Yazar
Leyla Namazova
Bütün yazılar
kse
4122
10 Jan 2016 | 20:58

Ədəbiyyat tarixinə adları qızıl hərflərlə yazılmış ədiblərə toxunmaq olmaz!

Yanvar ayının 9 gününü pis xəbərlə açdım. Feysbuka girər - girməz gözüm dostlarımın paylaşdıqları statuslara sataşdı, hamısı kədər içində “Allah rəhmət eləsin!” yazırdı. Sən demə bunlar böyük şairimiz Zəlimxan Yaquba rəhmət diləyirmişlər. İnanmadım. Tez saytalara girdim, məlumatı dəqiqləşdirmək istədim. Xəbər doğru idi. Bəli, xəbər tutdum ki, Zəlimxan Yaqub dünyasını dəyişib. Kədər içində idim. Gözlərim dolmuşdu. Çünki ona hörmətim böyük idi. Onun bulaq kimi çağlayan poeziyasına, duzlu-məzəli söhbətlərinə heyran idim. O, sözün əsl mənasında xəzinə idi. Eyni zamanda o həmin xəzinəni bal kimi şirin, ana laylası kimi həzin dili ilə pərəstişkarlarına paylamaqdan zövq alardı. Biz ailəlikcə onu sevib hörmət edirdik. Hər dəfə onunla bağlı verilişlər olanda anamla oturub diqqətlə baxırdıq. Onun danışığını sevirdim, çünki onun danışığında, sözlərində məna var idi. O, sinədəftər idi. Yorulmurdu, əksinə, həyat eşqi ilə alışıb-yanırdı. Hətta deyirdi ki, mən 100 yaşıma kimi yaşayacam. Bu namərd dünyadan getmək istəmirdi. Həyat sevgisi ilə dolu insan idi. 

Keçən il fevral ayında onunla “Kitabevim”də görüş keçirilmişdi. Mənim çoxdankı arzum onunla nə vaxtsa görüşmək, onunla şəkil çəkdirib, öz əli ilə imzasını almaq idi. Həmin o görüşə sevinə-sevinə getdim də. Düzdür, Zəlimxan həmin Zəlimxan deyildi, xəstə idi, güclə tərpənirdi, gözləri yorğun idi, hətta halsız idi, amma hamı ilə elə mehriban və səmimi danışıb, ünsiyyət qurmuşdu ki, gəl görəsən. Belə durumda da insanlara, oxucularına və onu sevənlərə yaxın idi, sevinə- sevinə şeirlərindən əzbər də deyirdi. Bəlkə də hiss etmişdi ki, bu artıq son görüşdü. 
Ona yaxınlaşıb şəkil çəkdirəndə, kitabımı imzalatdıranda düzü, inanmadım ki, mən bu böyük şəxsiyyətin yanında dayanmışam, mənim üçün bu böyük şərəf oldu, o qədər sevinmişdim ki... O, mənim ən çox sevdiyim, sözün əsl mənasında, böyük şair, şeirlərini sevə-sevə oxuduğum Zəlimxan Yaqub idi. Telefonumun yaddaşında onunla şəkillərim qalıb, bayaq onları tapıb baxdım və ağladım, yeganə şəkilim idi onunla. Yaşasaydı yenə görüşlərinə gedəcəkdim, amma nə yazıq ki, yaşamadı. Yaşamaq həvəsinə baxmayaraq istəmədən bu dünyaya həmişəlik əlvida dedi. Belə dəyərli söz adamlarını itirə-itirə gedirik. Əvəzində isə heç kimə lazım olmayan, amma özlərini böyük, dahi yazar, şair sayan, əslində maraqsız, məntiqsiz, hətta deyərdim ki, əxlaqsız, səviyyəsiz köşə yazılarını, hekayə, şeir, povest və romanlarını cəmiyyətə sırıyan "yazıçı" “şairlərin” tıxacına düşürük. Onlar özlərindən savayı heç kimi bəyənməyən “yazarlar”dı. Nisbətən yaşlı, ədəbiyyatda öz sözünü demiş hörmətli yazıçılara söz atıb, tənqid etmək, həmkarlarına lağ edib, bəyənməmək - bax budur onların səviyyəsi, işi, peşəsi. Zəlimxan kimi  şairlər artıq barmaqla sayılası qədərdir. Çox az qalıb”¦ Allah sənə rəhmət eləsin, ustad!  Böyük və əvəzolunmaz yazıçıları, şairləri, daim anır, əsərlərini sevə sevə oxuyuruq. Özləri cismən aramızda olmasa da, əsərləri ilə yaşayır, sevilir, oxunur”¦ 

Bəli, Zəlimxan Yaqub vəfat etdi. Hər bir məşhur ölümündən sonra bir xatirə, iz qoyur. Zəlimxan isə özündən sonra xatirə deyil, çox böyük bir xəzinə, qoyub getdi. Məhz xəzinə. “Bu yaşıl ağacın altı bizimdi”, “Əzrayilin qılıncı”, “Peyğəmbər” dastanı, “Ümidlər qırılanda”, “Mənəm” “Qürbət” və digər maraqlı, təkrarolunmaz şeirlər Zəlimxan yaradıcılığının zirvəsidir. Belə şairlərin şeirlərini oxumaqdan doymursan, yorulmursan. O, ölməyib, sadəcə, dünyasını dəyişib...

Qeyd etdiyim kimi, əsl yazarlar özlərindən sonra böyük bir xəzinə qoyub gedirlər. Bəs özlərini dahi, böyük hesab edən “yazıçılar” nə qoyub gedəcək? Bəlkə səviyyəsiz, əxlaqsız “romanlarını”, yoxsa heç kimə aydın olmayan soyuq, quru şeirlərini? Məni yandıran odur ki, ədəbiyyata ziyan gətirəcək belələri axı niyə mövcuddur?!  Axı bu cür əxlaqsız şeir, nəsr əsərləri ilə ədəbiyyatda qalmırlar. Əvvəlcə sən də böyük yazıçılarımız kimi yaz, ən azından hörmət qazan, özünü sevdir, ədəbiyyatda iz qoy, sonra belə göylə get. Əxlaqsız küçə adamından ömür boyu böyük yazıçı çıxmaz. Böyük ədiblərə dil uzatmaqdansa öz yaradıcılığınızla məşğul olun. Özünə reklam qazanmaq istəyirsənsə başqa vasitə seç. Böyük sözünü demiş ədiblərə əl dəyməyin. Çünki buna nə sizin nə də bizim ixtiyarımız çatmır. Çünki ədəbiyyat tarixinə adları qızıl hərflərlə yazılmış ədiblərə toxunmaq olmaz. Çünki onlara çatmaq üçün hələ çox var. 
Dünən və bu gün Zəlimxan haqqında Feysbukda hamı yazdı, hamı pozdu- biri rəhmət dilədi ona, biri qınadı. Biri ona böyük şair dedi, digəri yaltaq, saray şairi. Bəziləri isə onu heç şair kimi də qəbul etmədiyini dilə gətirdi. Amma sağlığında şair özü etiraf etmişdi ki, ona yaltaq deyənlərin çoxusu özləri ona yaltaqlanırlar. Zəlimxan Yaqub yaltaq deyildi, yaltaq sizsiniz ki, bilinmir hansı məzhəbə quluq edirsiz, bilinmir kimsiz, nəçisiz.  Bakı küləyi kimi gah bu yana, gah o yana əsirsiz. Üzünüzə tüpürüb hansısa qurumdan qovurlar, sonra yenidən ora yalvara-yalvara, dombalaq aşaraq, əyilib qayıdırsız. Yaltaq idi? Bəs siz kimsiniz? Arağa qulluq edən şəxslər nə vaxtdan söz sahibi oldular? Yaltaq idi? Bəs siz hansı sabundan istifadə edirsiniz? 
Zəlimxan şair deyildi, düz deyirsən, yaltaq idi, tamam, rahat ol, dincəl! Təki danışma, çərənləmə. Onsuzda sizə ancaq danışmaq qalacaq. Amma ölüdən əl çəkin, qoyun sakit uyusun. 
Zəlimxan Yaqub böyük bir məktəb qoyub getdi. O məktəb ki, siz istəsəniz də ömrünüzdə yarada bilməzsiniz, o məktəb ki, onun mahiyyətini və qiymətini heç vaxt anlamazsınsız. Çünki onun kimi insan bir daha bu dünyaya gəlməyəcək. O, başqa aləm idi. 
Böyüklüyünü heç vaxt itirməyən ustad şairimiz, böyük insan Zəlimxan Yaqub, Allah sənə rəhmət eləsin!

Link kopyalandı!
Son xəbərlər