Əslində bu mövzuda yazı yazmağı düşünmürdüm. Açığı mövzu diqqətimi o qədər də çəkməmişdi. Ta ki bu günlərdə qarşılaşdığım bir hadisəyə qədər.
Bakı şəhərindəki ali məktəblərdən biri tərəfindən dəvət olunduğum tədbirə tələsirəm. Mobil telefonum zəng çalır. Tanımadığım bir nömrədir. Ancaq mobil telefon nömrəsi deyil.
Cavab verirəm:
-Salam, Tural Səfərovla danışırıq?
-Bəli, buyurun.
-Cənab prezident sizinlə danışmaq istəyir. Vaxtınız varsa birləşdirim.
Açığı özümü itirirəm. Ancaq tez özümü ələ almağa çalışıram. Öz-özümə sual edirəm: Cənab Prezident mənimlə niyə danışmaq istəyir? Özü də bu belə olmamalıdır axı. Hələ Naxçıvandan mənim idarəçilik təcrübəm var. Rəhbərlə telefon danışıqlarının necə baş tutduğunu az-çox bilirik. Dövlət başçısı ilə telefon danışığı olanda ən azı bir saat qabaq xəbər verilir. Bu nə işdi? Köməkçi “vaxtınız varsa prezident xəttədir” deyir.
-Yox,yox. Mən küçədə yol gedirəm. Belə bir şəraitdə cənab Prezidentlə necə danışım?
-Narahat olmayın, problem yoxdu. Cənab prezidentin dünən saytınızda verilən bir xəbər barədə sizdən öyrənmək istədiyi məlumatlar var.
Artıq tam əminəm. Düşüncəmdə yanılmamışam. Mənə cənab Prezident zəng vurmamışdı və bu, heç ola da bilməzdi. Olsaydı belə, bu cür olmazdı. Bir azdan anlaşılır ki, mənə zəng edən bir şirkətin prezidentidir. Nəysə, bu prezidentlə telefon danışığımız baş tutur. Sonda deyirəm ki, köməkçisinə tapşırsın, bir də kiməsə zəng edəndə qarşı tərəfə xəttə haranın prezidentinin olduğunu bildirsin.
Bu mövzu həmin gündən beynimdə ilişib qalıb. Bir az araşdırma apardım. Gördüm ki, bu ölkədə nə qədər prezident var imiş: AMEA prezidenti, Holdinq prezidenti, şikət prezidenti, federasiya prezidenti və.s və ilaxır. Bu prezidentlərin hamısı hörmətli şəxslərdir. Federasiya prezidentləri hansısa dövlət orqanlarının rəhbərləridir və onlara öz vəzifələrinin adı ilə müraciət edirlər. Ancaq elə orqanlar da var ki, onların rəhbərinin vəzifəsinin adı prezidentdir. Məsələn, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Azərbaycan Milli Elmlər Akademiyası kimi. Bizim üçün çox maraqlıdır. Görəsən, AMEA və ARDŞ prezidentlərinə işçilər, yaxud başqa şəxslər necə müraciət edirlər? Yəqin ki, Rövnəq müəllimə cənab prezident deyə müraciət olunur. Belə də olmalıdır. Çünki onun vəzifəsinin adı prezidentdir. Cənab isə müraciət formasıdır. Başqa nə cür müraciət etsinlər. Ancaq bu olmadı ki. İndi dövlət başçımıza da cənab Prezident deyək, ARDNŞ rəhbərinə də.
Çoxları deyəcək ki, bəs bütün dünyada belədir. Ancaq dünyada başqa nümunələr də var. Məsələn, qardaş Türkiyədə dövlət başçısı cumhurbaşqanıdır. Və bu ölkədə cumhurbaşqanı adlı ikinci bir vəzifə yoxdur. Dünyada belə nümunələr çoxdur.
Fikrimizcə, ölkə başçısının vəzifəsinin rəsmi adına bənzər ölkədə başqa vəzifə olmağı doğru deyildir. Olmazmı ki, bu prezidentlər başqa adlarla əvəz edilsin? Onlar sədr, Baş direktor, rəhbər adları ilə öz vəzifələrini icra edə bilməzlər? Ya da ölkə rəhbərimizə dövlət başçısı deyək və növbəti referendurmlardan birində bu, Konstitusiyamızda öz əksini tapsın. Hesab edirik ki, bu barədə düşünməyə dəyər.