İki gündür ki, Azərbaycan oxucusu bir rəqəmin zibilinə düşüb. Bu “26-lar” kafesi məsələsi medianın gündəmini əməlli-başlı zəbt edib. Rəsmi dövlət adamlarından tutmuş ictimai xadimlərə, tanınmış ziyalılara qədər çox adam buna münasibət bildirib. Bir sıra mətbuat orqanları yazır ki, bu “26” o “26”-dan deyil. Deyək ki, elə o “26”-dandır. Bu məsələni belə ictimailəşdirmək, bundan şou düzəltmək nəyə lazım idi? Həmin kafenin sahibini çağırıb demək olardı ki, get, bu adı dəyişdir, yaxud kafeni bağla. Hüquq-mühafizə orqanları da araşdıracaqdı ki, kafenin sahibinin ermənilərlə əlaqəsi var, ya yox.
Bu ölkənin dərdimi, problemlərimi qurtarıb ki, düşmüşük bir kafe adının dalına? Nədənsə bu məsələ mənə bir az qəribə görünür. Bir neçə gün bundan əvvəl dünyanın bəzi media orqanları qərəzli şəkildə ölkəmizin rəhbəri barədə dezinformasiyalar yaydılar. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov OCCRP adlı qurumun xarici mediada yayılmış materialı ilə bağlı mətbuata açıqlamasında dedi ki, hüquqi, demokratik dövlət olan Azərbaycan Respublikasının sürətli inkişafı, müstəqil daxili və xarici siyasəti bəzi maraqlı dairələri, xüsusilə Ermənistanı və erməni lobbisini ciddi narahat edir. “The Organized Crime and Corruption Reporting Project” (OCCRP) kimi qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış qurumların qərəzli iddialardan və subyektiv mülahizələrdən ibarət materialları məhz bu kimi antiAzərbaycan mərkəzlərin və şəbəkələrin sifarişi əsasında hazırlanır, sonra isə dünya mediasında tirajlanır. Araşdırmalar göstərir ki, OCCRP-nin yaydığı həmin materialın əsas müəlliflərindən biri milliyyətcə ermənidir. Həmçinin “Guardian”da dərc olunmuş məlum məqalənin müəllifləri sırasına Dina Naqapetyan adlı erməni əsilli şəxs daxildir. Bu materialın dünya mediasında geniş yayılmasında da erməni lobbisi, onun təsiri altında olan antiAzərbaycan şəbəkə və media nümayəndələri yaxından iştirak edirlər.
Göründüyü kimi, antiAzərbaycan şəbəkəsi ölkəmizin sağlam imicini zədələmək və onun haqqında mənfi beynəlxalq rəy formalaşdırmaq üçün ermənilərdən məharətlə istifadə edir. Eynilə ötən əsrlərdə olduğu kimi.
Nədənsə həmin qərəzli yazının feyk məlumatlar üzrə ixtisaslaşmış media orqanlarında dərcindən sonra bu “26”-lar məsələsi ortaya çıxdı. Bu doğrudan da mənim üçün sualdır. Nəyə görə xeyli müddətdir ki, fəaliyyət göstərən bu kafenin adı məhz bu günlərdə gündəmə gətirilib? Hamımız bilirik ki, çoxu erməni olan “26 Bakı komissarı” Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlarda iştirak edib. Yəni onlar xalqımızın düşmənləridir. Məsələnin mahiyyətinə dərindən varanda görürük ki, yenə erməni kartı açılıb. Bu çox ciddi məsələdir. Fikrimcə, OCCRP və bu məsələni ictimailəşdirməkdə maraqlı olanlar eyni yerdən idarə olunur. Biz də bu adamların toruna düşərək ölkəmizin imicinə dəyəcək ziyanı düşünmədən ayrı-ayrı şəxslərin açıqlamalarını yayırıq.
Mənim nə bu kafenin sahibini, nə də onu bağlatdıran məmurları müdafiə etmək fikrim yoxdur. Əgər kafe doğrudan da “26 Bakı komissarı”nın “şərəfinə” açılıbsa, onda bu adamların mənsubiyyətini ciddi araşdırmaq lazımdır. Və onlar mütləq cəzalandırılmalıdır. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun həmin kafenin bağlanması “əməliyyatına” şəxsən özü rəhbərlik etməsi isə ayrı bir mövzudur.
Biz bunu geniş şəkildə ictimailəşdirməklə Antiazərbaycan şəbəkəsinə açılmamış kartlar verdik. Doğrudur, onu göstərdik ki, biz milli məsələdə birik və güzəştə getməyəcəyik. Ancaq onu da göstərdik ki, Azərbaycanı istəməyən qüvvələr içimizə soxula bilir, milli heysiyyətimizə toxunan adlarda obyektlər açır və istədiyi vaxt bizim bəzi media orqanlarımızdan istifadə edərək ölkədə çaşqınlıq yaradırlar. Görkəmli Çin filosofu Konfutsi yazırdı ki, bəzi hallarda susmaq insanı ələ verməyən sadiq bir yoldaşdır. Yeri gəlmişkən onu da qeyd edim ki, bu məsələdə canfəşanlıq edən bəzi adamların ölkəmizə qarşı təxribat hazırlayan OCCRP-nin məlumatı yayılarkən mövqeyini, açıqlamasını görmədik. Məncə yetər. Yazdıq, Hacıbala müəllim də kafeni bağladı. Bəlkə gündəmi dəyişək? Axı bizim xeyli dərdimiz-sərimiz var. Yazılmalı mövzular çoxdur.