Yazar
Elşad Paşasoy
Bütün yazılar
kse
2169
12 Jan 2019 | 10:27

Xanım Mariya bir az araşdırsa, öyrənər ki...

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yenə də erməni xislətini büruzə verib. Ötən ilin avqustunda Bakıda keçirilən “Jara” Beynəlxalq Festivalına qatılan və şou-biznes ulduzları ilə birgə festivalın açılışındakı qırmızı xalçanın üzərindən keçən Zaxarovanın Azərbaycana münasibətdə bir daha qırmızı xətti keçməyəcəyini düşünənlər yanıldılar.

Budur, Rusiya XİN-in sözçüsü ənənəvi ampluasına qayıdıb və növbəti dəfə Azərbaycana qarşı xarakterinə uyğun bəyanat verib. O, keçirdiyi brifinqdə erməni mənşəli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmamasından danışıb və ölkəmizi ittiham edib.

“Doğrudan da mən bu barədə sosial şəbəkələrdə çoxlu məlumatlara rast gəlmişəm. Bayram günləri ərzində də belə insidentlər olub. Biz onları əvvəl də qeydə almışdıq və Azərbaycan tərəfi qarşısında məsələ qaldırmışdıq. Deyirdilər və təəssüflənirdilər ki, belə hallar  artıq yaxşı çıxmır və düzgün olmayan praktikadır. Amma bayram günlərində sosial şəbəkələrdə böyük material dərc edilib və bu, Rusiya vətəndaşlarına qarşı birinci diskriminasiya halı deyil. Ötən il etnik əlamətinə görə azı 16 Rusiya vətəndaşının Azərbaycana buraxılmaması qeydə alınıb”-Mariya Zaxarova deyib.

Təsəvvür edin, nəhəng bir ölkənin rəsmisi Azərbaycana gəlib-gedən Rusiya yüz minlərlə vətəndaşlarını “unudub”, sosial şəbəkələrə istinadən 16 nəfərdən danışır. 

Yaddaşını təzələyək: Azərbaycan prezidenti İlham Əliyev "Bakutel 2018" beynəlxalq sərgisində "Rossiya-24" telekanalına müsahibəsində belə demişdi: “Deməliyəm ki, rusiyalılar Azərbaycana gələn turistlərin sayına görə birinci yeri tutur. Bu il 800 mindən çox rusiyalı ölkəmizə gəlib və özlərini evdəki kimi çox rahat hiss edirlər. Belə ki, bizim münasibətlərimiz çox zəngindir və düşünürəm ki, qonşuların öz münasibətlərini necə qurması üçün yaxşı nümunədir”.

Bu, Azərbaycanın dövlət başçısının sözləridir, hansısa sosial şəbəkədən götürülmüş rəqəmlər deyil, rəsmi statistikaya əsaslanır.

İndi Rusiya prezidenti Vladimir Putinin Azərbaycana verdiyi önəmə diqqət yetirək. Cənab Putin Azərbaycan prezidenti ilə görüşündə belə demişdi: “Qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi çox genişdir. Biz bunu strateji tərəfdaşlıq adlandırırıq. Münasibətlərimiz həm siyasi, həm də iqtisadi istiqamətdə inkişaf edir. Keçən il (2017-ci il-E.P.) qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 34 faiz, hətta 34 faizdən də çox artıb, bu ilin birinci yarısında isə mülki təyinatlı məhsulların satış həcmi 20 faiz artıb. Bu, çox yaxşı göstəricidir. Təbii ki, bizim həmişə danışmağa mövzumuz var. Çox şadam ki, Siz bizim dəvətimizi qəbul edib bu gün Rusiyaya gəlmisiniz”.

Putinin bu fikirlərinin ardınca Zaxarovanın münasibətlərə xələl gətirən mövqe sərgiləməsi səbəbsiz ola bilməz. Deməli, yenə də Rusiyadakı erməni xislətlilər və erməni sifətlilər aktiv hərəkətə keçiblər. Axı, Rusiya rəhbərliyi Ermənistanın maraqlarına zidd siyasət yürüdür, yeni hökuməti saya salmır. Bütün bunlara rəğmən Rusiya rəhbərliyi Azərbaycanı regionun önəmli ölkəsi adlandırıb onunla əlaqələrin möhkəmləndirməyə çalışır.

Təkcə prezident İlham Əliyevə Putinin ünvanladığı təbrik məktubu, ora əksini tapan yüksək fikirlər Ermənistanın yeni hökumətini yerdən-yerə vurmadımı? Təsəvvür edin, Rusiya rəhbərliyi Paşinyan hökumətinə parlamentdəki qələbəsinə görə quruca təbriki belə çox gördü. Çünki Qafqazda onun əməkdaşlıq etdiyi, önəm verdiyi Azərbaycan kimi müttəfiqi var. Deməli, nə etmək lazımdır? Təbii ki, Putinin önəm verdiyi, dəyərləndirdiyi ölkə ilə münasibətləri pozmaq! Necə ki, bunu Rusiya Dövlət Dumasının rəsmisi Zatulin etməyə çalışdı, Yevseyev kimiləri cəhd göstərdi. Alınmadı. Yenə də Mariya hərəkətə keçib. Təbii ki, bu, onun şəxsi təşəbbüsü deyil, liana zəhər verən kərtənkələlər var…

