Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
3293
05 Jun 2025 | 09:50

“İnanın, Allah uşaq və cavanları, bu dünyadan, doğrudan da, sevdiyi üçün aparır...”

“Gəlin riyakarlıq, çoxüzlülük edərək yalandan bir-birimizi tərifləməyək... Bu qədər yalan, şər, böhtan, saxtakarlıq, vicdansızlıq, dələduzluq, qumarbazlıq, rüşvətxorluq, korrupsiya, bu qədər oğurluq, talan... Bu qədər imansızlıq, namussuzluq, əyyaşlıq, əxlaqsızlıq, fahişəlik, zinakarlıq... Bu qədər amansızlıq, vəhşilik, qəddarlıq... - bu çirkab içində uşaq, oğul-qız böyütmək, tərbiyə etmək olar?..”
 
-FİKİR SAVAŞI...-
 
Yəqin, diqqət edirsiz, son illər, xüsusən son iki ildə məmləkətimizdə daha çox uşaq və gənc, o cümlədən 40 yaşınadək insanlar həyatını itirir. Rəsmi məlumata görə, yalnız ötən- 2024-2025-ci tədris ilində Azərbaycanda 76 tələbə vəfat edib...  Bizim gördüyümüz, bildiyimiz səbəblər müxtəlifdir: avtomobil qəzası, ürək tutması, zəhərlənmə, çayda, kanalda, yaxud dənizdə boğulma, hündürlükdən yıxılma, naməlum şəxslər tərəfindən qətl və s. Bəs görəsən, Allah dərgahında azyaşlıların, cavanların dünyadan tez köçməsinin hikməti nədir? Heç düşünmüsünüzmü?..
 
Əvvəllər də yazmışam bunu... Əksəriyyət bir uşağın, bir gəncin, yaşı 40-a -50-yə çatmamış bir insanın bu və ya digər səbəbdən həyatdan köçməsinə görə çox heyfslənir, doğmaları, yaxınları, dostları ağlayır, ah-vay edir, digərləri də onun barəsində “yazıq, bədbəxt bu dünyada bir gün görmədi - uşaq ikən(yaxud gənc ikən) öldü” deyərək ah çəkirlər... Fəqət, əslində  çox vaxt Allah qatında bədbəxt bu dünyadan köçən o uşaqlar, o gənclər deyil, bu fani, günahlı dünyada yaşamağa davam edən bizlərik... Bizlər hələ bilmirik, bundan sonra özümüzün, ailə üzvlərimizin fiziki varlığını davam etdirməsi naminə daha hansı günahlara  batacaq, daha neçə çirkaba bulaşacağıq... Odur ki, biz o uşaqlara, cavanlara yox, öz günümüzə ağlamalıyıq, özümüzü “yazıq, bədbəxt” adlandırmalıyıq...
 
Dünyasını dəyişən uşaqlara, cavanlara ağlayan yaşlılar, böyüklər, hər mənada- vəzifəcə, dövlətcə böyüklər, baxın, görün, bu dünyamızı nə günə qoymuşuq?.. Bu gözəl, altıda, üstüdə qızıl, sərvət olan Vətənimizi, Azərbaycanımızı nəfsimiz, tamahımız, acgözlüyümüzü ucbatından nə qədər çirkaba batırmışıq?.. Gəlin riyakarlıq, çoxüzlülük edərək yalandan bir-birimizi tərifləməyək... Bu qədər yalan, şər, böhtan, saxtakarlıq, vicdansızlıq, dələduzluq, qumarbazlıq, rüşvətxorluq, korrupsiya, bu qədər oğurluq, talan... Bu qədər imansızlıq, namussuzluq, əyyaşlıq, əxlaqsızlıq, fahişəlik, zinakarlıq... Bu qədər amansızlıq, vəhşilik, qəddarlıq... Bunlar yalan deyil, gerçəklikdir... Bu çirkab içində uşaq, oğul-qız böyütmək, tərbiyə etmək olar?.. Onlar biz böyüklərin nəyindən nümunə götürsünlər? Yalançılığımızdan, saxtakarlığımızdan, əxlaqsızlığımızdan, zinakarlığımızdan, qumarbazlığımızdan, rüşvətxorluğumuzdan, talançılığımızdan?.. Nədən, nəyimizdən? Cavab verin! Elə bilirsiz, cavabsız qalacaq bu mənəviyyatsızlığımız, bu cinayətkarlığımız, bu rüşvətxorluğumuz, bu talançılığımız, bu qəddarlığımız... Hamısına görə cavab verəcəksiniz, cavab verəcəyik... Qoy, heç olmasa, o məsum, günahsız körpələr, uşaqlar, o cüzi günahlı gənclər, cavanlar bizim bu misilsiz günahlarımıza şərik olmadan bu dünyadan getsinlər və o dünyada bizimlə birgə cavab verməyə məcbur olmasınlar... 
 
İnanın, elə Allah o uşaqları, o gəncləri biz yaşlılardan, böyüklərdən daha çox sevdiyi üçün aparır... Aparır ki, bizim on illərlə bu ölkəni batırdığımız murdar çirkab bataqlığına, onlar da batmasınlar... Aparır ki, onlar o əbədi dünyada- Axirətdə səadətə, xoşbəxtliyə qovuşsunlar... Biz onlara bu dünyada gerçək səadət, xoşbəxtlik yaşada bilmədik... Biz- bu dünyada o dünyanın varlığını dərk etmədən yaşayan, yaşayan, yaşayan yox, sürünən bədbəxtlər... Gəlin, öz günümüzə ağlayaq...
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər