“Birinin qatı rüşvətxor, korrupsioner, cinayətkar olduğunu, digərinin zinakar, fahişə, efirlərdə gündəlik nümayiş etdirilən davranış və həyat tərzləri ilə bütün milli, dini əxlaqi dəyərlərimizi tapdadıqlarını və s. bilə-bilə onlardan müsahibə, açıqlama götürmək üçün yarışa girən və nəticədə belələrini xalqa, cəmiyyətə, o cümlədən uşaq və gənclərimizə bir nümunə, etalon, kumir, ideal kimi sırıyan, özləri də bu cür xəbər, müsahibə və reportajlarına görə iki gündən bir mükafatlar alan media mənsublarımız deyilmi?..”
“Əksəriyyət bu dünya həyatına “dünya 5 günlükdür – kef elə - nə halal, nə haram”, “bacarana can qurban”, “fərasətin varsa, sən də qazan” düşüncəsi ilə yanaşırsa, ömür boyu ətrafımızda bizi əzən korrupsionerlər, sələmxorlar, əxlaqsızlar, fahişələr meydan sulayacaq... Bir dəfə də bu fikrimi yazmışdım; nə qədər ki, özümüz onlar kimi olmağa çalışırıq, onları yıxa bilməyəcəyik...”
“Bu cür xəbərlər həm də əksəriyyəti maddi cəhətdən ağır şəraitdə yaşayan, normal qidalanıb, istirahət edə bilməyən, şəxsi evləri belə, olmayan insanlarımıza mənəvi-psixoloji cəhətdən çox ağır təsir göstərir...”
-FİKİR SAVAŞI...-
Bu gün nəinki Amerikada, bütün dünyadakı ağlı başında olan və vicdanını, əxlaqını qorumağa çalışan, sadəlik, təvazökarlıq nə olduğunu anlayan bütün insanlar Donald Tramp kimi ən azı 30 maddə ilə müxtəlif cinayətlərdə təqsirləndirilən biri olması o yana dursun, çağdaş bəşəri dildə desək, narsist, yəni özündən müştəbeh, hədsiz təkəbbürlü, ABŞ-dakı, dünyadakı az qala, bütün uğurları öz adına çıxmağa çalışan, Putin kimi işğalçı tiranlara, Kim Çen kimi, Lukaşenko kimi ağıldan kəm diktatorlara rəğbət göstərən birinin demokratiya, tərəqqi, inkişaf beşiyi sayılan, insan haqqlarının qorunduğu bir məkan kimi tanınan bir ölkəyə prezident seçilməsi narahat edir. Lakin çoxları fərqinə varmır ki, müxtəlif ölkələrdə belə məxluqların hakimiyyətə yiyələnməsinin əsas səbəblərindən biri məhz çoxluğun, əksər insanların sadalanan xüsusiyyətlərə rəğbət bəslənməsindədir. Neçə illərdir Amerikada yaşayan siyasi analitik Ərəstun Orucludan soruşdum ki, Tramp kimi birisinin ABŞ-da prezident seçilməsinə necə baxırsız, cavab verdi ki, çünki amerikalıların əksəriyyəti elə Tramp ağıldadır... Bugünkü bəşəriyyətdəki həm dəhşətli, həm də əndrəbadi, heç bir əxlaqa, bəşəri, milli, dini dəyərlərə sığmayan olayları təhlil edərkən belə nəticəyə gəlirəm ki, elə dünyanın da əksər sakinləri Tramp, Putin, Netanyahu ağıldadır... Əks halda bu qədər insani faciələr baş verməz və həmin faciələri törədənlər həyasızcasına Nobel Sülh Mükafatı almaq iştəhasında olmazdı...
Əksəriyyət bu dünya həyatına “dünya 5 günlükdür – kef elə - nə halal, nə haram”, “bacarana can qurban”, “fərasətin varsa, sən də qazan” düşüncəsi ilə yanaşırsa, ömür boyu ətrafımızda bizi əzən korrupsionerlər, sələmxorlar, əxlaqsızlar, fahişələr meydan sulayacaq... Bir dəfə də bu fikrimi yazmışdım; nə qədər ki, özümüz onlar kimi olmağa çalışırıq, onları yıxa bilməyəcəyik...
Düşünürəm ki, planetin Putin kimi faşist, Tramp kimi narsisin əlində olmasının günahlarından böyüyü əsasən jurnalistikada, xüsusən onun şou və siyasi xəbərçilik deyilən qanadındadır. Əks halda Putin kimi, Lukaşenko, Kim Çen kimi, Maduro kimi tiranlar, diktatorlar on illərlə hakimiyyətə yiyələnməz, Kim Kardaşyan kimi erməni fahişələri dünyaca məşhurlaşmaz və Tramp kimi özündən müştəbehlərin yanında onların sözü keçməzdi...
