Yazar
Mehriban Zeynalova
Bütün yazılar
kse
2938
19 Oct 2016 | 20:33

O igidi gözləyirəm....

Balakən Rayon Mərkəzi Xəstəxanasının morquna kəndlərdən birinin sakini, 1964-cü il təvəllüdlü Kainat Zeynəddin qızı Çobanovanın bədəninin müxtəlif nahiyələrinə döyülərək xəsarətlər yetirilmiş cəsədi daxil olub.
Gövhərli kəndində 1988-ci il təvəllüdlü Nəsirov Ağabba Albaba oğlun həyat yoldaşı 1999-cu il təvəllüdlü Abdulxalıqova Aygün Altay qızını qısqanclıq zəminində öldürdüyünü bildirib. 
Muxtarova Lalə Arif qızı həyat yoldaşı tərəfindən dəmir parçası ilə döyülərək öldürülüb. Lalənin nənəsinə isə ağır bədən xəsarətləri yetirib. Ağdam rayonundan məcburi köçkün olan Lalə Muxtarova özündən yaşca böyük olan əmisi oğluna ərə gedibmiş. Bu nikahdan 40 günlük körpələri qalıb. 
Televiziyada İmişli rayonunun Cavadxanlı kənd sakini Valeh Məmmədovun qızlarını 8 il tövlədə zəncirləyərək saxlaması barədə süjet yayımlanıb. Bildirilib ki, qızlardan biri soyuqdan xəstələnərək vəfat edib, digərinin isə ayaqları tutulub.
Bu hadisələr bir ay ərzində baş verib. İl ərzində eyni tərzdə, eyni qəddarlıqla nə qədər qadın öz evində öldürlür. Bu hadisələr cinayət xronikasında statistikaya çevrilir. Cəmiyyətdə isə...
Cəmiyyətdə isə müxtəlif təsirləri ilə gündəmimizə daxil olur. Kimi kişiləri müdafiə edib, qəddarlıqla dünyasını məcburi dəyişmiş qadınlara yeni bir damğa vurur... kimisə susur. Bəzi qadınlar isə kişilərdən geri qalmayıb, özlərinin aydan arı, sudan duru olduqlarını sübut etmək üçün həmcinslərinə vurmağa kişilərdən betər yeni damğalar uydurur. Hər uydurulan damğa isə bumeranq kimi... yenidən qadınların öz üzərinə qayıdır. Beləcə cəmiyyət, qadın-kişi bərabərliyi anlamını qadınların əli ilə kişiləşdirir.
Amma kişiləşən cəmiyyətdə anaları öldürlümüş uşaqlar qalır. O uşaqlar ki, içində bir qisas hissi ömürlük həkk olunur. O uşaqlar ki, “anan əxlaqsız idi deyə öldürdük” hikkəsi ilə hər gün qınaq altında yaşayır. Öldürülmüş “əxlaqsız” qadının saf uşaqları, cəmiyyətin bu qınağı altında öz qisasını alacaq günü gözləyə-gözləyə böyüyür.
Kişiləşmiş cəmiyyət təhsildən yayındırılaraq məcburi ərə verilən körpə gəlinlər ordusu yaradır. Bu cəmiyyət qız uşağını az qalır bələkdən ərə versin ki, namus-qeyrəti qoruyub saxlasın. O körpələr elə gözünü açmamış atılır ”“ ata evindən, sonra isə ər evindən... küçələrdə sahibsiz gəlin körpələr qucağındakı  körpələrlə özünə dayaq axtarır. Peşəsi, təcübəsi, həyat biliyi olmayan körpəli körpələrə “sahib” çıxanlar isə kişiləşmiş cəmiyyətin namus keşiyində “namusla” dayananları həmin körpələrin taleyini evdə öldürülən qadınlardan fərqləndirməyib... küçələrdə “öldürür”.  Körpə anaların körpə balaları qarşısında analarına göstərilən “xidməti” unutmayan bir yığın digər uşaqlar da sabah alacaqları qisas gününü gözləyir. 
Ana bətnində öldürülən qızlar da bu namuslu münasibətin nəticəsidir. Yaxşı ki, onların qisas gününü gözləyən körpələri olmayacaq....
Mən yazdıqlarım gələcəkdə yaşayacağımız faciələrin yüzdə bir misqalıdır... qalanını Siz düşünün. Bu günkü qurbanların övladlarının qurbanı olacağınıza əmin olaraq düşünün... 
Düşünün ki, qadınlar Allahın bizə verdiyi əmanətdir. Əmanətə xəyanətin cəzası isə ağır olur. Ataların yaxşı misalı var, “bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar”. O igidi gözləyirəm....


Link kopyalandı!
Son xəbərlər