Zaxarova iddia edib ki, Rusiya vətəndaşları Bakı aeroportunda saatlarla saxlanılıblar və daha sonra ölkədən rəsmi səbəb göstərilmədən zorla ölkədən çıxarılıblar. Əslində bu, yeni söhbət deyil. Hələ 2017-ci ildə Moskva Rusiya vətəndaşı olan ermənilərin Azərbaycana gəlmək istəyərkən, Bakı aeroportunda saxlanıldığı və deportasiya edilməsinə dair bəyanat vermişdi. O zaman Azərbaycan Xarici İşlər Nazirliyi bu faktı təkzib etməyərək açıq şəkildə bildirmişdi ki, bu proses davam edəcək. Ölkəyə kimi buraxmağın lazım olduğunu Azərbaycan özü və onun qanunları müəyyən edir, bu mənada Zaxarovanın məsləhəti absurddur. İkincisi də, xanım Mariya bir az araşdırsa, öyrənər ki, 1994-cü ildə Bakıda onlarla insanın həlak olması ilə nəticələnən iki terror hadisəsini Ermənistanın xüsusi xidmət orqanları həyata keçirmişdi. İndi o, təminat verə bilərmi ki, Bakıya gələn erməni Rusiya vətəndaşları arasından kimsə eyni əməli törətməyə cəhd göstərməyəcək, yaxud bu təlimatı alaraq ölkəmizə ayaq basmayacaq? Nə qədər ki, Azərbaycan və Ermənistan müharibə vəziyyətindədir, işğal davam edir, ermənilər hələ də nəinki hərbçilərimizə, hətta 2 yaşlı körpələrimizə də atəş açır, bu qaydalar sərt şəkildə icra olunacaq. Əslində həmsədr ölkə belə həssas dönəmdə ərazisindəki erməniləri Azərbaycana getməməyə çağırmalıdır. Günün birində küçənin ortasında övladı şəhid olmuş ata erməni turisti bıçaqlasa, ona kim cavab verəcək, Zaxarova?!

Rusiya XİN sözçüsü görün nə deyir: “Bu faktlar bizim fikrimizcə, Rusiya vətəndaşlarının hüquqlarının kobud pozulmasıdır, Rusiya ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqda müqavilələrə ziddir. Mən bir daha demək istərdim ki, Rusiya tərəfi dəfələrlə Azərbaycan tərəfinə bu vəziyyətin yolverilməz olduğunu çatdırıb. Biz bu saxlanılma və sürgün praktikasını dayandırmağı tələb etmişik, çünki o ölkələrimiz arasında dostluq münasibətlərinə ziddir”.

Əslində bütün bu iddialar Ermənistana ünvanlanmalı idi. Təsəvvür edin, Azərbaycana bir ildə 800 min rus turist gəlib, birinin burnu qanamayıb, Zaxarova “Rusiya vətəndaşlarının hüquqlarının kobud pozulmasından” danışır. Ermənistanda “rədd olsun rus əsgərləri” çağırışları ilə aksiya keçirilir, Rusiya səfirliyinə yumurta atılır, rus dilinin qadağan olunması tələb olunur. Amma Zaxarova rus dilinə yüksək qayğı göstərən, Lomonosov adına MDU-nun və Seçenov adına Tibb Universitetinin filiallarını açan, hətta həmin filiallarda tədrisin Rusiyadan olan müəllimlər tərəfindən aparılmasına şərait yaradan Azərbaycanı ittiham edir!

Söhbət Rusiya vətəndaşlarının hüquqlarından gedir? Yəni bu qədər prinsipialdır Zaxarova? Onda niyə Rusiya vətəndaşı olan azərbaycanlının taleyinə bu qədər laqeyddir? Özü də 5 ildir! Söhbət Dilqəm Əsgərovdan gedir! 2014-cü ildən Şuşa həbsxanasında saxlanılan kəlbəcərlidən. Hansı ki, onu hansısa legitim məhkəmə mühakimə etməyib, separatçı, terrorçu qurumun “hökmü” ilə ömürlük həbsdən məhrum ediblər. Elə dünən Dilqəm Əsgərovun oğlu Kürdoğlu bütün dünyaya səslənmişdi ki, atasından aylardır xəbər ala bilmir. Rusiyanın rəsmisi isə ölkəsinin həmsədr olmasına, üstəlik, Dilqəm Əsgərovun bu ölkənin pasportunu daşımasına rəğmən özünü görməzdən gəlir.

Necə olur, Zaxarova Yeni ili Azərbaycanda qarşılamaq istəyən Rusiya vətəndaşı Kristina Gevorkyanın halına acıyır, buna görə müttəfiqlik münasibətlərinə zərbə vuran mövqe sərgiləyir, amma Şuşa zindanında işgəncələr altında əzab çəkən GİROV Rusiya vətəndaşının taleyi ilə maraqlanmır? Səbəbi bəllidir? Zaxarova onu təlimatlandıranlara qaşrı çıxamayacaqdı ki...

Bəs, “Jara”ya gələndə “Rusiya və Azərbaycan arasında bütün sahələrdə əlaqələr inkişaf edir” deyirdi, nə oldu, inkişaf dayandı, Mariya?.. Yaxud Bakıda olanda “Bəzən anti-Azərbaycan kampaniyası aparılır və bununla bağlı nəsə etmək lazımdır”-deyirdin. “Nəsə”ni beləmi edərlər?..
Link kopyalandı!
Son xəbərlər