Yazar
Sultan Laçın
Yazarlar
elmvetehsil
5864
25 Aug 2024 | 10:11

“Ali məktəblərə qəbuldakı bu rekord məktəb tədrisi hesabına qazanılıb, cənab nazir?...”

“...Cənab elm və təhsil naziri qəbuldakı rekord rəqəmlərdən, yüksək bal toplayan abituriyentlərdən danışarkən ilk növbədə onların təhsili üçün minlərlə, bəlkə on minlərlə manat xərcləmiş valideynlərinə və həmin orta məktəb şagirdlərinə hazırlıq  keçmiş repetitor müəllimlərə, həmçinin kurs rəhbərlərinə təşəkkür etməli idi…
 
“Hörmətli Emin müəllim, əgər Azərbaycanda müəllimlərin və nəticədə məktəbin nüfuzunun bir az yüksəldilməsinə nail olmaq istəyirsinizsə, bir həftə sonra baş tutacaq növbədənkənar parlament seçkilərində hansısa “ağır çəkili” namizədlərin özlərinin və ya yuxarılardakı “dayı”larının təzyiqi ilə bəzi yerli qurumların məktəb direktorlarından və müəllimlərdən seçki prosesində alət kimi istifadə etməsinə, onların məntəqə-məntəqə gəzdirilib “karusel”lərdə alçaldılmasına imkan verməyin…”
 
"2024–2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul müsabiqəsinin 1-ci turunun nəticələrinə əsasən, rekord sayda – 55 656 nəfər tələbə adını qazanıb. Sevindirici haldır ki, ilk dəfə qəbul aparılan Qarabağ Universiteti və Türkiyə–Azərbaycan Universitetinin nəzərdə tutulan qəbul planı, demək olar ki, tam dolub və hər iki universitetdə təhsil alacaq şəxslərin böyük əksəriyyəti yüksək bal toplayan gənclərdir.
Uğur qazanan hər bir gəncimizi ürəkdən təbrik edirəm". 
 
Yəqin, dəyərli oxucularımızın çoxuna da o gündən bəllidir ki, bu sözləri  elm və təhsil naziri Emin Əmrullayev deyib.
 
Bu xəbəri görəndə, qeyri-iradi bəndənizin dodağı qaçdı. Nədən ki, hörmətli cənab elm və təhsil naziri ali məktəblərə qəbuldakı rəqəmi elə təqdim edir ki, sanki bu, bütövlükdə ölkədəki məktəb təhsilinin, tədrisinin uğurudur. Axı hamı yaxşı bilir ki, nadir istisnalarla 1990-cı illərin ortalarından bəri Azərbaycanda məktəb təhsili, xüsusən yuxarı siniflərdəki tədris sözün əsil mənasında yarımcan olub. Bəzi məktəblərdə isə ümumiyyətlə keçinib. Və şagirdləri ali məktəblərə qəbul üçün hazırlayanlar faktiki olaraq repetitor müəllimlər, yəni məktəbdənkənar fərdi və ya qrup halında hazırlıq keçən müəllimlər, həmçinin son iki onillikdə sayları məktəblərin sayını bəlkə də çoxdan ötmüş abituriyent hazırlığı kursları olub. Nəticədə ölkədə təhsil rəsmən pulsuz olduğu halda valideynlər ailə büdcələrindən kəsib, xeylisi bir qarın ac, bir qarın tox yaşamaqla övladlarının hazırlığı üçün minlərlə manat para ödəyib. Və bu proses ildən-ilə güclənib, miqyası genişlənib. Deyək ki, 1990-cı illərdə uşaqlarımız əsasən 10-11-ci sinflərdə hazırlığa gedirdisə, 2000-ci illərin əvvələrindən bu ənənə 9-8-ci, 2000-ci illərin ortalarından 7-6-5-ci, son onillikdə isə artıq ibtidai sinifləri də əhatə edib. Yəni bu gün xeyli valideyn övladlarını nəinki 1-ci sinifdən, 5 yaşından repetitor yanına qoyur… Hamı yaxşı bilir ki, əksər məktəblərdə təsadüfən, xəbər vermədən baş çəksək, xüsusən yuxarı siniflərin şagirdlərinin ən azı yarısının siniflərdə olmadığını, yəni hazırlığa getməsinin şahidi olarıq. Hələ məktəb direktorlarının həmin şagirdlərin valideynlərini necə “cəzalandırması”ndan danışmıram…
 
