Yazar
Tural Səfərov
Bütün yazılar
kse
5598
07 Aug 2017 | 00:15

Niyə bizim bəzi məmurlar övladlarına, nəvələrinə düzgün yol göstərə bilmir?

“Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə?! Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin etmişəm vəzifəyə, mən də çıxaracağam lazım bildikdə. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq edir, nadanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaqdır. Bunu hamı bilsin! Şəhər küçələrini yarış meydanına çevirənlər də bilsinlər! Hamısı həbs ediləcək! Vəssalam! Daxili işlər naziri gündə mənə məlumat verəcəkdir. Avtoxuliqan, özünü apara bilməyən, ictimai asayişi pozan, qanunlara əməl etməyən, adət-ənənələrimizi yerə vuran hər bir kəs cəzalandırılacaqdır. Onu hamı bilsin!

Mən hesab edirdim ki, bu barədə bir neçə dəfə dediyim sözlər hamıya çatdı. Amma görürəm ki, sonra unudulur. Bu, son xəbərdarlıqdır. Cəmiyyətdə normal davranış qaydaları var, olmalıdır. Bizi millət kimi saxlayan bizim ənənələrimizdir, adətimizdir, davranış qaydalarıdır. İndi bunu pozmaq istəyənlər öz cəzasını alacaqlar”.
  
Preziden İlham Əliyev bu sözləri 2013-cü ildə keçirilən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda demişdi. Dövlət başçısı müxtəlif vaxtlarda bir neçə dəfə buna bənzər fikirlər səsləndirib. Ölkə rəhbərinin tələbi qətidir: 
Məmurlar xalqa xidmət etməli, onların övladları cəmiyyətdə nümunə olmalıdırlar. Prezident bunu təkcə sözdə demir, həm də nümunə göstərir. Məgər bu ölkənin rəhbərinin övladının keçirdiyi sadə həyat tərzi, təhsil aldığı ali məktəbdə öz tələbə yoldaşlarından seçilməməsi nümunə deyilmi? Əgər avtoşluq yaxşı əməldirsə onda gərək Bakı şəhərinin Heydər Əliyev prospektində birinci Heydər Əliyev avtomobil sürə. Bizim üçün nümunə Prezident İlham Əliyevdir. Əgər bizim hamımız onun göstərdiyi yolla getsək, onda cəmiyyətimiz daha sürətlə inkişaf edər, nə şütüdüyümüz yollarda, nə həyatımızda bədbəxtliklə nəticələnən qəza baş verməz...   

Ancaq təəssüf ki, biz tez-tez məmur övladlarının özbaşınalığının, şəhərin küçələrində avtoşluq etməsinin şahidi oluruq. Bu hərəkətlər isə həm məmurlara, həm də onların övladlarına baha başa gəlir. Elə bu yaxınlarda  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini Novruzəli Orucovun oğlu xuliqanlıq etdiyinə görə onun atası tutduğu vəzifədən azad olunub. Göründüyü kimi Prezident  bu məsələdə barışmaz mövqedə dayanıb və ciddi tədbirlər görür. Son günlər bu qəbildən daha bir hadisə baş verdi. Hadisədən dərhal sonra Daxili İşlər Nazirliyi avtoqəza baiskarı olan sürücünün məsuliyyətə cəlb olunacağını açıqladı. Bu fakt  bir daha onu göstərdi ki, Azərbaycanda toxunulmaz adam yoxdur, ölkəmizin qanunlarına əməl etməyənlər kimliyindən asılı olmayaraq cəzalandırılır.
  
Bəs niyə belə olur?  Niyə bizim bəzi məmurlar, iş adamları övladlarına, nəvələrinə düzgün yol göstərə bilmir?  Axı biz bu gül kimi uşaqlara bahalı avtomobillər alaraq onları bədbəxt edirik. Bildiyimə görə sahibkarların, məmurların övladlarının əksəriyyəti yaxşı təhsil alıblar. Onlar düzgün istiqamətləndirilsə ölkəmizin iqtisadiyyatının, elmin, təhsilin və digər sahələrin inkişafına öz töhfələrini verə bilərlər, Azərbaycanı xaricdə layiqincə təmsil edərlər. Bu gənclərin heç bir günahı yoxdur. Təqsir onlara düzgün yol göstərməyən valideynlərindir.
   
Mənim üçün maraqlı idi ki, görəsən başqa ölkələrdə məmur övladları özlərini necə aparır, nə işlə məşğul olurlar?
   
Bununla bağlı çoxlu misallar çəkmək olar. Ancaq oxucuları çox yormadan bir neçə misal çəkməklə kifayətlənəcəyik. Ursula fon der Lyayen Almaniyanın müdafiə naziridir. Onun 7 övladı var. Nazirin övladları dövlət məktəblərində təhsil alıb. Müdafiə nazirinin övladları barədə Almaniya mətbuatından məlumat tapmaq müşkül məsələdir. Çünki orada bizdəki kimi bahalı avtomobillərlə avtoşluq etmək yoxdur ki, gündəmə gələsən. Nazir çıxışlarının birində deyib ki, övladlarıma verdiyim ən böyük sərvət dürüstlükdür.
  
Bəkir Bozdağ Türkiyə baş nazirinin müavinidir. Onun oğlu Alpərən Bozdağ vəkildir. Türkiyə mətbuatının yazdığına görə oğul Bozdağ ölkəsində hüquları pozulmuş insanların hüququnu müdafiə edir. Bir sözlə, öz fəaliyyəti ilə Türkiyə dövlətinə fayda verir. Belə misalların sayını daha da artıra bilərik.
  
Bəs bizim məmurların övladları nə edir?  Onlar Bakı şəhərinin mərkəzi küçələrində avtoşluq edərək insanların həyatına təhlükə yaradır. Əvvəldə də qeyd etdiyim kimi günah bahalı maşınları alıb övladlarına verən valideynlərdədir. Bir Şərq atalar misalında deyilir ki, uşağın günahlarına ata və ana cavabdehdir. Görkəmli siyasət xadimi Alvan Tufts Fuller isə deyirdi ki, kim öz oğluna faydalı heç nə öyrətmirsə, hesab elə ki, evində oğru bəsləyir.
  
Kaş biz mətbuatdan hansısa məmurun, iş adamının övladının xuliqanlıq, avtoşluq etdiyini deyil, beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edərək ölkəmizin düşmənlərinə layiqli cavab verdiyini öyrənərdik. O zaman sevinərdik, qürur duyardıq, onun atasının tutduğu vəzifəni haqq etdiyini deyərdik. Hələ eşitməmişik ki, hansısa məmur övladı atasının ona aldığı avtomobili satıb onun pulunu Azərbaycan həqiqətlərinin dünyada təbliğinə sərf edə. Deməli, bu gənclər vətənpərvər yetişdirilmir. Bu isə cəmiyyətimizi uçuruma aparır.


Link kopyalandı!
Son xəbərlər