Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
3712
19 May 2025 | 10:50

“Ərdoğanın suçunu kampaniya edib Azərbaycanın yenidən Rusiyanın ağuşuna atılmasına rəvac verməyək...”

 “Amerikalılar və ruslar olaraq bir-birimizə saldırmayı buraxalım – artıq türklərə qarşı birləşəlim... Anlaşdıkmı?- Anlaşdıq...” 
 
“Türkiyə liderinin Azərbaycana yönəlik son çıxışı sanki 9 mayda İmişlidən verilən bu təxribatçı mesaja “haqq qazandırmağa” yönəldi və “5-ci kalonun”, rusiyapərəstlərin ağzına dil atdı: “Gördünüz Tükiyənin etibarını? Bəs nooldu? “Türkiyə ilə qardaş idiniz?”...”
 
“...Tarixdən yalnız mehribanlığımızı, dostluğumuzu, ümumi düşmənlərə qarşı birgə savaşmağımızı nümunə gətirək...”
 
“Oğul, 1918-də Osmanlı Türkiyəsi, Nuru paşa gəlməsəydi, nə biz Laçında, Qarabağda yaşayacaqdıq, nə də Azərbaycan olacaqdı... Nuru paşa(yaxud Ənvər paşa), səni görüm min yaşa!..”
 
“Azərbaycan və Türkiyə olaraq bir-birimizə saldırmayı buraxalım – artıq düşmənlərə qarşı birləşəlim... Anlaşdıkmı?- Anlaşdıq...”
 
-GÜNÜNÜZ AYDINLIQLA BAŞLANSIN!..-
 
...Bu günlər Rusiyanın Azərbaycandakı “5-ci kalon”u, həmçinin İranın şovinist dairələrinin yetişdirdiyi “əsil möminlər - şiə”lər – iranpərəstlər bayram edir: Azərbaycanın mediası, sosial şəbəkə cameəsi var gücləri ilə Ərdoğanın  -Türkiyənin üzərinə hücuma keçib... 
 
...Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın “Çaldıran türk, kürd, ərəbin ortaq qələbəsidir” sözləri, Şah İsmayıl Xətayinin Osmanlıya münasibəti haqda söylədikləri istər Türkiyənin özündə, istərsə də Azərbaycanda milli və strateji düşüncəyə malik insanlarda heyrət doğurdu...
 
...Öncə sual yaranır: 22 ildir Türkiyəyə liderlik edən, Azərbaycan və digər  müsəlman, türk ölkələrində məhz müsəlman, türk təəssübkeşliyini nümayiş etdirən çıxışlarına görə sevilən, ən nəhayət, Azərbaycanın işğal altındakı Qarabağ, Zəngəzur torpaqlarının azad edilməsində çox önəmli payı olan təcrübəli, peşəkar, özü də ağsaqqal, müdirik yaşında bir siyasətçi bu çıxışını onun nəticələrini ölçüb-biçərəkmi etdi?..
 
Aydındır ki, mövcud durumda Türkiyənin özündə, eləcə də Suriyada, digər qonşu dövlətlərdə yaşayan kürd və ərəblərin rəğbətini qazanmaq vacibdir... Bəs bizlər? Dəfələrlə özünün də Ankarada da, Bakıda da “İki dövlət –bir millət” şüarını qabartdığı Azərbaycanla, 50 milyon türkün yaşadığı İranla münasibətlər necə olsun?.. 
 
At izinin it izinə qarışdığı bu günümüzdə bu tarixi xatırlatmaları edib “qardaş” dediyin insanlarda Türkiyəyə qarşı şübhəli baxışlar oyatmaq və ümumi düşmənlərimizi sevindirmək çox vacib idimi?..
 
...Yoxsa Türkiyə prezidenti əsəblərimizə, həssas mövzumuza toxunmaqla bizim qardaşlıqda nə qədər səbirli olduğumuzu sınayır?..
 