Və təsvir etdiyimiz və hələ bir sıra məqamlarını vaxt məhdudluğundan sadalaya bilmədiyimiz bütün bu proses nəticəsində məmləkətdəki ümumi orta və tam orta məktəblərin, o cümlədən dövlətin milyonlarla xərc çəkərək gözəl, yaraşıqlı, rahat binalarla təmin edilənlərin çoxu faktiki olaraq yalnız təhsil haqqında şəhadətnamə və ya attestat verilməsi funksiyasını daşıyan rəsmi idarələrə çevrilib. Fəqət, bununla belə, binəva valideynlər repetitorlarla yanaşı,  məktəb təhsilinə də, məktəbdə balalarına dərs keçən müəllimlərə də, həmçinin məktəbin təmizliyinə, təmirinə və s. də xeyli maya qoymalı olublar. Hamıya yaxşı məlumdur: məktəbdən verilməyən, tapılmayan(?) dərslik kitabları, çoxu lüzumsuz olan, hansısa müəllif, naşir və nəşriyyatların qazanmasına xidmət edən əlavə dərs vəsaitlərinə və s. xərclənən pullar, “məktəb fondu”, “süpürgə pulu”, “təbaşir pulu”, “marker pulu”, “odun pulu”,  Müəllimlər Günü, 8 Mart, şəhadətnamə “şirinliyi”, attestat “şirinliyi” və s. və i.a.  
 
Bütün bu reallıq ortalıqda olandan sonra cənab elm və təhsil naziri qəbuldakı rekord rəqəmlərdən, yüksək bal toplayan abituriyentlərdən danışarkən ilk növbədə onların minlərlə, bəlkə on minlərlə manat xərcləmiş valideynlərinə və həmin orta məktəb şagirdlərinə hazırlıq  keçmiş repetitor müəllimlərə, həmçinin kurs rəhbərlərinə təşəkkür etməli idi…
 
Düzdü, həmin repetitor müəllimlərin də əksəriyyəti ümumilikdə Azərbaycan təhsilinin yetirmələridir. Lakin əsasən ali təhsil müəssisələrinin… Eyni zamanda bugünkü şagirdlərə hazırlıq keçən müəllimlərin də xeyli hissəsi, xüsusən gəncləri eyni yolla, yəni məktəbdəki tədris hesabına yox, repetitor yanına getməklə sonda müəllim ola biliblər...
 
Xülasə, kiminsə, hörmətli nazirin özünün və ya digər məmurların, yaxud təhsil ekspertlərinin yazdıqlarımızdan narazılığı varsa, fikir və rəylərini işıqlandırmağa hazırıq… 
 
Amma sonda müəllim ailəsində doğulmuş, halalca əməkdar müəllim adı almış atası yarım əsrdən çox məktəb direktoru və 60 ildən çox müəllim kimi çalışmış, anası və digər  3 ailə üzvü də on illərlə müəllim işləmiş, hazırda övladı da müəllim işləyən bir vətəndaş kimi cənab elm və təhsil nazirindən bir təvəqqem var:
 
Hörmətli Emin müəllim, əgər Azərbaycanda müəllimlərin və nəticədə məktəbin nüfuzunun heç olmasa bir az yüksəldilməsinə nail olmaq istəyirsinizsə, bir həftə sonra baş tutacaq növbədənkənar parlament seçkilərində hansısa “ağır çəkili” namizədlərin özlərinin və ya yuxarılardakı “dayı”larının təzyiqi ilə bəzi yerli qurumların seçki prosesində məktəb direktorlarından və müəllimlərdən alət kimi istifadə etməsinə, onların məntəqə-məntəqə gəzdirilib “karusel”lərdə alçaldılmasına da imkan verməyin…  
 
Sultan Laçın 
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Top xəbərlər
Link kopyalandı!
Son xəbərlər