasitələrlə nizamlanmaya nail olmaq barədə açıqlamalarla ziddiyyət təşkil edir” bəyanatına ayrı cür qiymət vermək mümkün deyil. Bundan əvvəl Ermənistan XİN həmsədr ölkələrə Azərbaycandan şikayətlənmişdi və ilk reaksiya Moskvadan gəldi.
Ayrı-seçkilik açıq-aşkar göz deşir. Nikol Paşinyan hələ iki gün əvvəldən elan etmişdi ki, Xankəndinə gələcək, meydanda çıxış edəcək. Amma həmsədr ölkələrdən, Azərbaycanın əl-qolunu bağlayıb, “məsələnin hərbi yolla həlli yoxdur” deyib duran paytaxtlardan erməni baş naziri tənə edən, onu qınayan, bu addımın danışıqlara zərbə vuracağını deyən oldumu? Olmadı. Paşinyan Laçının 10-15 km-liyində asma körpüdə Azərbaycanın “Köçəri” havasına oynayanda da, Xankəndinə helikopterlə uçanda da, erməni separatçıları başına yığıb “Artsax elə Ermənistandır, vəssalam” deyib sərsəmləyəndə də ATƏT-MATƏT-dən səs çıxmadı.
İndi nümunə üçün Azərbaycan işğal altındakı ərazilərdəki “ümumerməni oyunları”nın təpəsinə bir mərmi atsın, gör onda nə həngamə qopar. Bütün ermənipərəst çevrələr “narahatıq" deyib ağız-ağıza, səs-səsə verər, şivən qopararlar.
Hər halda, reallıq budur. Aprel döyüşlərində Azərbaycanın əl-qolunu bağlayan güclər mövqelərini dəyişməyib, bunu bilirik. Amma bu şəkildə də davam edə bilməz. Nəhayət, işğalçının burnunu ovmaq vaxtıdır. Paşinyan son davranışları və bəyanatları ilə danışıqlara yer qoymadı. Bu adam həm də qeyri-ciddi şəxs olduğunu nümayiş etdirdi. Onunla ciddi mövzularda danışmağın mənası qalmır. Bir vaxtlar Bakını Dağlıq Qarabağ erməniləri ilə danışığa çağırdı, arzusu baş tutmayanda “həll Azərbaycan xalqı üçün də qaneedici olmalıdır”-deyə, sülh adamı kimi görünməyə çalışdı. Lakin Qarabağ klanı üstünə getdiyi üçün qiyafəsini və sözünü dəyişdi, iddia etdi ki, Qarabağ elə Ermənistan imiş.
Rəsmi Bakı Paşinyanın hərzə-mərzə bəyanatına cavab verib. Prezident Administrasiyasının rəsmisi Hikmət Hacıyev “Ermənistanın baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Xankəndi şəhərində ”Qarabağ - Ermənistandır" sözlərini qəti şəkildə rədd edirik" deyib. XİN isə “münaqişənin sülh yolu ilə həllinə vurulan zərbənin və beləliklə də yaranmış vəziyyətin tam məsuliyyəti Ermənistan üzərindədir” bəyanatını verib.
Əslində Nikol Paşinyan son davranışları ilə Azərbaycana töhfə vermiş oldu. Azərbaycanın rəsmi mövqeyi, Paşinyanın təxribatçı addımları, Xankəndində sözün bütün mənalarında çıxarılan oyunların dəlil-sübutları, fotolu, videolu şəkildə BMT-nin Baş Ofisindən tutmuş, ATƏT ölkələrinə, Avropa Parlamentinə qədər bütün ünvanlara təqdim olunmalıdır. XİN-in təlimatları əsasında səfirliklərimiz bu arada tam səfərbər olunmalı, Ermənistanın gerçək mövqeyi hər kəsə anladılmalıdır. Bəyan olunmalıdır ki, cənablar, sizdən fərqli olaraq Ermənistan savaşı seçdi, Azərbaycansa onu öz arzusuna çatdırmaq haqqına və iradəsinə sahibdir. Sözləri varsa, əvvəlcədən desinlər, cavablarını verək. Biz də deyərik: Paşinyan “Kaliforniya, yaxud Stavropol Ermənistandır, vəssalam” desə, xoşunuza gələrmi?!.