Azərbaycan dövlətinin Türkiyə vətəndaşları ilə bağlı qərarı, gözlənildiyi kimi, məmnunluqla qarşılandı. Qardaş ölkənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıc Musavat.com-a özəl açıqlamasında bu 80 milyonun reaksiyasını qısa şəkildə çox gözəl ifadə etdi, “Bu müjdəli qərar Türk xalqını məmnun etdi” - dedi.
Belə münasibət gözlənilən idi. Çünki 2007-ci ildən, Türkiyə Azərbaycan vətəndaşları üçün vizanı ləğv edəndən bəri rəsmi Bakının da analoji addım atacağı ilə bağlı arzu-istək ifadə olunurdu. “Biz bir millət, iki dövlətik”, “qardaş qardaşın evinə viza ilə getməz” tipli yanaşmalar da eşidilirdi. Azərbaycan hökuməti hər zaman bu məsələyə münasibətində müsbət reaksiyasını ifadə edirdi, ancaq eyni zamanda, geniş ictimaiyyətə bəlli olmayan məsələlərə görə məsələ yubanırdı. Nəhayət, o gün gəlib çatdı və tarixi qərar verildi.
Türkiyə-Azərbaycan münasibətləri o qədər yüksək səviyyədə inkişaf edib ki, bizim əlaqələrimizə hansısa viza tipli məsələlər də maneçilik törədə bilməzdi. Ötən illərdə, hətta Türkiyə birtərəfli qaydada Azərbaycan vətəndaşları üçün vizanı aradan qaldırandan sonrakı dönəmdə də bunun şahidi olduq. Sınaqdan çıxmış münasibətlər varkən hansısa maneələr bu iki Türk dövlətinin qarşısında duruş gətirə bilməzdi. Amma istənilən halda, “ürəyə xal sala biləcək” bir maneə də aradan qaldırıldı və əməkdaşlığımıza, qardaşlığımıza töhfə verəcək növbəti mərhələnin başlayacağına şübhəmiz yoxdur. Dəyərli diplomatımız Hulusi Kılıçın dediyi kimi, vizanın qaldırılmasından sonra Türkiyədən Azərbaycana turizm üçün gələnlərin sayında önəmli artım olacağını gözləyirik.
Etiraf edək ki, Azərbaycana gələn turist sayına görə Türkiyə vətəndaşlarının say faizi qaneedici deyil. Söhbət 80 milyonluq məmləkətdən gedir. Azərbaycandan qardaş ölkəyə daha çox turist üz tutur, nəinki Türkiyədən bizə. Düzdür, burada başqa səbəblər də var. Türkiyənin turizm sektorundakı vəziyyət bizimçün örnək ola bilər. Bu mənada turizm sahəsində gərəkəni görməklə yanaşı, Türkiyədən yüz minlərlə turisti qarşılamağa da hazır olmalıyıq. Elə etməliyik ki, can qardaşlarımız Azərbaycanla bağlı xəyallarında yanılmasınlar.
Azərbaycanın Türkiyə vətəndaşlarına vizanı qaldırmasını təqdir edənlərlə yanaşı, bir sıra digər addımların atılmasını zəruri sayanlar da var. Həm də Türkiyə tərəfindən. Məsələn, qeyd olunur ki, Azərbaycan vətəndaşı Türkiyəyə gedəndə vizasız 1 ay qala bilirsə, Rusiya vətəndaşı 2, Gürcüstan vətəndaşı 3 ay qala bilir. Ona görə də qardaş Türkiyənin də Azərbaycan vətəndaşları üçün vizasız müddəti heç olmasa gürcülərə tanıdığı müddət qədər uzatması arzulanır.
Azərbaycan da öz tərəfindən Türkiyə vətəndaşlarına 1 ay ərzində vizasız qalmaq izni verəcək sentyabrdan etibarən. Amma iki dövlətin müvafiq qurumları müddət məsələsinə yenidən baxa və ortaq qərar verə bilərlər. Azərbaycan Türkiyədən bura işləmək, istehsal müəssisələri qurmaq üçün gələnlərə də asan şərait yaradarsa, çox faydalı olar.
Yaxud Türkiyə vətəndaşları 2010-cu ildən bəri Gürcüstan pasportla deyil, şəxsiyyət vəsiqəsi ilə gələ bilir. Eyni zamanda Gürcüstan vətəndaşları da Türkiyəyə pasportsuz, sadəcə, şəxsiyyət vəsiqəsi ilə səfər etmək imkanına malikdir. Bu mənada Bakı və Ankara arasında da bənzər anlaşmalar əldə oluna bilər. Əsas məsələ budur ki, ən çətin qərar verildi.
Bir məqam gərək unudulmasın. Azərbaycan prezidentinin iradəsi ilə verilən bu qərarın hansı məqamda verildiyinə diqqət edək. Bu, 80 milyonluq Türkiyəyə böyük dəstəkdir. Bu gün Türkiyə bir tərəfdən ABŞ-ın sərt təpkiləri, digər tərəfdən Avropa İttifaqının sanksiyaları ilə üz-üzədir. Vaşinqton Türkiyənin Rusiyadan S-400 raket komplekslərini almasını bəhanə edib qardaş ölkəni təhdid edir. Avropa İttifaqı isə Türkiyənin Kiprə məxsus xüsusi iqtisadi zonasında geoloji kəşfiyyat işləri aparması iddiası ilə Ankara əleyhinə sanksiya qərarı verib.
Azərbaycan isə Avropa Birliyi ilə saziş imzalamaq ərəfəsində olsa belə, Türkiyəyə açıq dəstəyini nümayiş etdirdi: 80 milyonluq Türkiyə vətəndaşları üçün vizanı ləğv etməklə! Bu mənada Azərbaycan dövlətinin qərarı daha böyük tarixi əhəmiyyət kəsb edir.
2014-cü ilin 24 aprelində Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə prezident İlham Əliyevin türk düşməni Serj Sərkisyanın Türkiyə əleyhinə ittihamlarına cavabını xatırlayırsınızmı? O zaman prezident “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur, ancaq mən buradayam”, cavabını vermişdi.
Türkiyə vətəndaşları üçün vizanın ləğvi də Türkiyəni sanksiyalarla təhdid edənlərə cavabdır: “Mən buradayam” cavabı. Və QARDAŞLIQ NÜMUNƏSİ! Biz buradayıq, tarixən qardaşlığımız davam edib və edəcək.