...Bir çox şərhçilər Ərdoğanın bu çıxışının “Şah İsmayıl irsinə sahib çıxmağa çalışan İranın bundan Azərbaycan ictimai rəyində Türkiyəyə qarşı “tarixi düşmənçilik” təbliğatında istifadə etmək” təhlükəsi yaratdığını vurğulayır. Amma Rusiya amili unudulur...  
 
...Əslində Azərbaycanda anti-Türkiyə kampaniyası sapı özümüzdən olanların əli ilə çoxdan başlanmışdı...
 
...Ərdoğanın həmin çıxışından cəmi 5 gün öncə  Rusiya agenturası və “5-ci kalon”unun Azərbaycanda – İmişlidə 9 may “qələbə” günü bəhanəsiylə törətdiyi təxribata və bu tamaşanın əsas “qəhrəmanı”nın ona edilən iradlara cavab olaraq söylədiyi fikirləri xatırlayaq: “Azərbaycanın hər yerində Türkiyə bayraqlarını qaldırmaq olar, amma SSRİ bayraqlarını olmaz?..”
 
Nə yazıqlar ki, Türkiyə liderinin Azərbaycana yönəlik son çıxışı sanki 9 mayda İmişlidən verilən bu təxribatçı mesaja “haqq qazandırmağa” yönəldi və “5-ci kalonun”, rusiyapərəstlərin ağzına dil atdı: “Gördünüz Tükiyənin etibarını? Bəs nooldu? “Türkiyə ilə qardaş idiniz?”, “Bir millət iki dövlət idiniz?”, “Bəs birləşib Turan qururdunuz?” “İndi yenə Türkiyənin bayraqlarını hər yana düzəcəksiniz?”...
 
Oxşar cümlələri şüurlu, yaxud fanatikcəsinə “müsəlman”, “mömin”, “şiə” pərdəsinə bürünmüş iranpərəstlərimiz də deyəcək və bunu da əlavə edəcəklər: “Gördünüz, sünnilərdən bizlərə qardaş olmaz!”... 
 
...Ərdoğanın son mesajı birbaşa Rusiya və onun digər müttəfiqlərinin  Türkiyə və Azərbaycan arasında gerçək uçurum yaratmaq,  1920-ci ildə olduğu kimi Azərbaycanı Türkiyədən tamamilə uzaqlaşdırıb yenidən Rusiyanın ağuşuna atmaq cəhdlərinə xidmət edir... O dövrdə yenicə yaranmış Türkiyə Cümhuriyyətinin çətin durumunda Atatürk Leninlə əməkdaşlığa getməyə və çar Rusiyasından qurtulmuş Azərbaycanın yenidən, bu dəfə bolşevik Rusiyasının müstəmləkəsinə çevrilməsinə göz yummağa məcbur oldu...  
 
Yoxsa neçə illərdir Rusiyanın işğalçı diktatoru Putinlə əməkdaşlıq edən Ərdoğan bilərəkdən və məcburən(!) belə bir addım atır ki, Türkiyə ilə Azərbaycan arasında bütün körpülərin yandırılmasına və uçurum yaranmasına şərait yaransın... Və sabah, Allah eləməmiş, Rusiya Azərbaycanı tam olaraq, ən azı nüfuz dairəsinə qaytaranda artıq ölkəmizdə heç kəsin Türkiyədən imdad diləməyə üzü olmasın...
 
...Ərdoğanın bu çıxışına “xəta”, “səhv”, “yanlışlıq” demək olmaz, bu, birbaşa yalnız Azərbaycan deyil, bütövlükdə Türk dünyası qarşısında bir suçdur, günahdır... 
 
