Rəsmi Bakı Fransadan sonra ABŞ-a nota verdi. Görünən budur ki, Azərbaycan təkcə Ermənistanın işğalçılıq siyasətinə qarşı mübarizə aparmır, həm də işğalçı və terrorçu dövləti himayə edənlərin məkrli siyasəti ilə üz-üzə dayanıb.
Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyi münasibətilə Paris Sülh Forumunda Azərbaycan və Türkiyə əleyhinə çıxış etmək şansı qazandı. Təsəvvür edin, Paşinyan Parisə getməzdən öncə Qarabağda, Azərbaycan torpaqlarında (!) “məzuniyyət”ini keçirmişdi. Beynəlxalq hüququ tapdayaraq başqa dövlətin ərazisinə qanunsuz soxulmuşdu. Məntiqlə beləsini elə Paris aeroportuna enən kimi qandallamalıydılar, amma ona yüksək tribuna verdilər ki, Türkiyə və Azərbaycanın əleyhinə döşəsin.
100 il öncə Parisdə keçirilən Sülh Konfransını xatırlamaq yerinə düşər. O zaman Ermənistanın nümayəndə heyəti aylar idi ki, Fransaya yetişib Türkiyə və Azərbaycan əleyhinə təbliğat aparırdılar, amma Ə.Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti uzun müddət İstanbulda viza gözlədi. Azərbaycan torpaqlarında ermənilərə dövlət quran imperialist güclər Xalq Cümhuriyyətinin qurucularının Paris Sülh Konfransında iştirakına imkan vermək istəmirdilər. Əsr dəyişib, münasibət dəyişməyib!
Bir əsr əvvəl Azərbaycan ərazisində Ermənistan quranlar indi torpaqlarımızda ikinci erməni dövlətini yaratmağa çalışırlar. Əks təqdirdə Qarabağ separatçısı, cinayətkar Bako Saakyanın Fransaya dəvət olunmasına, burada onun ianələr toplamasına imkan yaradılmasına başqa ad vermək mümkün deyil. Fransa XİN-in bəyanatı da gözdən pərdə asmağa xidmət edir. Faktiki Azərbaycan ərazisində qanunsuz qurum yaradan cani Fransa ərazisinə səfər edib və onun fəaliyyətinə hər hansı maneə yaradılmayıb. Bundan sonra heç bir bəyanat, Azərbaycanın ərazi bütövlüyünün tanınması nağılı keçərli deyil.
Bu günlərdə Fransa Qarabağ separatçılarına qucaq açan tək həmsədr (!) dövlət deyil. Təəssüf ki, eyni vaxtda ABŞ da Azərbaycana qarşı cəbhə açıb.
1919-cu ilin 28 mayında ABŞ prezidenti Vilson Azərbaycan nümayəndə heyətini qəbul edəndə Topçubaşov xahiş etmişdi ki, ABŞ Xalq Cümhuriyyətini tanısın. Vilsonun cavabı belə olmuşdu ki, sülh konfransı dünyanı kiçik hissələrə parçalamaq niyyətində deyil.
Onda dünyanı parçalamaq niyyətində “olmayan”lar indi 140 minlik Qarabağ ermənisinin “dövlət” yaratmaq iddiasına dəstək verməkdədirlər. Qarabağ separatçılarına viza verilməsi buna xidmət etmirmi? Bu gün separatçıya viza verən sabah onu “dövlət başçısı” kimi də tanıya bilər. Necə olur ki, Cənubi Osetiya, Abxaziya, Dnestryanı, Krım separatçıları ABŞ, ya Fransaya doğru baxmağa belə cəsarət etmirlər, amma Bako Saakyanın səsi ABŞ Konqresindən gəlir? Özü də Qarabağ məsələsini ədalətli həll etmək öhdəliyini götürən həmsədr ölkədən...
Fransanın sabiq prezidenti Sarkozi demişdi ki, Ermənistan Fransanın kiçik bacısıdır. Rusiyada da deyirlər ki, Ermənistan gəzəyən gənc qızdır, əri olsa da özünə gənc sevgili tapıb. Bunları anladıq. Bəs, Qarabağ separatçıları ABŞ-ın, Fransanın və Rusiyanın nəyidir, çox maraqlıdır...
Hər halda bu vəziyyət Azərbaycana nəhayət, konkret qərar verməyə əsas verir. ATƏT-in Minsk Qrupunun həmsədrlərindən imtina etmək, torpaqlarımızın de-yure ilhaqına hesablanmış bu fəaliyyətə qoy qoymaq lazımdır. Reallıq budur ki, həmsədrlər Azərbaycanı işğalla barışdırmaq istəyirlər.
Bu ilin yanvarında Fransa prezidenti Makron Sərkisyanla görüşdən sonra demişdi ki, “Paris həmişə Ermənistanın yanında olacaq”. Sözünün üstündə durdu.
Oktyabrda isə Ermənistan dövlətinin qurulmasının 100 illiyi ilə bağlı tədbirlərə də qatlıldı. 2015-ci ildə saxta “erməni soyqırımı” iddialarının 100 illiyi ilə bağlı İrəvanda keçirilmiş tədbirlərdə iştirak edən prezidentlərindən biri də Fransa lideri Fransua Olland idi.
Fransanın Sent-Etiyen şəhəri ilə işğaldakı Şuşa şəhəri arasında “dostluq haqqında bəyanat” imzalanır, Fransa deyir bu, bizim rəsmi mövqe deyil.
ABŞ-dan böyük bir nümayəndə heyəti Qarabağa gəlir, separatçılara dəstək verir, ABŞ rəsmiləri iddia edir ki, bu, Vaşinqtonun mövqeyini əks etdirmir. Ardınca da Saakyana viza verir. ABŞ, ya Fransa bin Ladenə viza verərdimi? Azərbaycan vətəndaşları bu ölkələrdən viza almaq üçün nə qədər əziyyətlər çəkirlər. Amma Saakyana bütün qapılar açıqdır. Bir əsr öncə də viza məsələsində münasibət eyni idi...