Bizi sosial şəbəkələrdən izləyin:
Təxminən 10-12 il öncə olardı...Tanınmış, abırlı şairlərdən-filoloqlardan biri (indi Haqq dünyasındadır) "525"-in redaksiyasına gəlmişdi... Oğlu da bir hadisəyə görə haqsız yerə həbs olunmuşdu...Ona redaksiyadakılar ürək-dirək verməyə çalışanda dedi ki, "hər şey üçün çox sağ olun, amma oğluma görə o qədər də narahat deyiləm, kişinin başına hər iş gələ bilər, əsas odur ki, kişiliyini itirməsin..."
Sonra söhbət hərləndi-fırlandı könhə kişilərin, yazıçıların üstünə gəldi...Həmin şair də təxminən 20-25 il öncə üzləşdiyi maraqlı bir hadisəni danışdı...Danışdı ki, bir gün bir məsələ ilə bağlı xalq yazıçısı, rəhmətlik Mirzə İbrahimov yanına- Yazıçılar Birliyinə (İttifaqına) - Mirzə müəllim də o vaxt ya sədr və ya da birinci katib imiş - gedibmiş...
"İçəri keçdim, elə yenicə sol tərəfdəki stullardan birində əyləşmişdi ki, Mirzə müəllim dərhal uca səslə etiraz etdi...Niyə orda oturmusan, keç sağ tərəfdəki stullardan birində otur...Çaş-baş qalmışdım...Mirzə müəllim də çaşqınlığımı görüb dedi : sənə bilirsən ki, böyük hörmətim var, ona görə istəyirəm qənşərimdəki sağ stulda oturasan, çünki sağ tərəfdə hörmətim, Kişiliyi olan insanları əyləşdirirəm, kimlərdən də ki xoşum gəlmir, şərəfsizdir, yaltaqdır, işverəndir, onları qənşərimdəki sol stulda əyləşdirirəm, sağlar Kişilərin, sollar o-larındır...Ona görə istəmirəm ki, sol stulda əyləşəsən..."
Bunu deyib hər ikimiz də ürəkdən güldük, sonra xeyli dərdləşdik və deyəcəyim məsələni də deyib, həllinə də nail olub Mirzə müəllimin yanından çıxdım...
Allah hər ikisinə də rəhmət etsin. Amin!