Qarabağ canisi Robert Köçəryan həftəsonu azadlığa buraxıldı. Bu, Ermənistanın ikinci prezidentinin son bir il ərzində ikinci azadlığı oldu. Nikol Paşinyan hakimiyyəti ələ keçirəndən üç ay sonra Köçəryanı “dam”a basdırmışdı. Di gəl, təcrübəsiz baş nazir ən əsas rəqibini içəridə çox saxlaya bilmədi. İki həftəlik həbsdən sonra azadlığa çıxan Köçəryanı dekabrın 9-da keçirilən parlament seçkisindən iki gün əvvəl yenidən həbs atdılar.
Və budur, əli həm azərbaycanlıların, həm də ermənilərin qanına batmış keçmiş prezident yenidən azadlıqdadır. Təbii ki, Paşinyan onu Azərbaycan əhalisinə divan tutduğuna, Xocalı soyqırımını törətdiyinə görə həbs etdirməmişdi. Qarabağ klanını susdurmaq, lidersiz qoyub neytrallaşdırmaq məqsədi var idi. Üstəlik, Putinin dostunu həbs etməklə o, özünü “qərbyönümlü” göstərmək, Rusiyaya bağlı kadrları sıradan çıxartmaq məqsədi güdürdü. Eyni zamanda, Paşinyan Rusiya hakimiyyəti ilə Köçəryan faktoru üzərindən alver etmək niyyətindəydi.
Ancaq bütün cəhdləri uğursuz oldu. Belə ki, Qərb Paşinyanı özününkü kimi qəbul etmədi. Ermənistanın yeni hakimiyyəti bunu heç gözləmirdi. Onlar güman edirdilər ki, ötən il qolusarıqlı Nikolun dəstəsi İrəvan küçələrindən hakimiyyət kreslolarına qədər irəlilədiyi üçün Tramp tərəfindən yuxarı başa keçiriləcək. Ancaq nəinki bu yuxu çin olmadı, hətta Ermənistan XİN rəhbərinin Vaşinqtona səfəri ləğv edildi.
Komandasının qərbyönümlü olduğunu Qərbə sübut edə bilməyən Paşinyan yenidən İrəvanın ənənəvi siyasətinə istinad etməli oldu: üzünü Kremlə çevirdi. Hətta erməni baş nazir Rusiyaya xoş gəlməkdən ötrü “Ermənistanda ABŞ hakimiyyətini mənim kimi heç bir hökumət tənqid etməyib” deməkdən çəkinmədi.
Paşinyan Köçəryan barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi qərarını verməklə şübhəsiz ki, Putinin xoşuna gəlməyə çalışıb. Düzdür, bundan əvvəl Qarabağdakı qondarma rejimin əvvəlki və indiki liderləri - Arkadiy Qukasyan və Bako Saakyan cani prezidentin azadlığa buraxılması üçün müraciət edəndə Paşinyan iddia etdi ki, onlar ünvanı düzgün seçməyiblər. Bununla elə rəy yaratmağa çalışdı ki, guya ölkədə hüquq işləyir və müvafiq quruma xitab olunmalıdır. Bu yolla həm də “qərbyönümlü” maskasını saxlamağa cəhd etdi.
Ancaq bəllidir ki, Paşinyanın nə dərəcədə “anti-rus” olduğunu Ermənistanın hərbi tağımının Rusiya ordusu tərkibində Suriyaya göndərilməsi sübut etdi. Məhz bu qərardan sonra ABŞ İrəvanı cəzalandırdı. Paşinyan da 1998-ci ilin 1 martında 10 erməninin qanını tökən Köçəryanı həbsdən buraxmaqla Putinə “mən sənə döndüm” mahnısını oxumaq istədi.
Məsələ burasındadır ki, vəziyyət Ermənistan üçün getdikcə qəlizləşir. Təsəvvür edin, Qərbdən umduğunu ala bilməyən Paşinyan hakimiyyətə gəldiyi bir ildə Rusiya prezidentindən quruca təbrik eşitmədi. Üstəlik, Putinin Ermənistana səfəri iki ildir ki, baş tutmur. Keçən ilin sentyabrında Paşinyan Rusiya prezidentini qarşılamağa tədarük görürdü. Lakin gözlənilmədən Putinin köməkçisi Yuri Uşakov açıqlama verdi ki, Rusiya prezidenti 2018-ci ildə Ermənistana getməyəcək. Təbii ki, səfərin baş tutmaması Paşinyanın “qərbin havaları”na oynaması ilə birbaşa bağlı idi. Üstəlik, Köçəryan məsələsi...
Paşinyanın hətta Ermənistanın əbədi dostu Lavrovu aşağılamasını Putin bağışlaya bilməzdi. İndi də deyirlər ki, Rusiya prezidenti oktyabrın 1-də Ermənistana səfər edəcək. Paşinyan mətbuat konfransında deyib. Amma bəlkə bu dəfə də yolda qalacaq, kim bilir.
Hər halda, Köçəryanı həbsdən buraxmaqla geriyə addım atıb. Özü də gülməlidir, ağır cinayətdə suçlanan Köçəryan min dollar girovun qarşılığında azadlığa buraxıldı, yarısını Qukasyan, yarısını da Saakyan qoyubmuş. Amma bunlar sadəcə, görüntüdür...
Çox güman ki, Rusiya baş naziri Dmitri Medvedev Nikolu rəzil etdiyi İrəvan səfərində yeni hakimiyyəti əməlli-başlı başa salıb. Təbii, Putin sözünün yerə salınmasını Paşinyana heç vaxt bağışlamayacaqdı. Bəlkə yenə də bağışlamayacaq.
Beləliklə, Köçəryanı azadlığa buraxmaqla Paşinyan çoxgedişli oyun oynamağa cəhd edib. Təsadüfi deyil ki, elə bu arada Rusiyaya mesaj verərək Ermənistana satılan təbii qazın qiymətini endirməyi xahiş edib. Hansı ki, keçən il Köçəryanı tutdurandan sonra Moskva “qaza basmış”, qiyməti 15 dollar qaldırmışdı. Dekabrda Moskvaya “qazlı” getmişdi, Rusiya hökuməti qiyməti qaldırdı, suyu süzülə-süzülə qayıtdı. İndi qazı alınmış haldadır...
İndi yenə Moskvaya minnətçi düşüb. Mayın 17-də Rusiya mediasına açıqlamasında deyib ki, o, ilin sonunadək Rusiya qazının qiymətinin aşağı salınacağına inanır. O inansa da, Rusiya ona inanmır. Hər cəhətdən...