Amma bütün bunlara rəğmən biz gəlin, əsil müsəlman, əsil türk olaraq adil davranaq: 
 
Səhvsiz, xətasız, günahsız insan, eləcə də lider yoxdur. Türkiyənin də, Azərbaycanın da liderləri xəta, günah edə bilər. Tarixdə Osmanlı və Səfəvilərin bir-birlərinə qarşı səhvlərə, suçlara yol verdikləri kimi... Onu  da unutmayaq ki, istər Sultan Səlim, istərsə də Ərdoğan nə qədər qüdrətli lider olsa da – bütövlükdə Türkiyə demək deyil, eləcə də Şah İsmayıl Xətayi və Azərbaycanın çağdaş liderləri də Azərbaycan demək deyil...
 
...Bu gün tarixi çək-çevir etmək, Çaldıran və yaxud digər döyüşdə kimin qalib olmasını isbatlayıb(?) qürrələnmək də yersizdir və düşmənlərimizə daha bir şans verməkdir...
 
...Tarixdən yalnız mehribanlığımızı, dostluğumuzu, ümumi düşmənlərə qarşı birgə savaşmağımızı nümunə gətirək... Xüsusən də Azərbaycan müsəlmanlarının da şəhid olduğu Çanaqqala savaşını və 1918-ci ildə Türkiyə -Osmanlı ordusunun Bakını, əslində bütövlükdə Quzey Azərbaycanı Rusiya, Britaniya, daşnak, bolşevik, eser  və s. tör-töküntülərindən azad etmək üçün bizlərə həlledici və böyük dəstəyini...
 
...Döyüşməyi, o dövrün müasir silahlarıyla düzgün davranmağı öyrənmək üçün könüllü olaraq I Cahan savaşına yollanmış, Polşanın Krakov şəhərinədək gedib çıxmış ulu babam Əbdüləli bəyin hələ sovet dövrünün 1950-1960-cı illərində atama söylədiyi bu sözlər daim qulağımdadır: 
 
“Oğul, 1918-də Osmanlı Türkiyəsi, Nuru paşa gəlməsəydi, nə biz Laçında, Qarabağda yaşayacaqdıq, nə də Azərbaycan olacaqdı... Nuru paşa(yaxud Ənvər paşa), səni görüm min yaşa!..”
 
...Bütün bunları düşünərək Ərdoğanın suçunu kampaniya edib Quzey Azərbaycanın yenidən Rusiyanın ağuşuna atılmasına, Güney Azərbaycandakı soydaşlarımızın isə istiqlal, azadlıq mücadiləsində Türkiyədən ümidlərini üzüb mübarizədən soyumalarına rəvac verməyək...
 
...Gəlin öncə bizi özümüzə və bir-birimizə düşmən edən, ölkələrimizin xalqlarını, sərvətlərini talan etməyə, rüşvətə, korrupsiya vadar edərək əsil düşmənlərimiz qarşısında alçaladan nəfsimizdən, tamahımızdan, şəhvətimizdən qorunaq...
 
...Sonda  həm Azərbaycan, həm Türkiyə tərəfinə, nəhayət, 143-cü seriyasında Türkiyəyə, türk dünyasına qarşı düşmənçiliyin yalnız Qərbdən, Amerikadan deyil, elə öncə yaxın Rusiyadan qaynaqlandığını açıq şəkildə qabardıldığı, MİT-in əməliyyatlarının möhtəşəm səhnələrlə bədiiləşdirildiyi “Təşkilat” filminin elə həmin seriyasının sonunda ABŞ kəşfiyyatının rezidenti qismində ola bir xanımın “ABŞ-ın adamı” maskası altında Rusiyanı təmsil edən digər qadına dediklərini və ikincinin cavabını xatırladıram: 
 
“Amerikalılar və ruslar olaraq bir-birimizə saldırmayı buraxalım – artıq türklərə qarşı birləşəlim... Anlaşdıkmı?- Anlaşdıq...”
 
Gəlin bizdə bu şüarın əksi olaraq belə bir devizlə birləşək:
 
“Azərbaycan və Türkiyə olaraq bir-birimizə saldırmayı buraxalım – artıq düşmənlərə qarşı birləşəlim... Anlaşdıkmı?- Anlaşdıq...”
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər