Yazar
Kamil Həmidov
Bütün yazılar
kse
2902
18 Dec 2015 | 23:13

Fidel Kastro ilə tez-tez şəkil, rəsm çəkdirərdik...

2001-ci ilin yayıydı... "525"-də müəllifi olduğum "Sabiqlər" rubrikasının da növbəti qonağı, müsahibi çox məşhur və çox görkəmli dövlət xadimi ( belə demək mümkünsə, Sumqayıtı, həmçinin, Mingəçeviri yaradanlardan, quranlardan birincilərdən olub) mərhum Kamran Hüseynov idi ( Ailə, Qadın və Uşaq Problemlərinin həlli Üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın atası)...Onunla "Azneft"in (SOCAR) yaxınlığında yerləşən mənzilində görüşdük...Qeyd edim ki, qapı bir xeyli gec açıldı...Sən demə bir neçə gün öncə yıxıldığı üçün ayağı sınıbmış, amma bununla belə, qapının gəlib özü açdı və məni mehribançılıqla, neçə illərin tanışıymışıq kimi içəri dəvət etdi... Evdə də tək yaşayırdı...Həyat yoldaşı dünyasını dəyişmiş, övladları isə hər gün gəlib ona baş çəksələr də, özlərinə məxsus evdə yaşayırdılar...Qabağıma da gətirib bir boşqab yuyulmuş gilas qoydu, dedi ki, bunun hamısını ye, sonra müsahibə götürərsən...
Kamran Hüseynov haqda da hələ uşaqlıqdan eşitmişdim, özü də çox yaxşı sözlər...İlk dəfə isə onu əyani şəkildə 1992-ci ildə (səhv etmirəmsə, aprel ayında),  o zaman Naxçıvan MR Ali Məclisinin sədri işləyən mərhum Heydər Əliyevlə bağlı ortaya atılmış yaş senzinin aradan qaldırılması məqsədilə keçmiş Ali Sovetin-indiki Milli Məclisin qarşısında rəhmətlik Sirus Təbrizlinin aparıcılığı ilə keçirilən mini-mitinqdə görmüşdüm ( açığını deyim ki, həmin aksiyada indiki tanınmış, nüfuzlu, titullu, vəzifəli  YAP-çıların, "iqtidarpərəstlər"in bir çoxundan əsər-əlamət belə yoxuydu), hətta, orada bir neçə dəqiqləik də çıxış etmiş, Heydər Əliyevin təcrübəsinə və yenidən hakimiyyətə qayıdışına böyük ehtiyac olduğunu demişdi...
Bu dəfə - 9 il sonra  isə onu lap yaxından görümək, onu daha yaxından tanımaq və kəşf etmək imkanı qazanmışdım...Yaşının xeyli olmasına-90-ı haqlamasına da baxmayaraq, çox şux, çox optimist, çox hafizəli, çox məlumatlı, çox yaddaşlı, çox dünyagörüşlü və çox savadlı bir insan idi...Əsl müdrik ağsaqqal və ağayana Kişi idi...60-70 il öncə olanları də dəqiqəsinəcən, saniyəsinəcən, nöqtə-vergülünəcən birbəbir xatırlayırdı...Mircəfər Bağırovla, İmam Mustafayevlə, Vəli Axundovla, Heydər Əliyevlə, uzun illər dostluq etdiyi Fidel Kastro ilə bağlı da  çox maraqlı xatirələr, iştirakçısı olduğu hadisələrdən danışırdı ( məsələn, Böyük Vətən Müharibəsi zamanı əsir götürülmüş almanların vəziyyəti ilə bağlı 40-cı illərin sonlarında böyük skandalının yarandığını və Mircəfər Bağırovun da bu məsələnin "şişməsi" ilə bağlı az qala yeri-göyü lərzəyə gətirdiyini demişdi)...
O yaşda olmasına baxmayaraq, həm də çox demokratik düşüncəli insan idi...Deyirdi ki, Heydər Əliyevə, İlham Əliyevə böyük hörmətim və dərin inamım var, amma bununla belə, ölkənin inkişafı və mənafeyi naminə perspektivli, bilikli gənclərdən, hətta, müxalifətçilərdən də istifadə etmək, onları irəli çəkmək lazımdır...Onunla olan görüşümü və söhbətimi indiyənəcən də unutmuram...Çox maraqlı görüş və çox maraqlı müsahib idi, müsahibəsi də əlanın əlası alınmışdı...Qəbri nurla dolsun!
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər