Artistliyi də gərək bacarasan. Çünki bu, sənə çox qapılar açmağa kömək edə bilər. O qapılar ki, onların arxasında çox qəribə hadisələr, oyunlar, haqsızlıqlar, ədalətsizliklər baş verəcək. Çox insanın könlünü almaq üçün qılığına girə bilərsən, baxmayaraq ki, o kimsə, səni alçaldır, şəxsiyyətini tapdalayır, oyununa alət edir, sonra da «xoş gəldin» deyir. Şəxsən özüm şahidi olduğum tədbirdə bir insanın xoşuna gəlmək üçün, üzvlük almaq üçün, qızlar, oğlanlar özlərini gülünc vəziyyətə salmışdılar, dəridən-qabıqdan çıxıb, bambılılıq edib, orda şou yaratmışdılar, çox ürək bulandırıcı və gülünc mənzərə idi. Artistlik edib bir çox qurumlara, birlik və ocaqlara da üzv ola bilərsən. Hətta pafosla şeir, rübai, lap esse də söyləyib ucuz şou nümayiş etdirməklə imic də qazana bilərsən. Ancaq bu o demək deyil ki, sən ağıllısan, savadın qıcqırıb daşır.
Sadəcə, bu, Yaradan tərəfindən «bəxş edilən» bir «vergidir» və bundan bəzi “istedadlı” məxluqlar «yararlanır». Belə desək, insanlar öz sifətlərini itirirərək, olurlar “podoş”. Vallah, belələri ilə üzləşəndə dəhşətə gəlirsən. Axı nə qədər bu sifətsizliyə aludə olmaq olar? Hətta pərdəarxası da taxdıqları maskadan ayrıla bilmirlər. Məni qınamayın, hərdən düşünürəm ki, bəlkə mən də artistlik etməyə başlayım? Bilirəm ki, məndə alınacaq. Çünki orta məktəbdə tamaşalar təşkil ediləndə özümü sınamışam, bir də ki, Gənc Tamaşaçılar Teatrında tamaşalar təşkil olunanda çox məharətlə öz rolumun öhdəsindən gəlmişəm. Amma heç vaxt səhnədən kənarda, həyatda artistlik etmək fikirinə düşməmişəm. Nədən ki, insan maddi maraq üzündən həyatda rol oynamamalı, maskalanıb təlxəklik etməməlidir. Bu hərəkət adi bir mükafata da görə dəyməz. Tutaq ki, mən də rola girib kiminsə yanında artistlik etdim, “istedadlı” kimi bir mükafat da aldım, hansısa birliyə üzv oldum, kiminsə sevimli «protejesi» və sözün əsl mənasında əzizi oldum. Bəs sonra, sonra nə olacaq?! Axı əmin deyiləm ki, bu, davamlı olacaq. Çünki heç nə əbədi deyil. Əslində, artistlik bəzi insanlar üçün «ən şirin» yalandı. Həm «gözə yaxşı görünürsən», həm də saman altdan su yeridirsən. Doğrudanmı hansısa məqsədinə çatmaq üçün mütləq təlxək olub hoppanıb-düşməlisən, artistlik məharətini göstərməlisən? Artist olub neyləyəcəksən? Hansısa tədbirdə, görüşdə, yaxud kiminsə yanında hoppanıb-düşməklə, təlxəklik, oyunbazlıq etməklə nəyə nail olacaqsan?! Bu oyunbazlığınla özünün artistlikdən bilmərrə bixəbər bir bambılı olduğunu sübut edəcəksən.
Hə, deyəsən, lap unutdum, əlbəttə ki, fəxri ad, mükafat əldə edəcəksən. Heç vecinə də deyilmi ki, başqalarının qarşısında alçalırsan?! Başqalarının ürəyi bulanır,ürəyi sıxılır səni və sənin kimilərini görəndə. Sən istəyirsən özünü istedadlı, savadlı və ağıllı göstərəsən, amma bu səndə alınmır, çünki bu istedad səndə yoxdur, onu təlxəklik, artistlik əvəz edir. Halbuki bu ödülləri təlxəklik etməklə yox, gerçək peşəkarlıq sərgiləməyə görə almaq lazımdır. Bu keyfiyyətlər isə təbii ki, sənin kimlər üçün əlçatmazdır. Odur ki, siz gedin artistliyinizi, təlxəkliyinizi edin, hansısa Birliyə Üzv olub, kiminsə əziz və sevimlisi olun, bundan artığına da ümid etməyin. Camaatı da güldürüb ətini tökməyin,onsuzda,hər gün o qədər ətimiz tökülür ki, gəl görəsən. Amma hərdən bilik və savada da nəzər yetirib ona şeir kimi “mükəmməl” yiyələnin.”¦
Leyla Namazova