“Sənin nəyinə lazım... Görürsən ki, dünya dağılır, hər yer bombalanır, küçədə getdiyi, evdə yatdığı yerdə neçəsini güllələyirlər, neçəsi kafedə, restoranda bir stəkan çay, qəhvə içib o dünyalıq olur, gərək biri də gələ sənin başına bir güllə çaxa, dincələsən, uşaqların yetim qala...”
Neçə gündür, yenə əhli-külfət, əhli-əqrəba, əhli-məhəllə, dost-tanış qulağımı dəng ediblər ki, ayə, sus, danışma, hamı kimi sən də başını aşağı sal- bir tikə çörəyini qazan- balaların ac qalmasın... Bax, de görək, sənin o boyda dünyanı lərzəyən gətirən, heç kəsi vecinə almadan Ukraynanı viran qoyan Putinlə, “dolayı gəl, dolayı” oxuya-oxuya ona Ukraynanın işğalında faktiki dəstək verən Trampla, elə haman Trampın bütün gövdəsi ilə arxasında durduğundan neçə ildir külli-aləmin gözü qarşısında külli Qəzzanı kül edib 60 mindən çox insanı qətlə yetirən Netanyahu ilə, yaxud haman Putinin sadiq dostu Şimali Koreya diktatoru Kim Çen Inla, elə ondan balaca diktatorla da nə işin var? Heç filankəslərin pulunu kəsən filan nazirlə də işin yoxdur, rayonda obyekt açmadığı nöqtə qalmamış filan icra başçısıyla da işin yoxdur, heç fəhləyə, müəllimə, alimə sanatoriyaya “putyovka”, yəni göndəriş verməyib onları baha qiymətə satdıran həmkorlarla da işin yoxdur, heç məzuniyyətə çıxan müəllimlərdən rüşvət alan filan direktorla da işin yoxdu, heç 10 ildir hazırladığı şagirdlərdən heç biri ali məktəbə qəbul olmayan müəllimlə də işin yoxdur, heç hazırlığa getdiklərinə görə direktorlara rüşvət verib dərsə gəlməyən, qalanları da dərsə azı yarım saat gecikən və bir-iki dərs keçib qaçan uşaqlarla da işin yoxdur, heç ştatda 10 süpürgəçi olduğu halda 20 sinif otağını vaxtlı-vaxtında süpürə bilməyən 3 süpürgəçi ilə də işin yoxdur, heç müəllimlərə vaxtlı-vaxtında artıqlamasıyla “süpürgə” pulu, “8 Mart” pulu, “Müəllim günü” pulu, “istirahət” pulu və s. verib övladlarına “halal” “əla” qiymətlər, ballar yazdıran valideynlərlə də işin yoxdur, heç “kruq”un Azərbaycan türkcəsində dairə, “ruçka”nın qələm, “xaladilnik”in soyuducu, “morojna”nın dondurma olduğunu bilməyən, əvəzində gecə saat 4-5-dək smartfonda qurdalanıb yatmayan uşaqla da, heç gecə səhərədək yataq otağının pəncərəsinin açıldığı parkda ulayıb səni yatmağa qoymayan it-küçüklə də işin yoxdur... A balam, sus, sakit dur, biz də, uşaqların da yaşayaq da...
Sənin nə işinə qalıb filankəs korrupsionerdi, bəhmənkəs rüşvətxor, dələduz və qumarbazdır, biri saxtakardır, o biri müftəxordur, başqa biri yarım, yaxud 80 faiz çılpaq müğənnidir- küçədə soyunub paltarını dəyişməklə, iki gündə bir kişi, ər dəyişməklə fəxr edir, sənin nəyinə lazım filankəslər yığışıb bəhmənkəsləri döyürlər, onlara işgəncə verirlər, səni ki döymürlər, sənə ki işgəncə vermirlər... Sənin nəyinə lazım filan yüksək vəzifəli məmurun, nazirin, yaxud başçının, rəisin filan adada filan adda mehmanxanası var- fərasətin var, bacarırsan- sənin də olsun, sənin nəyinə lazım Kəlbəcər də, Ağdərə də azad olunsa da, Tərtər çayı hələ də bulanıq axır və filan şəhərlərin içindən keçən hissələrində siçan-siçovulların, bütün növ infeksion xəstəlik törədicilərinin oylağına çevrilib, sənin nəyinə lazım filan uşaq xəstəxanasının ətrafını zibillik basıb, sənin ki, həyət-bacan, evin-eşiyin təmizdir...
Əşşi, bəsdir də, dilini özünə qoy, sus da... Görürsən ki, dünya dağılır, hər yer bombalanır, küçədə getdiyi, evdə yatdığı yerdə neçəsini güllələyirlər, neçəsi kafedə, restoranda bir stəkan çay, qəhvə içib o dünyalıq olur, gərək biri də gələ sənin başına bir güllə çaxa, dincələsən, uşaqların yetim qala... Sənin nəyinə lazım, filan şəhərdə, filan qəsəbədə, filan kənddə, filan kücədə bir aydır- su gəlmir... Sənin ki...
Bu yerdə dil-dil ötən əhli-susquna “indi də siz durun, susun” – deyirəm... Bilirsiz, elə mən də susmaq istəyirəm... Fəqət, susmaq üçün lazımdır ki, ağzıma su alam... Amma vallah, onu da tapa bilmirəm axı... 15 gündür bizim küçə də susuzluqdan batır yayın bu cırhacırında... Zəhmət çəkin, bizim məhlədə krandan həyətdəki, evdəki krandan axan bircə qurtum su tapın – mən də onu ağzıma alıb susum...
Sultan Laçın