Bir qism müsəlman, türk, ərəb ölkələrinin mediasını çıxmaq şərti ilə dünyanın əksər KİV-i xəbərlər, reportajlar, yazılarda heç bir bəşəri, milli, dini dəyərləri sözün əsil mənasında veclərinə almırlar. Elə müsəlman, türk ölkəsi hesab olunan Azərbaycanda da belədir, nə yazıqlar ki... Birinin qatı korrupsioner, cinayətkar olduğunu, digərinin zinakar, fahişə, efirlərdə gündəlik nümayiş etdirilən davranış və həyat tərzləri ilə bütün milli, dini əxlaqi dəyərlərimizi tapdadıqlarını və s. bilə-bilə onlardan müsahibə, açıqlama götürmək üçün yarışa girən və nəticədə belələrini məşhurlaşdırıb xalqa, cəmiyyətə, o cümlədən uşaq və gənclərimizə bir nümunə, etalon, kumir, ideal kimi sırıyan, özləri də bu cür xəbər, müsahibə və reportajlarına görə iki gündən bir mükafatlar alan media mənsublarımız deyilmi? Mən hələ 90-cı illərdən bəri car çəkirdim ki, cinayətkar, korrupsioner oliqarx məmurlar, deputatlara da, öz həyat tərzləri, teleekranlardakı, səhnələrdəki çıxışları, biabırçı açıqlamaları ilə xalqımıza, uşaq və gənclərimizə açıq-açığına zinakarlığı, fahişəliyi aşılayanlara, bu əxlaqsızlıqları təbliğ edənlərə qarşı müvafuq cinayət maddələri ilə iş qaldırılmalı, üstəlik, mətbuatımız, qəzet,radio və telekanallarımız belələrinə qarşı informasiya boykotu elan etməlidir... Çi fayda... Təəssüf ki, çoxlarının nəfsi bütün dini, milli, mənəvi, əxlaqi dəyərləri üstələdi və nəticəsi də göz qabağındadır. Bu gün heç kəs inkar edə bilməz ki, məmləkətdə korrupsiya da, rüşvət də, zinakarlıq da, fahişəlik də, hər növ şərəfsizlik, mənəviyyatsızlıq da, nakişilik də, namussuzluq da baş alıb gedir... Hər gün əksər aparıcı saytları “Tolik bağını nümayiş etdirdi”, “Pərvin dəbdəbəli villasındakı hovuzundan video paylaşdı”, nə bilim, Aygün Kazımova alt paltarlarını nümayiş etdirdi, başqa bir müğənni küçədə gedə-gedə camaatın gözünün qarşısında paltarını dəyişməklə “cəsarət nümayiş etdirdi”... Rusiyadan gəlmiş hansısa oliqarx, yaxud bloger yaxtasından şəkil paylaşdı və s.
Həmin reklam olunan məxluqlar özləri normal mənəviyyat, əxlaq sahibi olsalar, jurnalistlərə, aparıcılara qəti tapşırarlar ki, mənim bağımı, var-dövlətimi reklam etməyin – bəlkə birinin heç adi evi də yoxdur- ona pis təsir edə bilər. Peyğəmbərimiz bazardan ət, mer-meyvə aldıqda belə, daim örtülü, görünməz qablarda daşımağı tövsiyə edirdi ki, o ərzaqları almağa gücü çatmayanlar onları görüb məyus olmasınlar...
Və bütün bunlarla bərabər neçə illərdir manipulyativ və insanları bilərəkdən dolayan xəbərlər də yayılır: “bu yaxınlarda qazilərin 80 manatlıq müavinəti artırılacaq”, “pensiyaçılara şad xəbər: ayın 15-də pensiyalar ödəniləcək” və s.
Bu cür xəbərlər həm də əksəriyyəti maddi cəhətdən ağır şəraitdə yaşayan, normal qidalanıb, istirahət edə bilməyən, şəxsi evləri belə, olmayan insanlarımıza mənəvi-psixoloji cəhətdən çox ağır təsir göstərir... Və sanki hansısa güclər əksər hissəsi dövlətdən 80 manatlıq müavinətdən savayı heç nə almayan, həm işsiz-gücsüz, həm də xəstə qazilərin, əksəriyyəti həmin korrupsioner oliqarxların, müğənnilərin bircə səhər yeməyinin məbləği qədər pensiya ala bilməyən yaşlı və ahıllarımız, baba və nənələrimizin, iş-güc ucbatından illərdir ki, Rusiyanın Uralında, Sibirində, tayqasında rus “omon”unun dəyənəkləri altında fəhləlik edən, Kreml ilə son dövrdəki münasibətlər ucbatından çoxları həmin iş yerlərini də itirməkdə olan cavanlarımızın və s. acığına belə xəbərlərin çoxalmasına şərait yaradır: filankəsin möhtəşəm vullası, bağ evi, 1 milyonluq lüks avtomobili, yeməki-içməyi və s.
Belə şou və ya yarımsiyasi məqsədli xəbərləri yayanlar sanki istehza ilə sual edirlər:
“Hə, evsizlər, kasıblar, işsizlər, qazilər, Bakının qul bazarında dayananlar, Rusiyada fəhləlik edənlər, necədir, Tolikin bağı, “qalenvagen”i, Pərvinin hovuzu, Röyanın villası, Aygün Kazımovanın imarəti, Brilyantın avtomobili..., xoşunuza gəldimi?..”
İndi, mən soruşuram eyni təbəqələrin insanlarından: “Bu istehzalı, riyakar suala necə cavab versək, yaxşıdır”. Bir azad(!) insan kimi düşünün...
Sultan Laçın