Hər ötən gün Azərbaycanı mühüm bir tarixi hadisəyə yaxınlaşdırır. Söhbət mayın ortalarında Avropa İttifaqı (Aİ) və Azərbaycan dövləti arasında imzalanacaq tərəfdaşlıq haqqında sazişdən gedir.
Əslində, Azərbaycanla Avropanın aparıcı qurumu arasında tərəfdaşlıq münasibətləri uzun illərdir mövcuddur. Müstəqil olandan bəri Avropa Birliyi ölkəmizə 200 milyard dollard yatırıb. Lakin saziş münasibətləri yeni müstəviyə keçirəcək, əməkdaşlığı geridönməz edəcək ki, bu da bir sıra dairələri narahat edir.
2013-cü ildə Milli Şura adlı bir qurumun nizamnaməsində Avropaya inteqrasiya ilə bağlı müddəanın olmasını qəbul edə bilməyən dairələr görün, indiki situasiyada necə həyacanlanıb. İndi söhbət hansısa dairələrin yaratdığı oyuncaq qurumun nizamnaməsindən yox, Azərbaycan dövlətinin imza atacağı sənəddən gedir...
Deməli, heç şübhəsiz, hazırda növbəti məkrli ssenarilər üzərində iş gedir. Bu mənada hörmətli Pənah Hüseynin “bu ayın sonu, gələn ayın əvvəlində ölkənin həm şimalında, həm də cənubunda təxribatlar hazırlanır”-xəbərdarlığını tam ciddiyə almaq lazımdır.
Bir anlıq xatırlayaq: Gürcüstan və Ukrayna Avrointeqrasiya yolunu elan edəndən sonra başına hansı bəlalar gəldi...Təbii ki, Azərbaycan dövləti fərqli siyasi kursunu elan edib, söhbət bərabərhüquqlu əməkdaşlıqdan gedir. Üstəlik, Qoşulmama Hərəkatının sədriyik. Amma bəzi qüvvələr üçün fərqi yoxdur. Aİ ilə imzalanacaq saziş həm iqtisadi, həm də siyasi cəhətdən mühüm əhəmiyyət kəsb edirsə, məkrli niyyətlərin həyata keçirilməsi üçün bəhanələr bitməyəcək.
Odur ki, qarşıdakı dönəmdə cəmiyyət olaraq ehtiyatı əldən verməməliyik. Hakimiyyəti Aİ ilə əməkdaşlıq yolundan döndərmək, ən azı sazişin vaxtını uzatmaq üçün hər cür fitnə-fəsada əl ata bilərlər.
Azərbaycan prezidenti vətəndaşların xeyli hissəsinin rəğbətini qazanan addımlar atmaqla bir çox planları pozdu. Narazı elektoratı hərəkətə gətirib ölkədə xaos yaratmaq istəyənlər üçün bir sıra fərman və sərəncamlar qış aylarında “soyuq duş” effekti verdi. Amma görünən budur ki, ölkəmizdə stabilliyin olmasını sinirə bilməyənlər geri çəkilmək niyyətində deyil.
Bu dəfə “Qarabağ kartı” işə salınıb. Son günlər davamlı şəkildə məlumat yayırlar ki, Avropa İttifaqı ilə imzalanacaq sənəddə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı müddəa yer almayıb. Erməni saytlarını izləyənlər yəqin ki, düşmənin bu mövzuya həvəslə yer verməsini və sevincini müşahidə edir. Düşməni başa düşdük, bəs, özümüzünkülər?
Ölkə daxilində də bəzi qüvvələr iddia edirlər ki, Qarabağ Azərbaycan hökumətinin “yadından çıxıb”. Onların yaddaşını “ayıltmaq” üçün prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının nümayəndə heyətini qəbul edərkən dediklərini xatırlayaq: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edilməli, Ermənistanın işğalçı qüvvələri işğal olunmuş bütün ərazilərdən qeyd-şərtsiz çıxarılmalıdır. Sonra sülh olacaq və vəziyyət sabit hesab ediləcək”.
Fakt budur ki, Azərbaycan Prezidenti Avropa İttifaqı ilə əməkdaşlığın ilkin şərti olaraq ərazi bütövlüyümüz məsələsini qoyub. Hətta danışıqların illərdir uzanmasının, postsovet məkanında yalnız Azərbaycanla eyniadlı sənədin imzalanmamasının əsas səbəbi də Qarabağdır. Ermənilər və ermənipərəst qüvvələr var gücləri ilə sənəddə ərazi bütövlüyünün yer almasına qarşı çıxıblar. Məhz rəsmi Bakının prinsipial və qətiyyətli mövqeyi nəticəsində Aİ prezidenti “Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik” demişdi.
Digər tərəfdən, necə ola bilər ki, Ermənistanla eyni məzmunlu saziş imzalananda ərazi bütövlüyü məsələsi sənəddə əksini tapır, amma Azərbaycanla yox? Hansı hakimiyyət buna göz yumardı? Bu, mümkünsüzdür.
Bu tezisin ortaya atılması səbəbsiz deyil. Məkrli plan müəllifləri bilirlər ki, Qarabağ Azərbaycan xalqı üçün ən həssas mövzusudur. Lokal yanğınlarla kütləvi etirazlar təşkil edə bilməyənlər indi də hakimiyyətə qarşı Qarabağ etirazlarını təşkil etmək niyyətindədirlər.
Azərbaycan Xarici İşlər Nazirliyi də ötən şənbə bəyan etdi ki, “Avropa İttifaqı (Aİ) ilə imzalanmış sənədlərdə Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu olmayıb, ola da bilməz”. Amma nə faydası? Yenə də iddialar kəsilmir. Kəsilməyəcək də...Hələ mümkündür ki, başqa təxribatlara da əl atılsın, şayiələr yayılsın. Avropa Birliyi ilə əməkdaşlıq sazişi ölkəmizin dünyaya açılması istiqamətində mühüm addımdır. Dövlətimizin xeyir işini pozmaq istəyirlər. Odur ki, hamılıqla ayıq-sayıq olaq! Burada iqtidar-müxalifət yox, Azərbaycan məsələsi var!